Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Manşet / “Mirmahmud Mirəlioğlu məndən bir dəfə üzr üstəyib, bu dəfə də istəməli, Nizamnaməyə əməl etməlidir”

“Mirmahmud Mirəlioğlu məndən bir dəfə üzr üstəyib, bu dəfə də istəməli, Nizamnaməyə əməl etməlidir”

Klassik Xalq Cəbhəsi Partiyasında ciddi qalmaqal yaşanması ilə bağlı məlumat vermişdik. Qeyd edək ki, hadisə ilə əlaqədar ilk məlumatı KXCP üzvü Oqtay Gülalıyev öz səhifəsində ictimailəşdirmişdi. Həmin məlumatda qeyd edilirdi ki, KXCP- nin avqustun 26-da keçirilən Ali Məclisin sessiyasına partiya sədrinin gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Vəliyevanı təhqir edib, vurmaq üçün ona hücum çəkiblər. Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün KXCP funksionerləri ilə əlaqə saxladıq. KXCP Ali Məclisinin sözügedən toplantısında iştirak edən Məclis üzvü Firuz İbrahimli “Bakı-Xəbər”ə yayılan məlumatın həqiqət olmadığını bildirdi: “Bütün bunların arxasında bir qrup dayanır. Həmin qrupa Oqtay Gülalıyev rəhbərlik edir. Nisəxanım Vəliyevanı da salıblar öz təhsirlərinin altına. Bir nəfər də var, Elşən Əlisoy. Onu da partiyadan uzaqlaşdırmışıq. Bütün günü partiyanın əleyhinə təbliğat aparırlar. Gərək həqiqəti deyək ki, Nisəxanım Vəliyeva çox əqidəli xanım olub. Hər zaman partiyanın maraqlarını qoruyub. Bu xanımı da Oqtay Gülalıyev qoşdu özünə. Xanım partiya Ali Məclisinin üzvü ola-ola bütün günü sosial şəbəkələrdə partiya rəhbərlərliyini söyüb, təhqir edir. Belə olmaz axı. Sən partiyanın üzvüsənsə, özü də rəhbər qurumda təmsil olunursansa, belə hərəkətlər etməməlisən. Dəfələrlə ona xəbərdarlıq edilsə də, xeyri olmadı. Sonuncu iclasda onu heç kim döyməyib. Əksinə, o bizim üstümüzə hücum çəkib, bizi təhqir edib. Həmin anın videogörüntüləri var. Buyursun versin məhkəməyə, orda sübut edim ki, kim kimə hücum çəkib”. Bundan sonra Nisəxanım Vəliyeva bizimlə əlaqə saxladı və baş verən hadisənin birbaşa iştirakçısı kimi onun da mövqeyinə yer verməyimizi xahiş etdi. Məlum qalmaqalda adı hallanan KXCP Ali Məclisinin üzvü Nisəxanım Vəliyeva ilə olan müsahibəni təqdim edirik.

-Bizim yazdıqlarımızda Sizi nə qane etmir?

-Siz hadisənin baş verməsi ilə bağlı Oqtay Gülalıyevin qeydini düz veribsiniz. Qarşı tərəfin də mövqeyini öyrənməyə borclusunuz. Bunu anlayıram. Ancaq Firuz İbrahimli qarşı tərəf kimi mövqeyini düzgün ifadə etməyib. Əvvəla bildirirəm ki, 25.08.2019-cu il tarixində KXCP qərərgahında keçirilən Ali Məclisdəki olayla bağlı Firuz İbrahimli mənə məsləhət verib ki, “buyursun versin məhkəməyə, orada sübut edim ki, kim kimə hücum çəkib”. Bunu mənə ünvanlamasın. Çünki Məclisdə çəkilişi o edirdi və əlində sübut varsa bunu məhkəməsiz də yaya bilər. Baxmayaraq ki, hər zaman, bütün sessiyalarda M.Mirəlioğlunun göz–qaş işarəsi ilə bəzi məqamların çəkilişini dayandırıb.

-Siz niyə məhkəməyə müraciət etmək istəmirsiniz?

-Mən hansı məhkəməyə verim? Ömrü boyu Əli Kərimlinin adını çəkib onu aşağılayan M.Mirəlioğlu bu məsələdə hakimiyyətin də Əli Kərimli ilə bağlı səsləndirdiyi fikirlərlə üst-üstə düşənləri? Məhkəmələr də bu hakimiyyətin əlindədirsə mən bunu hansı məhkəməyə verə bilərəm? Bundan başqa, Firuz İbrahimli, inanın, iki-üç kəlmə sözü dalbadal deməyi bacarmır. Bu qədər verdiyi müsahibə onun məhsulu deyil. Bu hazırlanmış, ona verilmiş mətndir. Bunu deməyim üçün çox əsaslarım var.

-Sizcə, Firuz İbrahimlinin Ali Məclis üzvü kimi bu məsələyə münasibət bildirmək hüququ və haqqı yoxdur?

-Firuz İbrahimli yalnız sözdə vurub-yıxaramdan danışar, bir də söyüş söyər. Yaxud da “xəstəliyim var” deyə qışqırmaqla qarşısındakını qorxudar. Hesab edirəm ki, mənə qarşı kampaniya eyni mərkəzdən idarə olunur. Sosial şəbəkədə mənim rəylərimdən birinə Masallıdan Elçin İbrahimov, Lənkərandan Azər Şəfiyev eyni anda nöqtə vergülünə kimi eyni mətnlə mənə cavab vermişdilər. Mən soruşduqda Elçin İbrahimov bunu təsadüf adlandırdı. Mən çox dərinə getməsəm də, sözsüz ki, buna inanmadım. -Qarşı tərəf Sizin kimlərinsə təsiri altına düşüb, KXCP rəhbərliyinə bu kampaniyanı apardığınızı deyir. Buna münasibətiniz necədir?

-Firuz İbrahimli deyir ki, Elşən Əlisoyu cəbhədən çıxardıblar. Kişi bu qədər yalan danışmaz. Əksinə, Elşən Əlisoyu çıxarda bilmədikləri üçün Südeyif Sadıqlı, Yaqub Babayev, Azad Məmmədli və Zülfü Mirmahmud Mirəlioğlunun onlara söz verib Ali Məclisdə bunu bacarmadığı səbəbindən istefa veriblər. Daha sonra Mirmahmud Mirəlioğlunun oyunlarından iyrənib özü istefa verib. Bu qədər yalan olar? Bir qadın kişilərin üstünə hücum çəkib, çox gülünc. Mən hücum çəkmişəmsə məni verin məhkəməyə, bu qədər bəsit. Dəfələrlə eşidirəm ki, guya məni kimsə öyrədir, kiminsə təsiri altındayam. Mən 1988-ci ildən bu yoldayam, özümün də 64 yaşım var. Hər şey gözümün qabağında cərəyan etdiyi halda məni kim öyrədə bilər? Oğru elə qışqırar ki, doğrunun bağrı yarılar. M.Mirəlioğlu özü adamlarını öyrədir, elə bilir ki, hamı belədir. Fikirləri üst-üstə düşən insanları qrup adlandırmazlar.

-Sizin Oqtay Gülalıyevlə münasibətləriniz necədi və hazırkı mövqedə olmağınızda onun rolu varmı?

-Bir dəfə Oqtay Gulalıyev Ali Məclisdə zala daxil olanda ona oturmaq üçün qabaqda yer olduğunu bildirdim. O vaxt M.Mirəlioğlu məni öz adamı hesab edirdi. Sonradan məni tənbeh etdi ki, niyə onu qabağa çağırdın? Budur sədrin mahiyyəti? Mən soruşuram, Oqtay Gulalıyevi Milli Şuraya kim aparıb? Yaxud da KXCP-nin elə bir qərarı varmı ki, fərdlər də Milli Şuradan çıxsın? Bir insan bir partiyada ola bilər, amma ictimai qurumlarda olmasına qapılar açıqdır. Elə isə M.Mirəlioğlu min cür qurumlarda özünü göstərir. Harada yazılıb ki, ona olar, başqasına yox?

-KXCP-dən bildirirlər ki, Sizin məsələnizə Ali Məclisdə baxılacağını bildiyiniz üçün orda səs-küy salmısınız…

-Mənim məsələmə Ali Məclisdə baxırlarsa, buyursunlar. Bir dəfə Adil Mikayıllı, bir dəfə də Vaqif Babayev bu məsələni qaldırıb. Firuz İbrahimlinin xatirinə dəymək olmaz, qoy o da mənim məsələmi gündəmə gətirsin. KXCP-yə öz evi kimi baxan Nisəxanım üçün KXCP 15.10.2017-ci ildə bitib. Ruhum gedib, qalan cismimdir ki, M.Mirəlioğlunun nə vaxt qurultay çağıracağını gözləyir. Bir ildir ki, səlahiyyətsiz partiyanı idarə edir. Firuz İbrahimli qoy bu barədə danışsın. Oqtay Gulalıyev KXCP üzvüdür, onu M.Mirəlioğlu Ali Məclisdən xaric etdi, lakin KXCP üzvü olmayan Zülfünün mənə hücumuna susaraq, oturub məmnunluqla tamaşa etdi. Hətta ona kürsüdə danışmaq üçün söz də veriblər. Mirmahmud Mirəlioğlu Zülfünün dili ilə Ali Məclis sədri Bəybala Əbilə qarşı danışdıtdırır. Cəbhəçi olmayan Bəybalanın getməsini hansı haqla deyir? Guya arxasında 400 nəfər kişi Bəybalanın getməsini gözləyir.

-Sizin əsas hədəfiniz partiya sədridir, yoxsa partiyadaxili demokratiyanı təmin etmək istəyirsiniz?

– Bütün bunlara baxmayaraq, mənim davam M.Mirəlioğlunu müdafiə edənlərlə deyil. Çünki vaxtilə mənim də gözlərimin kor olan vaxtı olub, onu tanımamışam. Mərkəzə doğru gəldikcə tanımalar baş verir. M.Mirəlioğlu məndən bir dəfə üzr üstəyib, bu dəfə də istəməli, Nizamnaməyə əməl etməlidir. Əks təqdirdə davam edəcəm.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Demişdim ki, sənin yeddi şərtini zibil yeşiyinə atıram”

“Hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan …