Ana səhifə / Manşet / “Mənimlə Əli Əliyevin siyasi baxışları arasında fərqlilklər ortaya çıxdı və buna görə…”

“Mənimlə Əli Əliyevin siyasi baxışları arasında fərqlilklər ortaya çıxdı və buna görə…”

Azərbaycanda daha bir siyasi partiya yaradılıb. “Yeni Yol” adlanacaq bu partiya təsis qurultayını keçirən kimi onun cavan sədri Ramil Hüseynlinin verdiyi ilk bəyanat çox iddialı oldu. 

“YYP iqtidarı YAP-dan təhvil almağa hazırdır”  bəyanatının arxasında hansı güçün və ideologiyanın durduğu bizə maraqlı gəldiyi üçün, yeni yaradılan partiyanın sədrilə bəzi detalları müzakirə etmək qərarına gəldik. Saat 12-yə az qalıb, ancaq  partiya sədrinin telefonu hələ də sönülüdür. Nəhayət, bizə özü zəng vurur.

– Ramil bəy, yəqin bu saata kimi hələ yuxudan oyanmamışdınız. Çox böyük iddia ilə siyasi arenaya atılan bir partiya sədri üçün saat 12-yə qədər telefonu qapalı saxlamaq sizcə normaldırmı?

– Siz mənim nə vaxt yatdığımı niyə soruşmursunuz? Biz komandamızla çox gərgin işləyirik. Səhər üzü saat 5-ə qədər işləmişik. Bu baxımdan da, 12-yə qədər dincəlməyim normal sayıla bilər. Mənim başqa nömrəm də var, o açıq olur. Yəqin o nömrəni yığmayıbsınız.

– Təsis qurultayınızda hansı qərarlar qəbul edildi?

– Martın 28-də Yeni Yol Partiyasının təsis qurultayı keçirilib. Onlayn formada keçirilən toplantıda 142 qurultay nümayəndəsindən 111 nəfəri iştirak edib. Qurultayda YYP-nin Məramnamə və Nizamnaməsi qəbul olunub. YYP Təşkilat Komitəsinin sədri kimi məni partiyanın sədri seçdılər. 40 nəfərdən ibarət Mərkəzi İdarəetmə Qurumu (MİQ) və 5 nəfərlik Nəzarət-Təftiş Komissiyası (NTK) formalaşdırılıb. Qurultay müvafiq sənədlərin hazırlanaraq partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilməsi ilə bağlı işlərin aparılması məqsədilə partiyanın rəhbərliyinə səlahiyyət verib.

– Sizi hamı Əli Əliyevin rəhbərlik etdiyi Vətəndaş və İnkişaf Partiyasının (VİP) funksioneri kimi tanıyırdı. Birdən-birə niyə həmin partiyadan ayrılıb müstəqil xətt yürütmək qərarına gəldiniz və bu ayrılıq niyə belə sakit tərzdə baş tutub?

– Əslində, bu hadisə sakit olmayıb. Mən həmin partiyadan ayrılmaqla bağlı qərarımı bir il əvvəl vermişəm və bu barədə bir neçə dəfə elan da vermişəm.

– Sizin Əli Əliyevlə çox yaxşı münasibətləriniz vardı, birdən-birə niyə onunla yollarınızı ayırmaq qərarını verdiniz?

– Mən siyasi baxışlarda olan ayrılıqları şəxsi münasibətlərə şamil etmək istəməzdim. Qəbul edirəm ki, mənimlə Əli Əliyevin siyasi baxışları arasında fərqlilklər ortaya çıxdı və buna görə də yolumu ayrı davam etdimək qərarına gəldim. Güman etmirəm ki, bu qərarın bizim şəxsi münasibətlərimizə ciddi təsiri ola bilər. Lider olmaq istəyən şəxslər belə detalları şəxsi münasibətlərə şamil etməməlidir.

– Bəlkə, sizin ayrılmağınızın səbəbi Əli Əliyevin hakimiyyətə qarşı daha radikal mövqedə olması ilə bağlı olub?

– Qətiyyən. Hər kəsin öz xətti var. Bizi qane etməyən məsələlərlə bağlı bizim partiya da iqtidara qarşı sərt mövqedən çıxış edəcək.

– Hansı detallar var ki, siz onu əvvəl təmsil olunduğunuz VİP-də deyil, yeni yaratdığınız YYP-də həyata keçirmək istəyirsiniz?

– VİP-dən ayrılanda mənim siyasi təşkilat yaratmaq fikirim olmayıb. Ancaq qısa zamanda hiss etdim ki, sərbəstlik daha gözəldir. Partiyadan ayrılandan sonra azadlığın necə şirin nemət olduğunu bir daha anladım. Mənim özümün prinsiplərim var. Onları həyata keçirməyin yolunu yeni partiya yaratmaqda gördüm. Mən siyasətə VİP-dən əvvəl gəlmişəm. 1996-cı ildən siyasi proseslərin içində olmuşam. Ondan əvvəl də siayasi proseslərlə yaxından maraqlanmışam. Bu baxımdan da, mənim partiya yaratmağımda qeyri-adi nəsə ola bilməz. Müxalifətdə təmsil olunan partiya sədrlərinin çoxunun güclü potensilaı var. Təəssüf ki, onlar öz potensiallarını düzgün istiqamətləndirə bilmirlər. Mən müxalifət partiyalarının uğursuzluğunu millətin uğursuzluğu ilə eyniləşdirirəm. Çünki partiyaların hamısı millətdən formalaşır. Burada hakimiyyətin də günah payı var.

– Bu gün aranızda olan fikir ayrılıqlarını keçmiş sədriniz Əli Əliyevlə açıq debatda müzakirə etməyə hazırsınızmı?

– Mən istər müxalifəti, istərsə də iqtidarı təmsil edən istənilən partiya sədri ilə debata hazıram.

– Qurultaydan dərhal sonra belə bir iddialı açıqlama verdiniz ki, YAP-dan hakimiyyəti almağa hazırsınız. Sizcə bu iddia real imkanlarınızla uzlaşırmı?

– Müharibədən sonrakı dönəmdə mən İlham Əliyevə rəqib ola biləcək siyasi lideri siyasi arenada görmürəm. Mən dediyiniz fikri bir qədər fərqli formada işlətmişəm. Demişəm çox aktiv olmalıyıq ki, növbəti mərhələdə hakimiyyəti YAP-dan ala bilək. Mən iddiamın arxasında dururam. Çünki istənilən partiyanın ali məqsədi hakimiyyətə gəlmək olmalıdır. Bu baxımdan ilk iddiamızın bu şəkildə olması təbiidir. Ola bilər ki, bu iddiamızı təkbaşına deyil, başqa dost partiyalarla birgə reallaşdıra bildik.

– Partiyazınızın siyasi oriyentasiyası necədir?

– Biz sağ-mərkəzçi partiya kimi fəaliyyət göstərəcəyik. Buna baxmayaraq, bütün spektrdə olan siyasi institutlarla əməkdaşlığa hazırıq.

– Özünüzü tam müxalifət partiyası sayırsınızmı?

– Təəssüflər olsun ki, bizim ölkədə bəzi siyasətçilər sanki kimin müxalifətçi olub-olmadığını təyin edən indikator rolunu üzərlərinə götürürlər. Sanki həmin cameədəki təmsilçiliyə onlar lisenziya verirlər. Belə deyil. Kim qəbil etmirsə, özü bilər, ancaq biz müxalif partiya kimi meydana atılmışıq.

– Ölkədəki yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində işlər gedir. Siz  bu kontekstdə qeydiyyat və qərargahla təmin olunmanızla bağlı məsələni həll etməyi düşünürsünüzmü?

– Bəli, bu yenilikləri görürük. Artıq sənədlərimizi yaxın günlərdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməyi düşünürük. Digər məsələlərlə bağlı isə qeydiyyatdan sonra addımlar atacağıq. Bir sözlə, ardıcıllığı pozmaq istəmirik. Bu heç də o demək deyil ki, partiya qərargahsız olacaq. Öz daxili imkanlarımız hesabına belə problemləri həll etməyi düşünürük.

– Media ilə əməkdaşlığı hansı səviyyədə qurmağı planlayırsınız?

– Bütün sahələr üzrə sağlam münasibətlərin qurulmasının tərəfdarıyıq. Xalqla gizlənpaç oynamaq niyyətində deyilik. Mediaya açıq olacağıq. Fürsətdən istifadə edib, sizin qəzetə də minnətdarlığımı bildiriəm ki, qurultaydan sonra ilk müsahibəni siz aldınız.

– Qurultaydan sonra hansısa partiyalardan təbriklər alıbsınızmı?

– Hələ ki, belə təbrik almamışıq. Çünki qurultalya bağlı məlumatı geniş şəkildə ictimailəşdirmədik.

– Hətta Əli Əliyev də sizi təbrik etməyib?

– Xeyr, etməyib.

– Fəaliyyətinizdə uğurlar arzulayırıq.

– Mən də sizə dərin təşəkkürümü bildirirəm.

Məhəmmədəli QƏRİBLİ

“Bakı-Xəbər”

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …