Ana səhifə / Köşə Yazarları / Məmur və tanınmışların səfir balaları – ataları onları niyə hərbçi, jurnalist kimi görmək istəmir?

Məmur və tanınmışların səfir balaları – ataları onları niyə hərbçi, jurnalist kimi görmək istəmir?

Səfirlərin yerlərinin dəyişməsi ilə bağlı xəbərlərdə maraqlı başlıqlara rast gəlirəm. “ Yazıçı Anarın səfir oğlu filan ölkədən filana göndərildi” ; “ Aktrisa Amaliya Pənahovanın səfir oğlu fəaliyyətini filan ölkədə davam etdirəcək” və.s

Bundan əvvəl isə oxumuşduq : “Yazıçı Bəxtiyar Vahabzadənin səfir oğlu müxalifətə keçdi”; “Rektor Abel Məhərrəmovun səfir oğlunun adı çaxır alveri qalmaqalında hallanır”. Belə siyahını uzatsam, gərək bütün diplomatik korpusumuzda olan biabırçı mənzərəni ortaya qoyam.

Hamısı məmur və məmurlaşmış tanınmış ziyalıların uşaqlarıdı.
Hər bir valideyn arzu edər ki, övladı yaxşı yerdə çalışsın. Çox maraqlıdır, niyə biz bu cür adamların övladlarını xalqa xidmət üçün risk, fədəkarlıq tələb edən: hərbçi, jurnalist, vəkil, siyasi partiya rəhbəri kimi postlarda görmürük? Çünki genetikamıza hopmuş bir xəstəlikdən irəli gələr reallıqlar buna imkan vermir.

Yadıma bir universitet müəlliminin hörmətli şairimiz Bəxtiyar Vahabzadə ilə bağlı danışdığı xatirə düşdü. Deməli, Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dönəmdə görüb ki, bütün vəzifəli adamlar rüşvət verib övladlarını Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin ( İndiki BDU) hüquq fakültəsinə saldırır. O vaxt geydirmə univetsitetlər olmadığı üçün, hüquq cəmi bir yerdə tədris olunurdu.

Həmin vaxt biabırçılığın qarşısını almaq üçün, mərhum Heydər Əliyev göstəriş verir ki, hüquq fakültəsinə qəbulla bağlı, ancaq fəhlə və kəndli uşaqlarından sənəd götürülsün. Bu hadisə Bəxtiyar Vahabzadənin oğlu Azərin orta məktəbi qurtarıb universitetə sənəd verdiyi ilə təsadüf edib. Müəllim deyir ki, Bəxtiyar Vahabzadə Mərkəzi Komitəni “dağıdıraq”, sual edirmiş: niyə filankəsin oğlu hüquqda oxumalıdır, onunku yox? Hətta Moskvaya şikayət edəcəyi ilə rəhbərliyi hədələyirmiş.

Bəxtiyar Vahabzadənin xatirinə Azər Vahabzadəni hüquqa qəbul etdirdilər. O da oxuyub məşhur prokuror oldu və nə etdiklərini özünüz gözəl bilirsiniz. Mənim yaradıcılığına çox böyük hörmət bəslədiyim Bəxtiyar Vahabzadə oğlunu hara hazırladığını və ondan nəyi gözlədiyini əla bilirdi.

SSRİ dönəmində adamların böyük əksəriyyəti hüquqa ona görə girirdi ki, oxuyub prokuror, müstəntiq olsun və qəbula verdiyi pulu çıxarmaq, sonra yaxşı yaşamaq üçün babat rüşvət yığa bilsin.

Yəni demək istəyirəm ki, bu tendensiya çoxdan var və olacaq! Gedin Nacıvanski adlı hərbi litseydə, Heydər Əliyev adına Ali Hərbi Akademiyada və ya BDU-nun jurnalistika fakültəsində monitorinq aparın. Görün, yüksək çinli məmur və ya məmurlaşmış ziyalıların birinin övladına oralarda rast gələssinizmi? Ancaq Polis Akademiyasında bunun tərsini görərsiniz! Niyəsini özünüz məndən yaxşı bilirsiniz…

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

“Onkologiya Mərkəzi elə bil bazardır, hamı çalışır qiyməti aşağı salsın”

55 yaşlı Validə Tanrıverdiyeva 10 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O deyir ki, 2013-cü …