Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Manşet / “Lotos”un rəhbəri 500 min dollarlıq oğurluq ittihamına aydınlıq gətirdi: “Şantajdı…”

“Lotos”un rəhbəri 500 min dollarlıq oğurluq ittihamına aydınlıq gətirdi: “Şantajdı…”

Bəzi yerli KİV-in məlumatına görə, Rübabə Vəliyeva adlı sahibkar “Diqlas” və “Lotos” ticarət mərkəzlərinin rəhbəri Araz Rəhimova qarşı şok ittihamlar irəli sürüb. A.Rəhimovu qanunsuz əməllərdə ittiham edən sahibkar qadın deyir ki, ticarət mərkəzinin rəhbəri ona 500 min dollarlıq ziyan vurub.

Qeyd edək ki, məlum yazıda A.Rəhimov ötən ay yanıb külə dönən “Diqlas” Ticarət Mərkəzinin rəhbəri kimi də təqdim edilir. Lakin A.Rəhimov mediaya verdiyi açıqlamada bildirib ki, o, yanan “Diqlas”ın bir hissəsinə rəhbərlik edib. Şikayətçi R.Vəliyeva deyir ki, 2010-cu ildən “Lotos” TM-də gəlinlik paltarlarının satışı və kirayəsi ilə məşğul olub: “2015-ci ildə dolların bahalaşmasından sonra işlərim pisləşdi. Həmin vaxta qədər mağazanın icarə haqqında heç vaxt gecikmə yaşanmamışdı. Lakin işlərin zəifləməsindən sonra icarə haqqını bir neçə ay vaxtında verə bilmədim. Həmin dövrdə oğlum ağır xəstəliyə tutuldu. Əlimdəki pulu da onun əməliyyatına və müalicəsinə xərclədim. “Lotos”un rəhbəri Araz Rəvimovdan icarə haqqını ödəmək üçün vaxt istədim. O isə qapını plomplayıb mənə vaxt verdi. Təxminən bir həftə sonra icarə haqqını gətirdim. Gördüm ki, mağazamda təmizlik işləri aparılır. Mağazada 500 min dollarlıq malım var idi. Hamısı boşaldılmışdı. A.Rəhimov mənə dedi ki, sənin mağazada heç nəyin olmayıb”.

R.Vəliyevanın sözlərinə görə, onun malını özündən xəbərsiz yığıb satıblar: “Mənim cəmi 3260 manat icarə haqqı borcum var idi. Bu məbləğə görə mağazamdakı 500 min dollarlıq malımı çıxarıb satıblar. Bu, özbaşınalıqdır, özgə malını mənimsəməkdir”.

Xanım sahibkar qeyd edir ki, daha sonra məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qəbulunda olub. M.Seyidov onu dinləyib və şikayətinin araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmova tapşırıq verib. Polisin işə qarışmasından sonra R.Vəliyevanın mallarının bir qismi qonşu “Diqlas” TM-də tapılıb. Polis əməkdaşlarının müşayiəti ilə R.Vəliyevanın başqa sahibkarlara satılmış malları aşkarlanıb, şəkilləri çəkilib: “Nofəl Məhərrəmovun tapşırığından sonra bir tədqiqatçı ilə getdik indi yanıb külə dönmüş “Diqlas” Ticarət Mərkəzində üç mağazada mənim mallarımı tapdıq, şəkillərini çəkdik. Oradakı sahibkarlar dedilər ki, onlar geyimlərin kimin olduğunu bilmirlər, gətirib satıblar, onlar da alıblar. Daha sonra getdik “Lotos”da boş mağazanı çəkdik. Müdiriyyət polisin qabağına çıxmadı.  Bundan sonra N.Məhərrəmovun qəbulunda Araz Rəhimovla üzləşdik. O, polis rəisinin yanında mənə və rəisə söz verdi ki, məsələni həll edəcək. Demişdi gedib mallarıma baxım, görüm nə çatışmır. Baxdım ki, mallarımın cəmi 10 faizini qaytarıb yerinə qoyublar. Mən də buna görə A.Rəhimova razılaşmadım və mallarımın hamısını tələb etdim”. 

Sahibkar xanım deyir ki, bundan sonra bütün aidiyyəti qurumlara dəfələrlə şikayət edib, işin araşdırılmasını tələb edib, A.Rəhimovun qanunsuz əməlinə görə cinayət işi açılmasını tələb edib, lakin heç bir nəticə yoxdur. 

Xanım sahibkar deyir ki, onun şikayətinə yenidən ədalətli şəkildə baxılmasa, Prezident Administrasiyasının qarşısında özünə qəsd edəcək.

Göründüyü kimi, iri ticarət obyektinin  rəhbəri kimi tanınan A.Rəhimovla bağlı olduqca ciddi ittihamlar ortaya qoyulub. Bəs maraqlıdır, iş adamının özünün bu məsələyə münasibəti necədir?

Çox çətinliklə olsa da, A.Rəhimovun özü ilə əlaqə yarada bildik. İş adamı “Bakı-Xəbər”ə  fikirlərinin təhrif olunmayacağı təqdirdə danışmağa razılaşdı. Biz də onun fikirlərini olduğu kimi dərc edəcəyimizə söz verdik. A.Rəhimov açıqlamasını media əhlindən gileylə başladı: “Mən bir iş adamıyam. Heç vaxt da reklam olunmağı xoşlamamışam. Mənim adım “Diqlas”ın yanmasından sonra daha çox gündəmə gəlməyə başladı. Dəfələrlə media mənsublarına desəm də, məni yenə də “Diqlas”ın sahibi kimi təqdim edirlər. “Lotos” ticarət mərkəzinə mən rəhbərlik edirəm, amma “Diqlas”ın bir hissəsinə rəhbərlik məndə olub. Yəni mütləq idarəçiliyə sahib deyildim. Görünür, fikirləşirlər ki, yıxılana balta çalmaq lazımdır. Bəziləri fürsətcil davranır,  “Diqlas”dakı yanğından sonra belə şantajlara əl atırlar ki, bizdən nəsə qopara bilsinlər”.

A.Rəhimov deyir ki, özünü zərərçəkən kimi təqdim edən R.Vəliyevanın şikayət etmədiyi instansiya qalmayıb: “Görüblər ki, şər atır, ona görə də dedikləri təsdiqini tapmayıb. İndi də bu yalanlarını media vasitəsilə cəmiyyətə təqdim edir. Onun belə daş-qaşı varıydısa, satıb elə icarə pulunu verərdi də. Özü dili ilə deyir ki, 3260 manat icarə borcu olub. Gəlin 60 kvadratlıq istənilən bir gəlinlik mağazasını audit edək. Görək ora 500 min dollarlıq mal yığmaq olarmı? O, heç satıcılarının pulunu vermirdi. Bu məsələni bütün polis instansiyaları araşdırıb. Onun icarə borcu vardı, uzun müddət yoxa çıxdı, biz tapıb pulu ala bilmirdik. Axırda məcbur qalıb öz satıcıları və qonşu mağazaların iştirakı ilə onun mallarını aktlaşdıraraq götürdük ki, icarə pulunu gətirəndə qaytaraq. Orada ancaq gəlinlik paltarları olub”.

A.Rəhimov deyir ki, bu xanımı əslən naxçıvanlı olan tanınmış iş adamı Bəy Mamedin vasitəsilə tanıyıb: “O vaxt Mamed məndən xahiş etdi ki, qadına 10 min borc verim ki, gedib mal vursun. Baxdım ki, pulu vermək istəmir. Düz bir ildən sonra ondan pulumu istəyəndə dedi ki, bəs bu, Bəy Mamedin pulu deyil? Dedim, ay xanım, Bəy Mamedin pulu mənim kassamda nə gəzir? Mamedə dedim ki, pulun var da, gətir indi sən ver onun əvəzindən, qoy sənə borclu qalsın. Bəy Mamed də qoşuldu ona, başladı mənimlə qırğın etməyə. Həmin pulu iki ilə bu qadından ancaq aldım. Sonra üç ay icarə haqqını vermədi. 3260-a çatanda onun mağazasını bağladım. Dedim pulu gətirməsən mağazanı açmayacam. Başladı şikayətə. Həmin vaxt Nizami rayonunun polis rəisi olan Nofəl Məhərrəmov məni çağırdı ki, bunu yola ver. Gedib Nərimanovun icra başçısının da yanına xahiş etmişdi. Dedim yola verərəm, amma icarə pulunu vaxtlı-vaxtında versin.  Bununla da razılaşmadı. Sonra gəldi ki, mənim dükanımdan “Svrovski” qaşlarım götürülüb. Bu şantaj üsulu ilə çalışdı ki, mağazasını açdırsın, qalan borcunu da ödəməsin. Mənim özüm ibadət edən adamam. İndiyə kimi bir adam deməyib ki, Araz müəllimin obyektində kiminsə malı oğurlanıb. Buranın dörd bir tərəfi kameradır. Mühafizə xidmət göstərir, hansı oğurluqdan söhbət gedə bilər? Bütün vasitələrlə ona xəbər göndərdim gəlmədi. Məlum oldu ki, bu adam, əslində, borcluların əlindən qaçır ki, onu tapa bilməsinlər. Hamıya da deyirmiş ki, Arazdan pulu alıb, sizin borcları bağlayacağam. Bir ondan soruşun görək, 500 min dollarlıq daş-qaşı Azərbaycana hansı vasitələrlə gətirib? Bunun gömrük bəyannaməsi varmı? Bir sözlə, böhtan və şantajdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İSBAM Türkiyədə möhtəşəm layihə icra etdi – FOTOLAR

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihə çərçivəsində İctimai Siyasi Proseslər …