Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / Milli Şura adlanan müxalifət qurumunun Qarabağ qələbəsini uğursuz təftiş etmək siyasəti …

Milli Şura adlanan müxalifət qurumunun Qarabağ qələbəsini uğursuz təftiş etmək siyasəti …

Ermənistanı  etiraz aksiyaları bürüyüb. Nümayişə çıxanlar Azərbaycanla bağlanan üçtərəfli bəyanatın onlar üçün təslimçi mahiyyət daşıdığını və erməni xalqını alçatdığını deyirlər. Bunu, hətta sənədi imzalayan Paşinyan belə etiraf edir.

Kapitulyasiyaya imza atmasının səbəbini isə daha ağır duruma düşməmək niyyətilə izah edib. Bir neçə gündür ki, Rusiya televiziyalarında  Azərbaycanın qələbəsi aktiv müzakirə olunur və gözlənildiyi kimi, narazılar az deyil. Bu normaldır. Anormal olan isə odur ki, bu qələbə ilə razılaşmayan daxili qüvvələr də var. Konkret Milli Şura adlı qurum az qalır deyə ki, Azərbaycan təslimçi sülhə imza atıb. Çox maraqlıdır ki, onlar bu qədər nailiyyəti görmür və sayı heç iki minə çatmayan rus sülhməramlı kontingentini az qalırlar Azərbaycanı işğal edən ordu kimi qələmə versinlər. Təbiidir ki, Milli Şuranın bu mövqeyilə razılaşmayanlar çoxluq təşkil edir.

  • Aydın Quliyev: “Az qalırlar hətta bunu da desinlər ki…”

“Bakı-Xəbər” qəzetiinin  Baş redaktoru Aydın Quliyev özünün “Facebook” səhifəsində məsələyə  münasibət bildirib. Baş redaktorun sözlərinə görə, radikal müxalifət az qalır desin ki, “İlham Əliyev Qarabağı almaqda səhv edib”: “Ermənistanın ali hərbi-siyasi rəhbərliyi açıq mətnlə etiraf edir ki, biz Azərbaycanın qabağında dayana bilmədik və tam məhv olaraq hər şeyi itirməkdən xilas olmaq üçün torpaqları qoyub çıxdıq. Nyu-Yorkda dilini bir metr uzadaraq “yeni əraziləri işğal etmək üçün yeni müharibəyə hazırlıq” konsepsiyasını bəyan edən Müdafiə naziri Tonoyan indi miskin bir tərzdə deyir ki, Hadrutda 30 Azərbaycan əsgərinin qabağından qaçan 1500 əsgərimizin qarşısını ala bilmədik. Ermənistan üçün yenilənmiş  Milli Təhlükəsizlik Konsepsiyasının “şanlı” müəllifi Tonoyanın Nyu-Yorkda yekə-yekə dediyi o sözlər hara, bugünkü miskinlik hara…

Bu sayaq alçalmış insan etiraflarını baş qərargah rəisi, Paşinyan özü və qondarma “Arsax”ın  “lideri” Arutunyan da edib. Konkret deyiblər ki, Qarabağı əsl sahibinə qaytarmalı idik və buna məcbur olduq. Azərbaycana ərazilərimizin azad edilməsi və torpaq bütövlüyümüzün bərpası lazım idi, onu da Prezident, ordumuz və xalqımız etdi… Bəs Azərbaycanda özünü müxalifət adlandıran bəziləri nə deyib, nə yazırlar?  Onların sosial şəbəkə hesablarının bəzilərini izləmək yetərlidir. İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və başqaları… Az qalırlar, hətta bunu da desinlər ki, “İlham Əliyev Qarabağı geri almaqda səhv edib”.

Bu nə dövlətçi, nə vətənpərvər, nə də müxalifətçilik mövqeyidir. Müxalifətçiliklə MİZANTROPİYANIN (siyasətlə məşqul olanlar bu terminin nə olduğunu bilir) fərqi var və olmalıdır…”

  • Musa Musayev: “Cavab versinlər görək, bu Vətən müharibəsində hansının övladı və yaxınları müharibədə iştirak edib və yaxud şəhidlik zirvəsinə ucalıb”

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  həmin bəyanatla tanışdır: “Oxudum,  görünən budur ki, yenə də suyu bulandırıb balıq tutmağa çalışanlar var. Deyirlər ki, rus ordusunu biz Azərbaycandan çıxarmışdıq, yenidən ruslar Azərbaycana döndü. Əvvəla, rus ordusunu ilk dəfə Heydər Əliyev Naxçıvandan çıxardı və onların bütün silah-sursatı Naxçıvana təhvil verildi. Milli Şura yaxşı olar ki, 1992-1993- cü illərdə erməniyə təhvil verdikləri 20 faiz torpaqlardan, məğlub olmaqla bərabər minlərlə şəhid verilməsindən, hakimiyyətə top-tüfəng üzərində küçədən  gəlib, bir ildən sonra vəzifələrini dondurmaqlarından, Surət Hüseynovun qorxusundan Ulu öndərə yalvarmaqlarından, Azadlıq meydanında qurulacaq  “dar ağaclarından” asılmaqdan qurtulmaqlarından və sairədən danışınlar. Ermənilərin iki ilə işğal etdikləri ərazilərimizin 44 günə azad edilməsindən, ermənilərin diz çökməsindən niyə danışmırlar? Görünür, torpaqlarımızın işğalda qalması Milli Şuraya  sərf edirmiş ki, bunu əldə əsas tutaraq küçələrdə hay-küy qoparsınlar və xaricdən qrant alsınlar. Milli Şuraya məsləhətim budur: bəsdir erməni dəyirmanına su tökdünüz. Milli sözü onlara yaraşmır, özlərinə yeni ad tapsınlar. Millətin heysiyyəti ilə oynamasınlar. Cavab versinlər, görək bu Vətən müharibəsində hansının övladı və yaxınları müharibədə iştirak edib və yaxud şəhidlik zirvəsinə ucalıb”

Doğrudan da maraqlıdır, düşmən real vəziyyəti özləri üçün milli faciə adlandırırsa, bizim radikallar niyə və nədən narazıdır…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“İqbal Ağazadədən başqa, xalqla işləyən müxalif partiya sədrinə rast gəlmədim” – VİDEOMÜSAHİBƏ

Böyük Dayaq Partiyasının (BDP) TK-nin sədri Mirkazım Seyidov Azinforum.az-saytına verdiyi geniş videomüsahibə Azərbaycanda və regionda …