Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Manşet / Media kapitanları Arif Əliyevin iddialarına cavab verdi

Media kapitanları Arif Əliyevin iddialarına cavab verdi

Məlum olduğu kimi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu on ilə yaxın bir müddətdə qəzetlərin maliyyələşdirilməsi meyarlarında növbəti dəfə dəyişiklik edib. 2010-cu ildən indiyədək Fond maliyyələşdirmə üçün əsas meyarlar olan çap tirajı və yayım sayını dörd dəfə yeniləşdirib. Nəticədə, məsələn, meyar olaraq çap tirajı 5 min, yayım nüsxələri 2 minin üstündə sonuncu dəfə qərarlaşıb. 

KİVDF bu yeni meyarları göydəndüşmə elan etmədi. Hələ ötən ilin yayında qəzetlərlə müqavilə imzalayanda icraçı direktor Vüqar Səfərli hamıya açıq demişdi ki, 2019-cu ildə maliyyələşmənin bir qədər sərtləşdirilmiş meyarları tətbiq olunacaq və hər bir qəzet yeni meyarlarla ayaqlaşmaq üçün işini indidən bilməlidir. Yeni meyarlara keçmək üçün KİVDF rəhbərliyi 2018-ci il dekabrın sonlarında 6 yox, 3 aylıq maliyyələşdirmə dövrü üçün müsabiqə şərtlərini elan etdi, bu il yanvarın əvvəllərində qəzetlərlə 3 aylıq dövr üçün müqavilə imzaladı, bir neçə həftədən sonra isə növbəti 3 aylıq dövr – aprel-iyun ayları üçün yeni meyarlar əsasında müsabiqənin şərtlərini elan etdi, qəzetlərlə az əvvəl imzalanmış 3 aylıq müqavilə öhdəliklərini pozmadan, sadəcə, növbəti 3 ay üçün yeni meyarları iki ay qabaqcadan elan etməklə qəzetlərə özlərini toparlamaq üçün son dəfə ikiaylıq hazırlıq fürsəti verdi. Hazırda 30-dan çox qəzet həm köhnə, lakin qüvvədə olan şərtlərlə çapını davam etdirir, həm də təzə meyarlar əsasında ikinci 3 aylıqda da çapını davam etdirmək üçün özündə güc hiss edən qəzetlər fəal hazırlıqlar içindədirlər. Ancaq təəssüflər olsun ki, özünü media mütəxəssisi sayan bəzi adamlar mövzuya qərəzli yanaşaraq, həqiqətə uyğun olmayan fikirlər söyləyirlər.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev son müsahibəsində bildirib ki, guya Azərbaycanda 20 qəzetin fəaliyyəti dayandırılıb və cəmi 10 qəzetin nəşrinə icazə verilib(?). Daha sonra qeyd edib ki, dövlətin qəzetlərə göstərdiyi yardım jurnalistlərin müstəqilliyini əlindən alıb. Ən sonda isə A.Əliyev məsələni öz arşını ilə ölçərək, qeyd edir ki, KİVDF-nin 10 il ərzində yürütdüyü media siyasəti iflasa uğradı. A.Əliyevin səsləndirdiyi bu iddialara tanınmış qəzet baş redaktorlarının fikirlərini oyrənmək qərarına gəldik.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, A.Əliyevin fikirləri ilə razı deyil: “KİVDF kifayət qədər uğurlu bir layihədir və özünü tam doğruldub.  İndiyə qədərki fəaliyyəti dövründə KİVDF kifayət qədər uğurlu layihə həyata keçirib. Peşəkarlığın artırılması, qəzetlərin texniki bazasının yaxşılaşdırılması da məhz bu Fondun dəstəyilə həyata keçirilib. Dövlətin bu istiqamətdə yürütdüyü media siyasəti çox uğurlu alınıb”.

“Ədalət” qəzetinin təsisçisi Aqil Abbas da KİVDF-nin uğursuz layihə olduğu və özünü doğrultmadığı fikri ilə razılaşmır:“Niyə belə deyirlər? KİVDF xəttilə qəzetlərə verilən yardımlar çap mediasına əlavə nəfəs verdi. İndi şərtlər bir qədər dəyişib. Əminəm ki, qəzetlər də bir qədər toparlanıb, yeni şərtlərə uyğunlaşaraq, fəaliyyətlərini davam etdirəcəklər. Media işində müvəqqəti çətinliklər ola bilər, amma bu heç də əsas vermir ki,  bütöv bir qurumun fəaliyyətini heçə sayasan”.

“Səs” qəzetinin baş redaktoru  Bəhruz Quliyev isə bildirdi ki, Arif  və Mehman Əliyevlərin nə istədikləri bəllidir: “Onlar, əslində, medianın vəziyyətindən narahat deyillər. İndiyə qədərki jurnalist fəaliyyətləri ərzində onlar öz qeyri-peşəkar mövqelərini ortaya qoyublar. Əslində, onlardan heç ciddi nəsə gözləməyə də dəyməz. Arif Əliyev jurnalistdir, ciddi fikir səsləndirməlidir ki, ona inanan olsun. Siz onun danışdıqlarına baxın. Deyir ki, 20 qəzeti bağlayıblar. Məgər KİVDF-nin əlində belə bir səlahiyyət var? Siz onların portretinə fikir verin. Onlar daim xaricdən külli miqdarda qrantlar alan adamlar kimi tanınıblar. A.Əliyevin özü xaricdən qrant alıb qəzet çıxarırdı. Bəyəm öz dövlətindən yardım alıb qəzet çıxarmaq məqsədi və məramı bəlli olmayan bir xarici fonddan ianə alıb qəzet çıxarmaqdan pisdir?  Bunların əsas hədəfləri o olub ki, Mətbuat Şurası və KİVDF-ni də ələ keçirsinlər. Müsahibələrində açıq deyirlər ki, KİVDF və Mətbuat Şurası kimi qurumlar onların əlindən çıxıb və bundan heyfsləndiklərini gizlətmirlər. A.Əliyevin işlətdiyi fikirlər tam şəkildə qərəzdən ibarətdir. Onların mətbuatın vəziyyətindən “narahatlıq” keçirmələrinin kökündə şəxsi mənfəətləri və qisasçılıq hissləri dayanır”.

“Novoye vremya”  qəzetinin baş redaktoru Şakir Habiloğlu da qəzetimizə açıqlamasında bildirdi ki, A.Əliyevin iddialarını tamamilə əsassız sayır: “Axı bu gerçəkliyi danmaq olmaz. KİVDF niyə iflasa uğrayıb? Bu gün Azərbaycanda mütəmadi şəkildə nəşr edilən 32 qəzet nəyin hesabına yaşayıb? Sizi əmin edirəm ki, həmin Fond olmasaydı, bu gün Azərbaycanda dövlətdən maliyyələşən 2-3 rəsmi qəzetdən başqa kimsə qalmazdı. KİVDF bir balaca şərtlərinə dəyişiklik etdi, gördünüz nə oldu? Görün neçə qəzet həmin dəqiqə bağlandığını elan etdi. Yardımsız qəzet çıxarmaq asandırsa, niyə onlar müstəqil fəaliyyətə davam etmədilər? Deməli, KİVDF-nin qəzetlərin fəaliyyətinə göstərdiyi dəstəyi danmaq olmaz”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, A.Əliyevdən söz düşəndə gözünün önündə bir hadisə canlanır: “Mətbuat Şurasının qurultaylarından birində iştirak etdiyi zaman A.Əliyevin ölkə jurnalistlərinə beynəlxalq təşkilatların müraciətlərini necə oxuduğunu bu gün də xatırlayıram. Bu kontekstdə də bugünkü yanaşmalarını dəyərləndirməyə çalışıram. Ölkə daxilində olan proseslərə başqalarının dili ilə  münasibət bildirən bir adamdan bundan yaxşısını gözləmək olmazdı. A.Əliyevin iddiaları ondan qaynaqlanır ki, Azərbaycan mediası bu gün dövlətə arxayındır. Faktiki olaraq, dövlətin verdiyi dəstək Azərbaycan mediasıının ayaqda qalmasına, inkişaf etməsinə yönəlib. Bu illər ərzində KİVDF-nin fəaliyyətinə diqqət yetirsək, Azərbaycan mətbuatının hansı inkişaf mərhələsini keçdiyini xatırlatmaq olar. Qəzetlərin oturduqları ofis və istifadə etdikləri texinkaya nəzər salmaq kifayət edir ki, bu barədə daha aydın təsəvvür yaransın. Kimlərsə bu prosesdən yararlanmayıblarsa, bu, artıq məsələnin başqa tərəfidir. Bu zaman kəsiyində dövlətin ayırdığı yardımlardan istifadə edən, yararlanan kifayət qədər qəzet olub. Bunu görməmək üçün sadəcə gözləri yummaq lazımdır. Görünür, A.Əliyev də Azərbaycan mətbuatına və KİVDF-nin 10 illik fəaliyyətinə gözlərini yumaraq  baxır”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qəzetimizə bildirdi ki, həmin müsahibə ilə tanış olmadığı üçün, hər hansı fikir bildirməyə çətinlik çəkir: “Tanış olandan sonra fikir bildirə bilərəm”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Masallı İcra Hakimiyyəti vandal aktına niyə göz yumur? – Sakinlər haray çəkir…

Masallı rayonunun Qızılavar kəndində, Masallı-Boradigah yolunun sol tərəfində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan …