Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Mirkazım Seyidov: “Mükəmməl nəticə əldə etmək üçün kadrlar “xalqın dilini” daha yaxşı bilməlidirlər”

Mirkazım Seyidov: “Mükəmməl nəticə əldə etmək üçün kadrlar “xalqın dilini” daha yaxşı bilməlidirlər”

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə davam etdirilib.

 Keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub. Məlum olub ki, Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib. Hakim Əli Məmmədov deyib ki, aidiyyəti orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir.

 Bundan başqa, Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib.

Məhkəmə Nurlana Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək.

Çox maraqlıdır, uzun müddət hakim partiyada və  aparıcı təhsil ocaqlarında rəhbər vəzifə tutan bu xanım cadu əməlindən danışır. Eyni zamanda, adı böyük korrupsiya qalmaqalında hallanır və məhkəməyə gəlməkdən məqsədli olaraq yayınır. Belə reputasiyada olan adamları yaxşı kadr olaraq  ali rəhbərliyə  kimlər təqdim edir ki, sonra onlar yüksək postlara təyinatlar ala bilirlər?

Bir neçə tanınmış YAP-çı bizim bu sualımızı cavablandırmaqdan imtina etdi. Yəqin uzun illərdən bəri olan partiyadaşlıq mövqeyi onlara bəzi həqiqətləri etiraf etməyə imkan vermədi.

Heydər Əliyev irsinin dərin araşdırıcısı, Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə faktorlar hakimiyyətin nüfuzuna ciddi təsir edir: “Təəssüflər olsun ki, biz hakim partiyada təmsil olunan və böyük etimad göstərilən adamların da əməllərində neqativliklərin şahidi oluruq. Bir neçə il əvvəl icra başçıları ilə bağlı əməliyyatlar keçirildi. Onlar rüşvət aldıqları yerdə yaxalandılar. Əmliyyat çəkilişləri nümayiş edildi. Mən elə bildim ki, həmin dalğadan sonra icra başçıları öz işlərində dönüş yaradarlar.

Ancaq biz yenə də bəzi icra başçılarının əməllərində neqativlikləri görürük. Nurlana Əliyeva uzun müddət hakim partiyada Qadınlar Şurasına rəhbərlik edib. Sonra partiyada aparılan struktur islahatlarına görə vəzifəsini itirməli oldu. Ona böyük etimad göstərib, tanınmış bir ali təhsil ocağına rektor təyin etdilər.  Görünür, orada da lazımi şəkildə fəaliyyət göstərə bilməyib ki, belə neqativliklər ortaya çıxıb. Onun tabeliyində rəhbər vəzifədə olan bir xanımı korrupsiya əməlinə görə məsuliyyətə cəlb ediblər. Həmin şəxs bu əməlləri rektorla əlbir törətdiyini deyir. Nurlana xanım bunu təkzib etsə də, onun məsuliyyətdə payı var.

Çünki bütün bu neqativlik onun rəhbərliyi altında baş verib. Cinayətdə əli yoxdursa belə, məsuliyyətdə payı var. Deməli, yaxşı rəhbərlik edə bilməyib  ki,  belə hallar yaşanıb. Burada onun üzərinə ən böyük mənəvi məsuliyyət düşür. Mən Nurlana xanımın düşüncə tərzinə də “heyran”  qaldım. Bu qədər vəzifələr tutan bir xanım cadudan danışır. Çox böyük biabırçılıqdı. Belə ranqda olan adam cadu ilə mübarizə aparırsa, onda universitet tələbələrinə və ya tabeliyində olan xanımlara nəyi öyrədib? Xanımın məhkəmədən yayınması da bir başqa mövzudur. Belə qənaətə gəlinir ki, zamanında ölkə rəhbərliyinə bəzi kadrlarla  bağlı dolğun və düzgün məlumat verməyiblər. Ölkə başçısı hamını personal olaraq tanıya bilməz. Bu yöndə işləyən, kadr təqdimatını edən qurumlar elə etməlidirlər ki, sonra belə neqativ hallar  üzə çıxmasın.

Təəssüf ki, bir çox hallarda bu cür hadisələrdən doğru nəticələr çıxarılmır. Hesab edirəm ki, yüksək etimad göstərilən kadrlarla bağlı araşdırmalar daha dərindən aparılmaldır. Gənc kadrların sırasında da belələrinə rast gəlinir. Xaricdə təhsil almaq, xarici dil bilgisi kadr üçün üstün keyfiyyətdir, amma bu da yetərli deyil. Mükəmməl nəticə əldə etmək üçün kadrlar “xalqın dilini” daha yaxşı bilməlidirlər  ki, ortada yaxşı nümunələr olsun”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …