Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Manşet / Klassik YAP-çıdan fərqli mövqe: “Bəs onda niyə Elşad Abdullayev partiyadan uzaqlaşdırılmadı?”

Klassik YAP-çıdan fərqli mövqe: “Bəs onda niyə Elşad Abdullayev partiyadan uzaqlaşdırılmadı?”

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürüb, onların bir qismi partiyadan çıxarılıb. Bu barədə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, YAP Siyasi Şurası və İdarə Heyəti tərəfindən partiyanın seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib: “Partiyanın İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə partiya tərəfindən 125 seçki dairəsindən 123-də deputatlığa namizəd irəli sürülüb. Partiya üzvlərinə də bu qərarda tövsiyə olunurdu ki, partiyanın qərarından kənar hər hansı şəxs partiya adından namizədliyini irəli sürə bilməz. Bununla bağlı rayon təşkilatları, ilk partiya təşkilatları tərəfindən partiya üzvləri arasında geniş işlər, söhbətlər aparıldı, hər bir YAP üzvünə partiyanın qərarı çatdırıldı. YAP Nizamnaməsinin 3-cü bölməsində partiyanın təşkilati prinsipləri və üzvlük qaydalarına dair birinci maddə var. Həmin maddəyə uyğun olaraq, YAP rəhbər orqanlarının qərarı bütün aşağı partiya təşkilatları və onların üzvləri üçün məcburidir. Həmçinin, həmin maddənin 3.7-ci hissəsində göstərilir ki, partiya üzvləri hər bir rəhbər orqanın qərarını yerinə yetirməyə borcludur. Bu qərarları yerinə yetirməyən şəxs partiyanın rəhbər orqanlarının qərarını yerinə yetirmədiyinə görə Nizamnamə tələblərinə uyğun olaraq partiya üzvlüyündən xaric edilir, xəbərdarlıq olunur, töhmət verilir”.

YAP icra katibinin müavini qeyd edib ki, seçki kampaniyası çox ciddi aksiyadır: “Bu prosesdə partiyanın qərarları yekdilliklə yerinə yetirilməlidir. Burada gücün bir istiqamətdə qoyularaq partiyanın ümumi qələbəsinə sərf olunması lazımdır. Əlavə namizədliyini irəli sürən Azərbaycan Respublikasının vətəndaşları və YAP üzvləri var ki, vətəndaş kimi seçkidə iştirak etmək hüququndan istifadə edə bilər. Lakin onlar partiya üzvü olduqları üçün partiyanın rəhbər orqanlarının qərarlarını yerinə yetirməlidirlər. Bu baxımdan, YAP-ın 200-dən çox üzvü namizədliyini partiyanın rəsmi şəkildə irəli sürdüyü namizədlərə alternativ olaraq irəli sürdüyü üçün rayon təşkilatları, ilk təşkilatlar, partiyanın Mərkəzi Aparatı tərəfindən onlarla söhbətlər aparıldı. Nəticə etibarilə onların böyük qismi partiyanın ümumi siyasətini əsas götürərək, eyni zamanda, partiya üzvlüyü ilə bağlı Nizamnamə tələblərini dərk edərək namizədliyini geri götürdü. Bir qrup isə bu və ya digər şəkildə öz fikrində qaldı. Həmin şəxslər partiyanın ilk yerli təşkilatı, rayon təşkilatı tərəfindən partiya Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir. Qalanları ilə bağlı isə Mərkəzi Seçki Komissiyasına qərarlarımızı təqdim etmişik və həmin şəxslər partiyanın adından istifadə etmək hüququndan məhrum olunublar”.

Bizim də müşahidələrimiz göstərir ki, YAP-ın siyahısından kənar olaraq namizədliyini irəli sürən partiya üzvlərinin heç də hamısı partiyanın qərarına tabe olmayıblar. Siyavuş Novruzovun açıqlamasından bu fikrə gəlirik ki, həmin adamların qarşısında konkret şərt qoyulub. Ya namizədliyinin geri götürülməsi, ya da partiyadan çıxarılıb namizədliyə davam. İkincini seçənlər də olub. Deputatlığa namizəd olmağı YAP-dan xaric olmaqdan üstün tutan namizədlərin hərəkətinə hansı qiyməti verə bilərik?

  • Musa Musayev: “Bəs onda niyə Elşad Abdullayev partiyadan uzaqlaşdırılmadı?”

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir addıma görə YAP-çıların partiyadan çıxarılmasının əleyhinədir: “Mən bu partiyanın yaradıcılarından biriyəm. Belə bir qərarın bizim Nizamnamədə olmasından xəbərim yoxdur. Əgər vardısa, onda niyə bütün seçkilərdə təmin edilməyib? Mən sizə bir misal çəkim. 2005-ci ildə YAP mənim namizədliyimi irəli sürmüşdü. Həmin vaxt mənim namizəd olduğum 8 saylı Binəqədi seçki dairəsindən 24 alternativ vardı. Onlardan biri də Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev idi. O vaxt Elşad Abdullayev YAP Binəqədi İdarə Heyətinin üzvü idi. Bəs onda niyə Elşad Abdullayev partiyadan uzaqlaşdırılmadı? Hətta həmin il 9 saylı Binəqədi seçki dairəsində keçirilən təkrar seçkilərdə partiya tərəfindən namizəd kimi irəli sürüldü. Mən mediada gördüm ki, Siyavuş Novruzov belə bəyanat verib ki, özbaşına namizədliyini irəli sürənlər partiyadan xaric edilsin. Mən Siyasi Şuranın üzvü kimi belə bir qərarın qəbul olunmasından xəbərsizəm. Hesab edirəm ki, hər bir şəxsin namizəd olmaq haqqına hörmətlə yanaşmaq lazımdır. Hər bir namizədin öz tərəfdarı var. Onların namizəd olması həm də seçici fəallığını artırardı. YAP çox nəhəng bir partiyadır. Bütün iddialıların namizədliyini partiya irəli sürmək imkanına malik deyil. Amma nəzərə alaq ki, siyahıdan kənarda qalan bəzi şəxslərin də belə iddiası ola bilər. Biz onları partiyadan çıxarmaqla həm də üzvlər arasında narazılıq yarada bilərik. Elə adam var ki, 1992-ci ildən partiyanın üzvüdür. Namizəd olmaq istəyinə görə onun partiyadan çıxarılması bir qədər anlaşılan deyil”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan XİN rəhbərləri həmsədrlərlə görüşəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab …