Ana səhifə / Manşet / MƏHƏMMƏD MİRZƏLİ OLAYININ ÜZƏRİNDƏKİ SİRR PƏRDƏSİ

MƏHƏMMƏD MİRZƏLİ OLAYININ ÜZƏRİNDƏKİ SİRR PƏRDƏSİ

Məhəmməd Mirzəli bir fərd olaraq qeyri-ciddi və səviyyəsiz biri olsa da, onunla bağlı cərəyan edən son hadisələr olduqca ciddi və Azərbaycan dövlətinin prestiji, siyasi imici baxımından son dərəcə mühüm məsələdi. Təsəvvür edin ki, bu səviyyəsiz, xəstəxanadan evə buraxıldıqdan sonra yaşadığı bina Fransa polisi tərəfindən üzük qaşı kimi mühasirəyə alınır və çox çirkin bir fikir formalaşdırılır ki, onun həyatına təhlükə var, təhlükə Azərbaycan dövləti tərəfindən gözlənilir, bu səbəbdən də hüquqi və demokratik bir dövlət olan Fransa onun təhlükəsizliyi üçün bütün qanuni tədbirləri almaqla yükümlüdür.
Əslində isə, məsələnin əsil mahiyyəti tamamilə fərqlidi. Cüzi araşdırma ilə bu olayın üzərindəki sirr pərdəsini aralamaq mümkündü. Ancaq hansısa səbəblərdən həm iqtidar, həm də müxalifət düşərgəsi məsələnin aydınlığa qovuşmasında qətiyyən maraqlı görünmür. Məncə, məsələnin açığa çıxması üçün kilid nöqtəsi məhz bu məqamdır: nə üçün hər iki tərəf Məhəmməd Mirzəli olayının tam deşifrə edilməsində maraqlı deyil?


Təfərrüata keçmədən öncə əminliklə onu deyə bilərəm ki, həm Məhəmməd Mirzəli, həm digər tərbiyəsiz, söyüşcül mühacirlər, həm də onları siyasi cəhətdən himayə edən müxalif düşərgənin iddia etdiyi kimi bu olayın sifarişçisinin birbaşa cənab prezident və ya onun xanımının olmasını düşünmək gülünc və sadəlövlük olduğu qədər həm də siyasi əxlaqsızlıqdı.
Amma işin arxasında hakimiyyətdə təmsil olunan və bu cür olaylarla manipulyasiya edərək, siyasi və maddi maraqlarını təmin etməyi düşünən bir qruplaşmanın, klanın əlinin olduğu şübhə doğurmur. Onu da əminliklə demək olar ki, bu tip çirkin oyunlar hakimiyyətdəki bəhs olunan klanın müxalif düşərgənin bir qoluyla ittifaqının nəticəsidi və bu icraat birbaşa Azərbaycan dövlətinə və dövlətin başında duran şəxsə – cənab prezidentə qarşı yönəlmiş fəaliyyətdir.


Əvvəlki statuslarımda bəzi məqamlara açıqlıq gətirmişdim. Artıq hamı bilir ki (Əli Kərimlinin əmisioğlu İnqilab Kərimovun yaydığı məlumatlara əsasən), Məhəmməd Mirzəli, eləcə də onun kimilərə maddi dəstəyi verən şəxs bir iş adamıdı. O, bu işi Avropada “siyasi mühacir” həyatı yaşayan, Milli Şuranın üzvü, Ziyalılar Hərəkatının sədr müavini olan qardaşı Seyran Rəfiyev vasitəsilə həyata keçirirmiş. İnqilab Kərimovun iddiasına görə, maddi yardım alan mühacirlərin adına bank kartları da açılıbmış. O, 80 nəfərə yaxın adama maddi yardım edildiyini yazıb, yardımın həcmi isə hər ay 3 min yevro təşkil edirmiş. Təsəvvür edin ki, hər ay mühacirlərə 240 min yevro hibə edilirmiş. Bu qədər yardımı göstərən bir şəxsin sıradan bir iş adamı olduğu təsəvvür edilə bilməz. Deməli, o şəxsin başı üzərində geniş imkanları olan çox böyük bir “krışa” var. Çünki Azərbaycan reallıqları bunu diktə edir. Kimdir bu krışa? Mən öz analizlərim və əldə etdiyim məlumatlar əsasında həmin iqtidar mənsubunun kimliyilə bağlı təsəvvürlərim var, ancaq ad çəksəm hər şey bir qıraqda qalacaq, əvəzində mən məhkəmə salonlarına ayaq döyəcəm. Hesab edirəm ki, siyasi hakimiyyət özü bu işi dərindən araşdırmalı, bu çirkin oyunları oynayan klan başçısını deşifrə edib cəzalandırmalıdı.


İndi də keçək bu çirkin oyunun iştirakçısı olan müxalif qanadın kimliyinə. Əgər xatırlayırsınızsa, iki gün öncə Cəmil Həsənliyə məxsus, müxtəlif zamanlarda yazılmış iki statusun fotokopisini paylaşmışdım. Statuslar yuxarıda adı çəkilən “siyasi mühacir”, söyüşcül qrupa pul paylayan şəxs Seyran Rəfiyev barədədi. İlk status təxminən iki il öncə yazılıb və Seyranın Milli Şura üzvü olduğu təsdiqlənir. O statusda diqqəti çəkən ən mühüm məqam isə bu cümlədir: “O, mühacirətdə də səmərəli fəaliyyətini davam etdirir!” Ortaya məntiqi sual çıxır ki, Seyran Rəfiyevin “səmərəli fəaliyyət” nədən ibarət imiş? Deməli, müxalif düşərgənin, ən azından Cəmil Həsənlinin həmin bu “səmərəli fəaliyyət”lərdən xəbəri varmış, hətta mən deyərdim ki, o, bu oyunun iştirakçısı və bir parçası olub. Elə bu səbəbdəndir ki, Cəmil Həsənli bu günlərdə yazdığı ikinci statusunda iki il öncəki fikrinə tam zidd olaraq göstərir ki, Seyran Rəfiyev Milli Şuranın üzvü olmayıb. Görünür o, məsələnin ciddiliyini anlamış və buna görə yalnış fikir formalaşdırır.


Məhəmməd Mirzəli olayında adı ən çox hallananlardan biri də onun bacısının əri – Elçin adlı şəxs oldu. Bu adam Məhəmməd bıçaqlanandan bir müddət öncə öz xanımı, yəni Məhəmmədin bacısı ilə intim münasibətlərinin videogörüntülərini internetdə paylaşmaqla gündəmə gəldi. Bu, həqiqətən də ən əxlaqsız hərəkət olmaqla yanaşı, bütün əxlaqi tabuların ayaq altına atılmasıdır ki, Məhəmmədə münasibətimdən asılı olmayaraq, olayı qətiyyətlə pisləyir, nakişiliyin, əclaflığın zirvəsi adlandırıram.
Ancaq nədəndirsə nə müxalif düşərgənin başbilənləri, nə də bu düşərgənin maraqlarını təmsil edən qələm adamları Elçinin hərəkətini pisləməkdən, bunu hakimiyyətin əvvəlcədən hazırladığı bir çirkin oyun olduğunu söyləməkdən irəli getmədi. Hətta Elçinin soyadını, atasının adını, əvvəllər kim olduğunu belə dilə gətirən olmadı, kimlərsə də ya bilərəkdən, ya da bilgisizlikdən onu Elçin Məmmədov kimi təqdim etdilər. Bəzilərinin “Elçin adlı şəxs Məhəmməd Mirzəlinin bacısının qanuni əri olmayıb, sadəcə, dini kəbinləri olub” yazması da həqiqətə uyğun deyil, bunu yazanların bəziləri qarşı tərəfi alçaltmaq, bəziləri isə həqiqəti gizlətmək məqsədi güdüb. Belə ki, Elçinlə Məhəmməd Mirzəlinin bacısı qanuni şəkildə vətəndaş nigahında olublar. Bəs, bu faktı gizlətmək istəyənlərin məqsədi nədir? Mən bu barədə çox düşündüm və əldə etdiyim məlumatlar əsasında cavabı tapdım. Elçin adlı şəxs Məhəmmədin bacısıyla vətəndaş nigahına girərkən əvvəlki nigahlı ailəsindən boşanmayıbmış. Yəni, anladığınız, bu “qeyrət dağarcığı” Elçin eyni zamanda iki müxtəlif qadınla vətəndaş nigahında olub ki, bu da çox ciddi qanun pozuntusudur. Hesab edirəm ki, aidiyyatı orqanlar bu faktı araşdırsa, Elçinlə Məhəmmədin bacısını qanuni nigaha alan ZAQS-ı müəyyən etsə, daha çox ilginc məqamlar ortaya çıxar.
Elçinlə bağlı müəyyən edə bildiyim digər ciddi nüansları da ictimaiyyətin diqqətinə çatdırmağı özümə borc bilirəm. Bu şəxs 1980-ci ildə İsmayıllı rayonunda doğulub. Tam olaraq ad və soyadı isə belədir: İsmayılov Elçin Ədalət oğlu. Elçinin atası Ədalət İsmayılov uzun müddət OBXSS sistemində işləyib və kifayət qədər imkanlı şəxs olub. Nizami Qocayev İsmayıllı rayonunda polis idarəsinin rəisi işlədiyi zaman onların evində qalıb.


Elçin İqtisadiyyat Universitetini bitirib və uzun müddət “Texnikabank”ın Kredit şöbəsində ciddi vəzifə tutub. O, vəzifədə olduğu müddətdə müştərilərə kredit düzəltmək adıyla fırıldaqçılıqla məşğul olub və bu səbəbdən iki dəfə həbs həyatı yaşayıb. İlk dəfə cəzasını 10 saylı, ikinci dəfə 11 saylı Cəzaçəkmə Müəssisəsində çəkib.
Əgər xatırlayırsınızsa, bir neçə il öncə “Texnikabank”da genişçaplı fırıldaqçılıq əməlləriylə bağlı hüquq mühafizə orqanları tərəfindən əməliyyat həyata keçirildi. Həbs olunanlar arasında bankın Yasamal şöbəsinin müdir müavini Elnur Seyidov adlı şəxs də vardı. Sonralar bəzi maraqlı dairələr Elnuru siyasi məhbus kimi qələmə versələr də, onun əməlində cinayət tərkibi olduğu heç bir şübhə doğurmurdu. Həm Elnurun, həm Elçinin eyni bankda işləməsi, eyni maddələrlə cinayət məsuliyyətinə cəlb olunmaları nəzər-diqqətimi cəlb etdi. Araşdırıb gördüm ki, bu iki şəxs çox yaxın dost olublar və münasibətləri bu gün də davam edir. Bəhs etdiyim Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır…
Yəqin ki, nə demək istədiyim anlaşıldı. Mən Əli Kərimlini sırf bu oyunun bir parçası olduğunu iddia etməsəm də, Elnurla Elçinin dostluğu, Əli bəyin Məhəmməd Mirzəlini canı-dildən müdafiə etməsi, Cəmil Həsənlinin məlum statusları, Seyran Rəfiyevin Milli Şuranın üzvü olması, Əli bəyin öz dost-doğmaca əmisioğlunun açıqlamaları və s… bütün bunlar təbii ki, şübhə doğuran məqamlardı və əlində səlahiyyət olan dairələr tərəfindən ciddi araşdırılmalıdı.


Bu olayların nəzər-diqqəti cəlb edən xüsusi bir tərəfi də odur ki, Məhəmməd Mirzəli və onun kimi davranış sərgiləyən digərlərinin hədəfə aldıqları iqtidar məmurlarının kimliyinə də diqqət etmək lazımdır. Ən çox təhqir olunanlar prezident və xanımı, DTX sədri general Əli Nağıyev, DİN rəhbəri Vilayət Eyvazov və vitse-spiker Adil Əliyevdir. Hər 3 məmur əslən Naxçıvandandır və hakimiyyətə sədaqətləri ilə tanınırlar. Həm prezidentin, həm də I Ledinin 3 məmurun işindən məmnun olduğu heç bir şübhə doğurmur. Çünki dövlətin imza atdığı bütün kritik qərarlarda bu 3 məmuru ön planda görürük. Bütün bunlar o nəticəni ortaya qoyur ki, əslində Məhəmməd Mirzəli və onun kimilərə arxa duranlar, onu bıçaqlatdıraraq siyasi şou düzənləyənlərin əsil məqsədi cənab prezidenti fakt qarşısında qoymaqdır. Başqa sözlə desək, bu adamların hədəfi Qarabağ savaşını zəfərlə başa vuran, indi də diplomatik masada bu savaşı davam etdirən ALİ BAŞ KOMANDAN İlham Əliyevdir!
Bu da sizə 5-ci kalon!
Dövlətimizin gələcəyi naminə 5-ci kalon ifşa olunmalı və zərərsizləşdirilməlidi!

Fərəməz NOVRUZOĞLU, Azinforum.az

Həmçinin oxuyun

Altı il məhkəmələrdə mübahisələndirilən bir iş – Rafiq İdrisov niyə və kimə görə təqib edilir? +VİDEO

Rusiya Fedrasiyası Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndinin sakini İdrisov İdris Kerimoviç  Azərbaycan Prezidenti İlham …