Şənbə , Yanvar 23 2021
Ana səhifə / Manşet / KİVDF-dən MEDİA-ya… “Adiozların” görünməyən izi, Qlobal islahat sənədi… Aydın QULİYEV yazır

KİVDF-dən MEDİA-ya… “Adiozların” görünməyən izi, Qlobal islahat sənədi… Aydın QULİYEV yazır

Azərbaycanın Kutləvi İnformasiya Vasitələri sahəsində müstəqillik illərində bir neçə mərhələdə islahat xarakterli addım və tədbirlərin şahidi olsaq da, ən əhatəli, dərin, çoxşaxəli və daha uzun bir dövrün əsaslı inkişaf təmayüllərini doğurmaq gücünə malik ilk ümumi islahat qərarı nəhayət verildi.

Prezidentin xüsusi sərəncamı ilə keçmiş KİVDF-nin bazasında Media İnkişafı Agentliyinin yaradılmasını Azərbaycanda media sektorunun bütün müstəqillik dövrü ərzində ən mükəmməl və qlobal İslahat sənədi adlandırmaq olar. Prezident İlham Əliyevin müvafiq fərmanı Azərbaycanda nəhayət hər kəsin gözləntilərinə uyğun faktı gerçəkləşdirdi. Nəhayət ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq geniş səlahiyyətlərə malik, samballı, yolu üstündə meydana çıxa biləcək hər problemi öz qanuni səlahiyyətləri sayəsində yüksək səviyyədə həll edə biləcək və bu zaman şərəfli mediamızın ad-sanına uyğun olan güclü bir struktur yaradıldı. Prezident özünün bu orijinal islahat qərarı ilə Azərbaycanda ümumi islahatlar siyasətinin fasiləsiz, sistemli və məqsədyönlü davam etdirilməsi kursuna nə qədər sadiq olduğunu bir daha göstərdi.

Hazırkı media islahatını ölkədə xüsusilə 2019-2020-ci illərdə daha intensiv həyata keçirilmiş və davam etdirilən kadr, struktur, idarəetmə, iqtisadi, sosial və siyasi islahatların davamı və tərkib hissəsi saymaq lazımdır.

Formal olaraq KİVDF adının Medianın İnkişafı Agentliyinə dəyişdirildiyi kimi görünən addımı sadəcə ad dəyişikliyi kimi qəbul etmək və bu yanlış təsəvvürdən irəli gələrək iqtisadi və ya sosial islahatların media islahatları ilə nə əlaqəsi var kimi sadəlövh sual qoymaq təbii ki, qəti şəkildə yolverilməzdir.

Beləliklə sosial, ya iqtisadi islahatlarla media islahatlarının nə bağlılığı var sualının mahiyyətinə baxaq. Əgər iqtisadi, sosial, ya hərbi islahatların birbaşa əsas məqsədi Azərbaycanda “güclü dövlət” konsepsiyasını praktik olaraq həyata keçirməkdirsə, bu hədəfin media islahatlarından kənarda hər hansı uğurundan danışmaq olmaz. Çünki təcrübə göstərdi ki, güclü media olmayan yerdə güclü dövlətdən danışmaq mümkünsüzdür. Öz dövlətinin dəstəyinə söykənməyən medianın isə nəinki güclü olmaq şansları itirilir, hətta belə media öz fiziki mövcudluğunu da saxlaya bilmir və səhnəni iflas sonluğu ilə tərk edir. Son on illərdə sıradan çıxmış media orqanlarının acı təcrübəsi sübut etdi ki, onlar öz fəaliyyətlərində əsasən şəffaf olmayan maliyyələşmə qaydalarının, şübhəli beynəlxalq ideoloji mərkəzlərlə çirkin işbirliklərinin qurbanları oldular. Əksinə, öz peşəkar prinsiplərinə və dövlətçilik təəssübünə bağlı media orqanları gələcək inkişafın ən təminatlı yollarına çıxa bildilər. Azərbaycan mediasının heç vaxt indiki qədər güclü olmadığı və daha böyük inkişaf perspektivləri tapmasının səbəbi də məhz peşəkarlıq-dövlətçilik vəhdəti prinsipinə bağlı olmasındadır. Bu mənada Prezidentin 11 il əvvəl yaradılmış KİVDF-nin iş təcrübəsinə yaradıcı və müasir inkişaf tələblərinə həssas yanaşaraq onun bazası üzərində MEDİA-nı yaratması Azərbaycanda güclü dövlət konsepsiyasının tələbi və məntiqi inkişafı kimi nəzərdən keçirilməlidir.

Yeni media islahatının konseptual sənədi sayılan Prezident fərmanının təqdirəlayiq xüsusiyyətlərindən biri bütün mütərəqqi və davamlı inkişaf trendlərinə xas olan qaydada ənənənin davam etdirilməsi, varisliyin gözlənilməsi, mütərəqqi təcrübənin davam etdirilməsi və bütün subyektiv təsirləri bir kənara qoyaraq yalnız və yalnız sahənin özünün obyektiv inkişaf tələblərindən çıxış etməsidir. Konkret deyilsə, dövlət və ictimai mənafeləri nadancasına bir kənara qoyaraq öz miskin şəxsi maraq və ya qisasçılıq motivlərinə meydan verən və buna görə də mediaya dövlətin dəstəyini artıq və bəzən hətta ziyanlı sayan “odiozların” bu sonuncu islahat konsepsiyasında heç bir təsir izi görsənmir. Yeni islahat konsepsiyasının hazırlanmasında dövlətin, ictimaiyyətin və medianın üst-üstə düşən maraqlarına sağlam yanaşan zehniyyət və dünyagörüşün birmənalı təsirini görürük. Prezidentin fərmanında milli mediamızın indiyə qədərki fəaliyyətinin məqbul dəyərləndirilməsi, ölkəmizin həqiqətlərinin xalqa və dünya ictimaiyyətinə dolğun çatdırılmasındakı roluna müsbət qiymət verilməsi bunun təsdiqidir. Bu eyni zamanda Prezidentin vətənsevər, peşəkar və dövlətçi mediaya, eləcə də jurnalistlərə nə qədər həssas yanaşmasının təzahürüdür. Prezidentin on illərlə ölçülən media siyasətinin müxtəlif mərhələlərinin bir-birinə səbəb və nəticə əlaqəsi ilə necə bağlı olduğunu da aydın görürük. Bir-birini inkar və ya təkzib edən elementlər və yanaşmalar yoxdur, hər şey mediamızın güclü dövlət konsepsiyası içində davamlı və fasiləsiz inkişaf məntiqinə uyğun düşünülüb.

Prezidentin MEDİA islahatı həm bütün media subyektləri olan çap, audiovizual, onlayn media seqmentlərinin və informasiya agentliklərinin inkişafında yeni mərhələ başlatmaq gücündədir, həm də bu vacib sektora dünyada analoqu olmayan dövlət dəstəyi mexanizminin özünün inkişafında böyük mərhələ açmaq potensialı daşıyır.

Ortada nələr ediləcək və nələr dəyişəcək kimi düşündürücü sual varsa da, fərman bu sualın tam ehtivalı cavablarını verir. Fərmanda unudulan bir istiqamət belə yoxdur. Bütün istiqamətləri kompleks halda nəzərdən keçirmək kifayətdir ki, islahatlara inkişaf məqsədi kimi seçilmiş mediamızın hansı üfüqlər qarşısında olduğunu görə bilək. Müxtəlif media subyektlərinin vahid və şəffaf mexanizm əsasında maliyyələşdirilməsi və strateji-ideoloji platforma ilə təmin ediləcəyinin bütün əlamətləri görünür. Çoxdan düşünülən və hətta bəzilərinin zaman-zaman az qala qeyri-mümkün hesab etdikləri bir sistemin əslində nə qədər real və mümkün olduğu təsdiqlənir – Media ilə bağlı vahid və güclü bir struktur… Dövlətə də, cəmiyyətə də, medianın özünə də faydası mütləq olan bir struktur…

İndiyə qədər tək-tək media qurumlarını az qala biznes strukturu kimi görmək istəyən baxışlarda müəyyən mübahisəli məqamların olduğunu görürdük. Prezidentin Medianın İnkişafı Agentliyini yaratması bu çoxdankı mübahisənin ən optimal və perspektivli həll yolunu tətbiq etmək baxımından da dəyərlidir. Baxın, ayrı-ayrı media qurumlarının, sayt, qəzet, tv, agentliklərin məcburi qaydada həm də biznes-kommersiya strukturuna çevrilməsindən əvvəl özü ideoloji-metodik idarəçiliklə bərabər sahibkarlıq funksiyalarını da üzərinə götürən publik-hüquqi şəxs yaradıldı. İndi media qurumlarının da, yeni Agentliyin də qarşısında kifayət qədər geniş peşə və publik hüquqi fəaliyyət formaları açıldı. Bu formalar öz məzmununa görə media orqanları və jurnalistlər qarşısında daha geniş ixtisas artırma, peşəkar yüksəliş və sosial təminat imkanları açır, medianın müstəqilliyini, maddi-texniki təminatını, informasiya-kommunikasiya texnologiyalarına və innovasiyalara yiyələnmək perspektivini genişləndirir, real iqtisadi müstəqilliyi milli medianın atributlarından birinə çevirir.

İslahatın mühüm tərkib elementlərindən biri media qurumlarının dövlət orqanları və cəmiyyətlə əlaqələrinin daha şəffaf və işgüzar əməkdaşlıq xarakteri alması perspektivinə şanslar açmasıdır. Bu sahədə mövcud ibtidai səviyyəli əməkdaşlıq mexanizmlərinin daha da zənginləşdiriləcəyi islahat fərmanında dəqiq ifadə edilir. Milli media qurumlarımızın dövlət eqidası altında peşəkar beynəlxalq əlaqələr sahəsində Prezident fərmanı ilə nəzərdə tutulmuş islahatları da bura əlavə etsək, mediamızın qarşısında yeniliklərin sürətlə tətbiq olunduğu vahid dünya informasiya məkanı ilə sıx inteqrasiya platformasının açıldığını görə bilərik.

Milli mətbuat sivilizasiyamızın 145 illik dəyərlərinə qayğıkeş və qoruyucu münasibət islahatın qiymətli elementlərindən biridir. Çap mediası məhsullarının satış və abunə ilə yayımına dəstək mexanizmlərinə xüsusi yer saxlayan islahatların möhkəm tarixi və mənəvi dəyərlərə söykəndiyi göz qabağındadır. Əlavə ixtisas təhsili ilə yeni kadrların formalaşdırılması, jurnalist əməyinin daha da stimullaşdırılması üçün geniş təşəbbüslərə meydan tanıyan islahat media sektorunda köhnəlmiş idarəçilik sisteminin də çox sayda yeni elementlər və strukturlar hesabına zənginləşəcəyindən xəbər verir.

Hazırkı islahatla mediamızın öz daxilindən əlavə reaktiv güc mənbəyi tapacağı şübhəsizdir. Problemlər və çətinliklər meydana çıxacaqsa indi yaradılan media idarəçilik sistemi onların həlli mexanizmlərini də dərhal tapa biləcək. Hər yerindən qalxan həvəskarın, diletantın, kənar “ekspertin” Media İdarəçilik Sisteminə yol göstərməyə çalışması kimi əcaib praktikalara da yəqin ki, yer olmayacaq…

Aydın QULİYEV

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …