Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Milli təhlükəsizlik nazirinin sabiq müavini Heydər Əliyevlə “məhdud çevrə” söhbətlərindən danışdı…

Milli təhlükəsizlik nazirinin sabiq müavini Heydər Əliyevlə “məhdud çevrə” söhbətlərindən danışdı…

Bugünlərdə iştirak etdiyim məclislərdən birində çox maraqlı bir adamla rastlaşdım. Təsadüfən bir masa arxasında əyləşmişdik. Həmin adamın kifayət qədər yaşının olmasına baxmayaraq, hamı ilə öz dilində danışmağı bacarırdı.

Yəni cavanla cavan, yaşlı ilə yaşlı kimi. Bir sözlə, darıxdırıcı adam deyildi. Jurnalist olduğumu biləndən sonra hiss etdim ki, mənimlə daha da isinişdi. Siyasi prosesləri və ölkənin üzdə olan adamlarını yaxşı tanıdığı üçün mənə ağsaqqalın  cavanlığında hansı  işlə məşğul olduğu çox maraqlı gəldi. Mən də peşə “xəstəliyinə” uyğun olaraq, ağsaqqala çoxlu suallar verməyə başladım. Söhbət mərhum  Heydər Əliyevin idarəetmə bacarığından düşdü. Hiss etdim ki, ağsaqqal  dahi şəxsiyyətlə bağlı heç yerdə eşitmədiyimiz misalları çəkir. Nəhayət yanındakı  dostu onu tam təfərrüatı ilə mənə təqdim etdi.  Sən demə, bu adam bir vaxtlar Naxçıvan Muxtar Respublikası Milli təhlükəsizlik nazirinin  müavini vəzifəsində işləmiş Faiq Hacıyevdir. Faiq müəllim mərhum Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri işlədiyi dönəmdə onunla yaxın təmaslarda olub.  Heydər Əliyevin fenomenal yaddaşı və  prosesləri öncədən proqnozlaşdırma qabiliyyəti barədə ətraflı izah vermək üçün  özünün də iştirakçısı olduğu maraqlı bir hadisəni nəql etdi:

“Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri olduğu dönəmdə həmin vaxt onun “demblok”dan olan müavinləri – Asif Kələntərli və Qafar müəllim tələb irəli sürürlər ki, Azərbaycanın digər yerlərində olduğu kimi, Naxçıvanda da idarəetmədə  icra hakimiyyətləri sisteminə keçmək lazımdır.  Həmin vaxt Naxçıvanda Xalq Deputatları Soveti adlı qurum fəaliyyət göstərirdi. Heydər Əliyev dar çərçivədə bu mövzunun müzakirəsini təklif edir. Həmin iclasda iştirak etmək üçün MR-in o vaxtkı milli təhlükəsizlik nazirini də dəvət edir. Nədənsə, nazir həmin iclasda iştirakdan yayındı və  yerinə məni göndərdi.  Toplantı başlayan kimi gördük ki, icra hakimiyyətləri modelinə keçməyi təklif edənlər öz istəklərini müdafiə etmirlər. Yəni iddialarından imtina edirlər. Həmin vaxt Ali Məclis sədrinin birinci müavini olan Rəşid Həsənov təklif etdi ki, onda bu təklifi irəli sürənləri cəzalandırmaq lazımdır. Heydər Əliyev dedi ki, cəzlandırmağı o hamıdan yaxşı bacarır, amma gərək yoxdur.  Elə həmin vaxt mən iclasda məşhur türk şairinin belə bir misrasını kağıza yazıb, iclasın təşəbbüsçkürlarından birinə ötürdüm. Şeirin məzmunu belə idi:

Düzənbazlar aldı ələ dövləti
Talan var ha bəylər, talan var, talan
Demokrasi türküləri söylənir
Yalan var ha, bəylər, yalan var

Bir heç ikən iki ildə milyoner olan var, ha bəylər , olan var
Bu gedişi ta kökündən yıxmağa gələn var, ha gələn var

Deməli, mən bu kağızı Asif Kələntərliyə ötürəndə Heydər Əliyev bunu gördü. Bir neçə gündən sonra məni kabinetinə çağırıb soruşdu ki, ötürdüyüm kağız nə olub? Necə varsa elə də dedim. Hiss etdim ki, Heydər Əliyevin mənim ötürdüyüm kağızdakı məzmundan tam xəbəri var. Çox güman ki, Asif Kələntərlidən alıb, tanış olmuşdu. Gördü ki, mən nə varsa düz danışıram və mənə belə bir sual verdi: Faiq, bəs gələn kimdir? Mən dərhal dedim ki, gələn Bördeldi. Mən gözləyirdim ki, Heydər Əliyev məndən Bördelin kim olduğu ilə maraqlanacaq. Ancaq bunu etmədi. Bir onu  dedi ki, Bördelə denən Bakıya birbaşa deyil,  gəlib Naxçıvandan getsin. Mən, təbiidir ki, gələcək adam kimi Heydər Əliyevi nəzərdə tutub, həmin şeiri yazmışdım. Ancaq sorğu-suala çəkiləndə  yazışı Ulyam Smitin  yaratdığı  Bördel (olmayan adam)  adlı personajın adını çəkdim ki, bir az  məsuliyyətdən yayınam. Gördüm ki, dahi şəxsiyyət həm Bördel barədə məlumatlıdır, həm də özünün məhz Naxçıvandan siyasi tramplinə gedəcəyini dəqiq bilirmiş”.

Faiq müəllim söz verdi ki, vaxt olduqca belə maraqlı xatirələrini bizimlə bölüşəcək.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …