Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Manşet / “Mən çox istərdim ki, yeni seçkilərə gedərkən proporsional seçki sisteminin bərpası da reallaşsın”

“Mən çox istərdim ki, yeni seçkilərə gedərkən proporsional seçki sisteminin bərpası da reallaşsın”

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə etdiyi çıxışda yeni müxalifətin meydana çıxmasının zəruriliyinə də toxunub. Ölkə başçısı bildirib ki, bu gün müxalifət düşərgəsində boşluq yaranıb və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar.

Prezident qeyd edib ki, dövlətçiliyə sadiq qalan, xalqa bağlı olan, doğrudan da hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən sağlam müxalifət yaradılmalıdır:

“Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür”.

Göründüyü kimi, İlham Əliyev ölkədə yalnız radikal müxalifətin olduğuna işarə etmir, onların yerini doldura biləcək konstruktiv müxalifətin yoxluğuna da diqqəti yönəldir. Maraqlıdır ki, ölkədə bir çox partiya var ki, onlar özlərini radikal yox, konstruktiv müxalifət kimi təqdim edirlər. Hətta bəziləri parlamentdə də təmsil olunurlar. Prezidentin bildirdiyi nöqsanın aradan qaldırılması, ölkənin siyasi palitrasının daha da sağlamlaşması üçün hansı addımların atılması zəruridir: indiki konstruktiv müxalifətin yenidən qurulması, ya köklü surətdə yeni müxalifətin yaranması?

  • Bünyamin Qəmbərli: “Bir neçə müxalif partiya parlamentdə normal sayda deputatla təmsil olunarsa, bu onların maliyyələşməsinə də kömək edər” 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda sağlam müxalifətin formalaşması direktiv üsullarla reallaşa bilməz: “Yəni ölkə başçısı öz istəyini ortaya qoyub. Çox normaldır. Biz də təqdir edirik ki, ölkə başçısı belə iradə ortaya qoyur. Hər halda, bunun bütün ölkəmiz üçün xeyri ola bilər. Ancaq gəlin görək onun bu istəyinə hansı bürokratik əngəllərlə mane olurlar? Biz 20 ilə yaxındır konstruktiv müxalifət kimi fəaliyyət göstəririk. Ancaq parlamentdə olan təmsilçiliyimiz bir nəfərdən artıq olmayıb. Yeni müxalifətin yaranması asan məsələ deyil. Faktiki olaraq ortada çox ciddi sosial bazaya malik olan, təcrübəli müxalif partiyalar var. Onların daha effektiv fəaliyyət göstərməsi üçün bir sıra şərtlərin olması vacibdir. Ən başlıcası maliyyədir. Bu olmadan, partiyaların böyüməsi, yerlərdə təmsil olunması çətinləşir. Bununla da siyasi partiyanın cəmiyyətə olan təsir imkanları  zəifləyir. Bəs maliyyəni partiyalar haradan alır? Qanuni yolla  partiyalar parlamentdə təmsilçilik faizinə görə maliyyələşirlər. Hansısa partiya bir millət vəkili ilə təmsil olunursa, ona verilən vəsait ümumi partiyanın maliyyələşməsi üçün azlıq edir. Mən hesab edirəm ki, normal, effektiv fəaliyyət göstərən konstruktiv müxalifətin dinamikliyini artırmaq üçün, ilk növbədə, onların parlamentə yolunu açmaq lazımdır. Artıq biz sizinlə söhbət edən anda məlum oldu ki, qarşıdan yeni növbədənkənar parlament seçkilərinin gəldiyinə şübhə qalmadı. Mən çox istərdim ki, yeni seçkilərə gedərkən proporsional seçki sisteminin bərpası da reallaşsın. Bax, onda biz partiyaların aktivliyini artıra bilərik. Biz dəfələrlə partiya olaraq belə təkliflə çıxış etmişik. Bu seçki sisteminin bərpası partiyalara olan marağı və onlar arasındakı rəqabəti artırmış olar. Qoy hansı partiya güclüdürsə, buyurub qanunverici orqanda çox səslə təmsil olunsun. Bir neçə müxalif partiya parlamentdə normal sayda deputatla təmsil olunarsa, bu onların maliyyələşməsinə də kömək edər və nəticədə onların fəaliyyəti daha da güclənər.  Hazırda 13 parlament partiyasına 108 min manat pul ayrılır. Bu da cüzi rəqəm edir. Heç rayonlara gedib-gəlməyi görmür. Məsələn, bizim partiyanın daha da güclənməsi üçün kifayət qədər gücü var. Bunun üçün münbit şərait olmalıdır. Partiyaların inkişafı yalnız onların özündən asılı olan məsələ deyil”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Prezident: “Cəbrayılın 13 kəndi azad edilib”

“Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı …