Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Məhəmmədəli Qəribli İstanbulda faciəvi şəkildə dünyasını dəyişən Nihad Əliyevdən yazdı – Foto

Məhəmmədəli Qəribli İstanbulda faciəvi şəkildə dünyasını dəyişən Nihad Əliyevdən yazdı – Foto

Türkiyədə faciəli şəkildə dünyasını dəyişən gənc iş adamı Nihad Əliyevlə bağlı baş verən hadisə məni çox kənədrləndirdi. Çünki mən bu məsələyə SOCAR, Rövnəq Abdullayev prizmasından yanaşmıram.

Aydındır ki, bəziləri Nihadı heç tanımasalar da, onun kimliyi, kiminlə qohum olması, dünyasını dəyişən ana qədər harada işləməsi kontekstini önə çəkib, fərqli mülahizələr irəli sürürlər. Hər zaman belə olub. Tanınan, nisbətən imkanlı şəxslərin başına gələn faiciələrlə bağlı şayiələr on illər, bəzən isə əsrlərlə dolaşır.

Allahın rəhmətinə qovuşmuş Nihad və onun ailəsi hazırda ölkənin diqqət mərkəzində olduğundan bu hadisə ətrafında müəyyən versiyaların irəli sürülməsinə də təbii yanaşmalıyıq. İstənilən halda, Nihadın niyə, hansı şəraitdə öl(dürül)məsi (?) ilə bağlı məsələyə tam aydınlığı istintaq gətirəcək.

İndi keçək mənim fərdi yanaşmamın səbəbinə. Nihadın anası ilə mən eyni kənddənik. Bizim kənd balaca olduğu səbəbindən, demək olar ki, hamının biri-birinə qohumluğu çatır. Xırdalasaq, bizim də həmin ailə ilə bir neçə bağla simsarlığımız çıxacaq. Ancaq hamı bilir ki, mənim həmin ailə ilə uzun ilərdi ki, heç bir əlaqəm olmayıb. Yəni mənim bu ailənin övladlarını yaxından tanıdığım dönəm, bizim daha saf xatirələrlə dolu olan, uşaqlıq dövrünə təsadüf edir.

Nihadgil üç qardaş idi: Bədəl, Anar və Nihad. Mən Bədəllə yaşıdam. Onların ailəsi və biz şəhərdə yaşadığımız üçün, doğma kəndimizə yalnız tətillərdə, əsasən də yay aylarında gəlirdik. O vaxt kəndin bəzi uşaqları bizə şəhərdən gələn kimi , yəni bir qədər yad baxdıqları üçün, aramızda tez-tez dalaşmalar olurdu.

Həmin ailənin uşaqları ilə bizi birləşdirən bir dəyər də məhz şəhərdən kəndə gəlməyimiz olurdu. Bu bənzərlik bizi həm də birgə müqavimət göstərməyə vadar edirdi. Bütün bunlar aramızda sıx dostluq yaratmışdı. Nihadı digər qardaşlarından fərqlənən bir cəhəti onun çox sakit təbiətli olmasıydı.

Qardaşlar və ailələri populyarlaşandan sonra onlarla əlaqə qurmağa cəhd etmədim. Özlüyümdə bunun başqa cür anlaşıla biləcəyini zənn etmişəm. Onlar tərəfdən də belə bir təşəbbüsün olduğunu hiss etmədim. Amma bilirəm ki, qardaşlarla bizim aramızda yalnız xoş uşaqlıq xatirələrindən başqa nəsə ola bilməzdi.

Onu da bilirəm ki, mənim peşəmi əsas tutan bəzi şəxslər həmin qardaşlara haqqımda yalan məlumatlar verib, güya özlərini şirin salmaq istəyiblər. Bu, tamamilə başqa bir mövzunun söhbətidir.

Buna baxmayaraq, yaxın çevrəmizdən qardaşların fəaliyyətilə bağlı çoxlu söhbətlər eşidirdim. Çox dərinə getmədən deyə bilərəm ki, qardaşların içərisində – dosta, kəndçiyə, kasıba-kusuba daha çox əl tutan və diqqətli olanı kimi məhz Nihadın adı çəkilirdi. Ona görə də, əminəm ki, bu hadisə yalnız Nihadın doğmalarına deyil, bir çox adamlara, xüsusən də onun dayaq durduğu insanla ağır zərbə olub.

Mən baş vermiş bu faciə ilə bağlı özümün və ailəmizin adından Nihadın atası Nüsrət mühəllimə, anası Şirin xanıma, qardaşları Bədəl və Anara və başqa yaxın qohumlarına dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az İnformasiya Portalının Baş redaktoru

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …