Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / “Mənə bel bağlamayın, mənim torpağa sözüm var”- şəhid Həsən Quliyev – VİDEO

“Mənə bel bağlamayın, mənim torpağa sözüm var”- şəhid Həsən Quliyev – VİDEO

Şərur elinin igid, mərd oğlu Həsən Quliyev. 1996-cı il 30 sentyabrda Qarahəsənli kəndində dünyaya göz açan bu qaraqaş, qaragöz, xoşsima oğlana babası Həsənin adı verilir.

Orta məktəbdə biliyi, istedadı ilə seçilən Həsənin valideynləri onu başqa sahədə görmək istəsə də, kiçik yaşlarından hərb peşəsinə olan marağı ürəyi Vətən eşqilə döyünən gəncin yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydən salır.

Hərbi liseydə təhsil alarkən nizam-intizamı, biliyi ilə seçilən Həsən Quliyev 2015-2019-cu illərdə  təhsilini Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirir.

İllərdir ürəyində bəslədiyi arzusu idi torpaqlarımızı azad görmək. Ağdərə istiqamətindən döyüşlərə atılan leytenant Həsən Quliyev Talış yüksəkliyinin və Suqovuşanın azad olunmasında əsgərləri ilə birlikdə şücaət göstərir.

Gündəlik xatirələrini, fikirlərini yazdığı bloknotu qarşımızdadır. Bir cümlə diqqətimizi çəkir: “Bir gün bütün məhəllə anamın səsinə oyanacaq, amma mən oyanmayacağam”. Həsən bu yolu seçəndə hər şeyə hazır idi. Yaxşı bilirdi ki, bu yolun geri dönüşü olmaya da bilər. Amma bu yol müqəddəs yol idi, o isə bu müqəddəs yolun yolçusu. Vətən torpaqlarının azadlığı uğrunda yola çıxan leytenant Həsən Quliyev Suqovuşanda öz müqəddəs arzusuna qovuşur. Doğum günündə şəhadət şərbətini içir.

Həsən də bu yolda canını əsirgəmədi. 30 illik həsrətə, işğala son qoyan döyüşçülərimizin sırasına öz adını qızıl hərflərlə yazdırdı. Həsən Quliyev Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Vətən uğrunda” medalı ilə təltif edilir. 24 illik qısa ömür yoluna Vətənin daşı olmağı sığdıran Həsən Quliyev Azərbaycanın zəfər tarixini yazanlardan olur.

Pay verdin bizə xoş müjdəli bir savaşdan, cənab leytenant! Vətən sənə oğul dedi, igidim, rahat uyu, canından çox sevdiyin Vətən torpaqları artıq azaddır.

https://www.youtube.com/watch?v=nVARQHRYOUU&feature=emb_title

    Ruhiyyə Rəsulova, Naxçıvan Televiziyasının baş redaktoru

                                                                

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …