Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Köşə Yazarları / Milli ideya, milli mənafe, dövlət maraqları olan yerdə etnik kimlik arxa plana keçir – Nadir Qocabəyli yazır

Milli ideya, milli mənafe, dövlət maraqları olan yerdə etnik kimlik arxa plana keçir – Nadir Qocabəyli yazır

Dünən mənə bir sual ünvanlandı: Azərbaycanda aparıcı etnosun türklər olduğunu nəylə müəyyən edirsiniz?

Əzizlərim, bunu mən müəyyən etmirəm. Bu obyektiv tarixi gerçəklik, Azərbaycanın taleyidir və hesab edirəm ki, buna qısqanc yanaşmaq yersizdir. Necə ki, Rusiyada ruslar, İranda farslar, Amerikada ingilislər, Almaniyada almanlar, Fransada fransızlar, İspaniyada ispanlar aparıcıdır, Azərbaycanda da bu funksiya türklərin üzərinə düşür. Bu heç də digərlərinin 2-ci növ olması anlamına gəlmir.

Dünyada 3 mindən artıq millət, cəmi 200 dövlət var. 200 dövlətin hamısını həmin ölkələrin ən qabaqcıl, sayca daha çox, daha fəal və passionar etnosları qurublar. Bəli, onların arasında digər azsaylı millətlərin də nümayəndələri olub, ancaq onlar aparıcı etnosun iradəsinə əsaslanan milli ideyanı qəbul ediblər.

Milli ideya, milli mənafe, dövlət maraqları olan yerdə etnik kimlik arxa plana keçir. Buna aid yüzlərlə misal var. Gürcü Cuğaşvili özünü rus Stalin sayırdı. Bu haqda tarixi faktlar var. Türk Xameneyi türklüyü haqda danışmaq belə istəmir, çünki fars millətçiliyi ideologiyasına əsaslanan İran dövlətinə xidmət edir. Əgər türkçülük etsə, o postda bir gün də qala bilməz. Nəcməddin Ərbakanın etnik gürcü olduğu deyilirdi, amma bircə dəfə bunu dilinə gətirdimi? Yox! Belə də olmalıdır. Çünki Türkiyə türk dövlətidir, Rusiya rus dövlətidir, İran da fars dövləti.

Keçirəm Azərbaycana. Biz hər nə qədər özümüzə “azərbaycanlı”, dilimizə “azərbaycan dili” desək də, Azərbaycan ərazi, ölkə adıdır. Hamımız da bilirik onun ərazisində irili-xırdalı müxtəlif etnoslar yaşayır və onun ən çoxsaylısı, fəalı, avanqardı Azərbaycan türkləridir. Bu yenə də deyirəm, tarixi-siyasi obyektiv gerçəklik, zərurətdir. Mən bunu türk olduğuma görə demirəm. Əgər qeyri-türk olsaydım da deyərdim. Necə ki, Rusiya, İran və digər ölkələr haqqında deyir, yazıram.

Türklər niyə Azərbaycanda əsas etnosdur? İlk növbədə ona görə ki, hazırda istifadə etdiyimiz dil onlara məxsusdur. Bu dili necə adlandırmağımızdan asılı olmayaraq, o, türk dilidir. Türk dilləri ailəsinin Oğuz qrupuna aiddir və ölkədə əsas ünsiyyət vasitəsidir. Dövlət dilidir. Azərbaycanda hamı bu dildə danışır, ünsiyyət qurur, yazır, yaradır, sənədləşmə aparır və s.

Bir şeyi də bilmək lazımdır ki, bu məsələ göydəndüşmə deyil. Bu dili yaradanlar, yaşadanlar, gətirib bu günə çıxaranlar, bu yolda əziyyət çəkənlər, özünü qurban verənlər, repressiyaya uğrayanlar olub. Dilin adı bir neçə dəfə dəyişdirilsə də, özü qorunub və bunu məhz onun əsas daşıyıcıları ediblər.

Bəli, bu prosesdə türk olmayanlar da iştirak edib. Çox düzgün də ediblər. Onlar bunu həm milli mənafe naminə, həm də şəxsi maraqları üçün ediblər. Bu da çox normaldır. Məsələn, Süleyman Rəhimovun milliyyətcə kürd olduğu deyilir. Ancaq o məhz azərbaycanca (türkcə) gözəl əsərlər yaradıb. Bununla həm Azərbaycan ədəbiyyatını zənginləşdirib, həm də şəxsi nüfuz qazanıb, bu əsərlər hesabına xalq yazıçısı, sayılıb-seçilən bir adam olub. Həyatını bu sayədə təmin edib. İndi gəlin görək o, kürd dilində yazsaydı, bunları əldə edə bilərdimi? Yox. Çünki əvvəla onu bu ölkədə çox az adam başa düşəcəkdi. İkincisi, etiraf edək ki, kürd dilinin imkanları azərbaycan dilinin imkanları qədər geniş deyil. Buna görə də, nə xalqa xeyri dəyəcəkdi, nə də özünə.

Süleyman Rəhimovu sadəcə bir örnək olaraq verdim. Bu məsələ təkcə ədəbiyyat yox, bütün sahələr üçün keçərlidir. Əgər Canəli Əkbərov muğamları talış dilində oxusaydı, bu qədər geniş auditoriyaya çıxa bilməzdi. İbrahim Tatlısəs kürd dilində oxusaydı, bu qədər pərəstişkarı olmazdı. Misallar çoxdur.

Etnik mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkədə aparıcı mədəniyyət, dil, ideologiya lokomotiv rolunu oynayır. Gəlin düşünək: Azərbaycanı Azərbaycan edən nələr və kimlərdir. Əlbəttə, ağlımıza ilk növbədə dilimizi, ədəbiyyatımızı, mədəniyyətimnizi, milli ideologiyamızı, bayrağımızı, digər dövlət atributlarımızı yaradan, yaşadan, qoruyan, inkişaf etdirən insanlar gəlir. Onların arasında etnik baxımdan qeyri türklər də var, ancaq onlar öz etnik kimliklərini milli kimlikdən arxa plana keçiriblər. Çünki başqa cür ola da bilməz. Axundov, Cəlil Məmmədquluzadə, Sabir, Rəsulzadə, Nərimanov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Elçibəy, Heydər Əliyev, İlham Əliyev, Anar, Ramiz Rövşən, Əkrəm Əylisli və s. Hamının adını yazıb uzunçuluq etmək istəmirəm, ancaq çoxluğu türk mənşəlilər təşkil edir. Bu da təbiidir, çünki sayca ən çox onlardır. Qeyri-türk olanlar da onların yoluyla gediblər, çünki bunun da alternativi yoxdur.

Bu səbəblərdən dünən yazdım ki, bu ölkədə aparıcı milli iradədən kənar heç nə baş verə bilməz. İstər Avropaya, istər Avrasiyaya inteqrasiya olsun, istərsə də Türk Birliyi istiqamətində atılacaq addımlar. Təbii ki, hər bir ağıllı təşəbbüs, fikir nəzərə alınmalıdır. Ancaq həlledici çoxluğun iradəsidir.

Düşünürəm ki, fikrimi izah etdim. Qərəzli, köndələn nəsə yazanı dərhal uzaqlaşdıracağam. Ağıllı arqumentləri, daha tutarlı dəlilləri olan buyursun.

Həmçinin oxuyun

Məzarı olmayan şəhid

30 noyabr Şəhid Rövşən Sabir oğlu Lalayevin doğum günüdür. Yaşasaydı, yaxınlarıyla birgə 46 yaşını qeyd edərdi. 1975-ci …