Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / Mirkazım Seyidov: “Hətta sədrlikdən gedən adamın öz yerinə övladını, bacısını sədr gətirdiyi kimi nümunələr də var”

Mirkazım Seyidov: “Hətta sədrlikdən gedən adamın öz yerinə övladını, bacısını sədr gətirdiyi kimi nümunələr də var”

Azərbaycanda üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən partiyaların ləğvi barədə Apellyasiya Məhkəməsində iddia qaldırılacaq. Bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin versiyasında keçid müddəalarında əksini tapıb.

Beləliklə, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. Bu məlumat daxil olduğu tarixdən 15 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim etməlidir.

Layihədə partiyaların qeydiyyatının hansı hallarda ləğv ediləcəyi barədə müddəalar nəzərdə tutulub.  Belə ki, qanunun 9-cu maddəsinə əsasən, siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

 Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:

– siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda;

– bu Qanunda nəzərdə tutulmuş hallarda;

– fəaliyyəti dayandırılmış siyasi partiya bu Qanunun tələblərini pozduqda;

– Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə.

Yəqin ki, bundan sonra mənasız boykot taktikasını seçən partiyalar tam fərqli addımlar atmalı olacaqlar.

Yeni yaradılıan Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, siyasi partiyalarla bağlı yeni qanunun qəbul edilməsi alqışlanılası haldır: “ Bu istiqamətdə addımın atılmasına çoxdan ehtiyac vardı. Hər bir siyasi partiyanın ali məqsədi hakimiyyətə gəlmək olmalıdır. Bunun da yolu seçkidə iştirakdan keçir. Bu marafonlarda iştirak etməyən partiyanın mövcudluğu  da lazım deyil. Bizim qeydiyyatdan keçən siyasi partiyaların çoxunun yalnız adı və möhürü var. Bizdə hökümətin çətiri altında olan və radikal partiyalar var. Birincilərə dəstək hakimiyyətdən gəlir, digərlərinə isə xaricdən. Bir çox partiya sədrləri rəhbəri olduqları partiyalara dolanışıq mənbəyi, ailə mülkiyyəti kimi baxırlar. Hətta sədrlikdən gedən adamın öz yerinə övladını, bacısını sədr gətirdiyi  kimi nümunələr də var. Siyasi partiya adı ilə belə manipulyasiyalar olmaz.  Qeydiyyat üçün üzvlərin sayının 10 min olması tələbi də çox normaldır. Hər hansı siyasi partiya öz ətrafına 10 min insan cəlb edə bilmirsə, onda onun fəaliyyəti də heç kimə lazım deyil. Bizim partiya qısa müddətdə bu baryeri aşa bilib. Artım da intensiv gedir. Ancaq siyasi partiyaların qeydiyyata alınması məsələsində boşluqlar var. Elə partiya var ki, yarandığını elan edəndən bir ay sonra qeydiyyata alınır, eləsi də var illərdi sürünür. Bu ikili yanaşma aradan qalxmalıdır. Biz iki ildən artıqdır ki, qeydiyyata alınmırıq. Bəhanələr də çox primitivdir. Yeni qanun əladır, onların işlək mexanizmini təmin etməliyik. Əks təqdirdə biz yenə də ictimai rəyə təsiri olmayan partiya bolluğu ilə rastlaşacağıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …