Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Manşet / Keçmişdən gəlmiş radikal qrup və Azərbaycanın gələcəyi…

Keçmişdən gəlmiş radikal qrup və Azərbaycanın gələcəyi…

İndi Azərbaycan meydanlara çıxarılmış 3-5 minlik radikalın hakimiyyət dəyişikliyinə nail ola biləcəyi ölkələrdən deyil. Sayı on, yüz minlərlə, milyonla ölçülən narazı etirazçılar isə hazırda Azərbaycanda sadəcə yoxdur. Bu qədər insan 90-cı illərin əvvəllərində ölkəmizə müstəqillik istəyi ilə meydanlara çıxmısdı. İndi onlar ayağa qalxıb öz dövlətini yıxmayacaq ki…

Əslində indi on, yüz minləri etiraza qaldıra bilən motiv də yoxdur. Ancaq bu reallıqla barışa bilməyən bir neçə radikal siyasi təşkilat rəhbəri inadından dönmür, bu yolda sərf etdiyi Sizif əməyinin müqabilində ancaq 3-5 min nəfər sıravi radikalı ayağa qaldırmağa nüvəffəq ola bilirlər. Doğrudanmı bu adamlar indi Azərbaycandakı siyasi vəziyyətin 25-30 il əvvəlkindən köklü surətdə fərqləndiyini görə bilmirlər? Deyəsən, görmədikləri və ya görmək istəmədikləri tək bu deyil. Onu da görmurlər ki, keçmiş sovet-sosialist məkanında 90-cı illərin əvvəllərində birtəhər hakimiyyətə gəlib çatmış təşkilatlar və qaragüruhçu qruplar sonra bir daha hakimiyyətə qayıda bilmədilər. Bəziləri, məsələn, Pribaltika ölkələrinin ilk istiqlalçı hakimiyyətləri sonradan heç ümumiyyətlə hakimiyyətə qayıtmaq istəmədilər, hesab etdilər ki, öz işlərini görüblər. Onlar öz tarixlərində hörmətli qaldılar, mitinq və küçə yürüşləri kimi radikal davranışların ancaq müstəqilliyə qədərki mərhələnin işi olması ilə barışdılar. Ancaq digərləri, məsələn, Azərbaycanda AXC-Müsavat iqtidarı kimi, reallıqlarla barışmır, qayıtmaq üçün əldən-ayaqdan gedir, görə bilmirlər ki, keçmiş sovet-sosialist məkanında müstəqillik dövrünün ilk hakimiyyətləri yıxılandan və ya özləri gedəndən sonra bir daha hakimiyyətə qayıda bilmədilər. Azərbaycanda da belədir və belə də olacaq. Bir neçə il hakimiyyətdə olub xalqın yadında qalası bəzi işləri görmüş iqtidarlar qayıda bilmədisə, natamam bir il ölkəni idarəsizlik içində batıran AXC-Müsavat hakimiyyəti necə qayıda bilər?! Sirf tarixi təsadüf üzündən hakimiyyətə gəlmişdilər, bacarıqsızlıq üzündən isə onu itirdilər. Doğrudur, ad qoyurlar ki, bizi Heydər Əliyev devirdi. Ancaq hətta siyasətdən çox üzaq insanlar da hər seyə çox sadə bir məntiqlə əmindirlər – siyasət ağıllı mübarizədir, bacarıb da, sizlər Heydər Əliyevə qalib gələydiniz”. Məşhur Pikulun “Favorit”romanında müdrikcəsinə yazdığı kimi, “Qalib gəldinsə, şan-şöhrət sahibisən, məğlub oldunsa, haydı tarixın edam kürsüsünə…”

Yanvarın 19-da bir neçə min adamı mitinqə çıxaranların bu hadisəni böyük qələbə kimi qələmə vermək cəhdini ironiyasız qarşılamaq olmur. Bu nəyin qələbəsidir? 25 ildə adicə mitinqlərdə çıxış etmək bacarıqlarının dəyişməz qaldığını nümayiş etdirməyə qələbə deyirlər? Yoxsa aksiyada bircə nəfər diplomatik korpus nümayəndəsinin gözə dəyməməsidir qələbə? 93-cü ildə bu dəstə hakimiyyətdən gedəndə indiki 2-3 minlik elektoratları qədər adam ortaya çıxıb onlara “getməyin ” demədi, çünki cəmiyyətimiz əksərən onların qalmasını istəmirdi. Bu görkəmdə hakimiyyətdən gedənlərin indi hansı üzlə təkrar hakimiyyətə qayıtmaq iddiasına düşməsini anlamaq olmur. Üstəlik, o zaman hakimiyyətdən gedənlərin indi heç 10 faizi də bir arada deyil. Elə pərən-pərən düşüblər ki, hansısa ideyanın onları yenidən bir yerə toplaya biləcəyi heç bir halda mümkün görünmür. Əslində isə, onlar heç hakimiyyətdən gedəndə də bir yerdə deyildilər…

93-cü ildən başlayaraq indiyə kimi böyük hay-küylə yaratdıqları və çox qısa müddətdə adi səbəblərdən dağılıb getmiş müxalifətdaxili ittifaqların sayı-hesabı bilinmir. Hətta bu hadisələrin canlı şahidi olanlar da çox şeyləri xatırlaya bilmir. Kimsə nə vaxtsa bu saysız saziş və ittifaqların tarixini araşdırmaq fikrinə düşsə, bu mənasız araşdırmanın kimə və nəyə faydalı olacağını təsəvvür belə etmək çətindir. Dünən saziş imzalayıb bu gün ayrılırdılar və bu zaman bir-birinin şəxsinə və ailə həyatına hansı nifrinləri yağdırdıqları yada düşəndə adam indi də utanır. Özü də hər şey adi bir məsələdən başlayırdı. Tutalım, biri deyirdi ki, sənin qəzetindəki filan müxbir bir məqaləsində mənim barəmdə sətiraltı olaraq belə yazmışdı və sair. Sonrakı qırğın-qiyamətin hədəfi isə ailələr, şəxsi ləyaqət hissləri olurdu, əlbəttə, var idisə… Formaca kişi partiya rəhbərlərinin bir-birinin barəsində açıq mətbuatda “filankəs xanım”və s. kimi qeyri etik və təhqiramız sözlər işlətdiyi, üstündən heç bir həftə keçməmiş yenidən qucaqlaşıb öpüşdükləri unudulubmu? Belələri indi də bir yerə toplaşmaq və cəmiyyətə siyasi perspektiv göstərmək xülyasındadır.

90-cı illərdə də ideya ətrafinda birləşməmişdilər. Ya da birləşdikləri ideyanı çox tezliklə ayaqlar altına elə atdılar ki, hətta rəhmətlik Elçıbəy özü də dilə gələrək, “tankların qabağında duranlar rüşvətin qabağında dura bilmədi” dedi. Birləşdikləri sadəcə mənafelər idi, o da dağılıb getdi.

Ölkənin içindən, çölündən nə qədər çağırışlar etsələr də, “Məhsul”a cəmi 2-3 min adam toplaya bilmələrinin səbəbləri yavaş-yavaş görünməyə başlayır. Ora hələ bu sayda da adamın niyə gəldiyi sual doğurur. Demək, onların hansısa hussəsi də yanlışlıq içindədir və mitinqdən-mitinqə bunu anlayacaqlar. Anlayacaqlar ki, 25-30 ildə radikal siyasi düşüncəni dəyişə bilməyənlər hakimiyyət üçün yaranmayıb, onlara hakimiyyət vermək təhlükəlidir, bu düşüncə ilə onların hakimiyyəti necə idarə edəcəkləri belə dəhşətli görünür. Mitinqdə adicə danışmağı da öyrənməyiblər. Həmin çığır-bağır, qulaq batıran bezdirici populist ton, “eşq olsun sizlərə” kimi əttökən şüarlar… Belələrinə heç on dəqiqə də qulaq asmaq olmur. Çünki heç nə öyrənmək və heç bir perspektiv götürmək mümkün deyil. Ancaq vurmaq, asıb-kəsmək, hədə-qorxu gəlməkdi. Cəmiyyət belələrinə yaxın durmaqdan xoflanır. Onlara qoşulub hara getmək olar və bu qoşulma hansı perspektiv vəd edir? Ancaq toqquşma, mənasız gərginlik, yaralanmaq, əzilmək və sair.

Liderliyin mühüm keyfiyyətlərindən biri öz tərəfdarlarını ən qısa müddətdə hədəfə çatdırmaqdı. “Məhsul”da özünü qalib liderlər kimi göstərənlər bunu bacarırmı? 25 ildə öz azsaylı tərəfdarlarına əzab-əziyyət, məşəqqət və məhrumiyyətdən başqa nə verə bildilər? Hər şeyə qatlaşıb onların arxasınca gedənlər əslində, nəticəsiz də olsa, onlara liderlik etməyin “ləzzətini” yaşatdılar. Düz 25 il… Kimin kimə borcu var indi? Yəqin bu sadə insanlar nəhayət bir gün fərqinə varacaq ki, 25 ilin uğursuz liderləri Musa peyğəmbər, özləri isə onların arxasınca min il səbrlə gedən toplum deyil…

Radikal siyasi çağırışlarla bir qrup insanı şirnikləndirib evindən küçə-bayıra səsləyənlərin partiya, mənafe qrupu ya hərəkat olması da məlum deyil. Gurultulu şəkildə Milli Şura deyilən qurumda millətin simaları, ziyalıları, alimləri, intellektuallarl, şairləri, yazıçıları, ağsaqqal-ağbirçəkləri yoxdu. Tutulan yol yanlışdısa, fəlakət və ya qeyri-müəyyənliyə aparırsa onlara necə qoşulmaq olar? Milli Şura Azərbaycanın keçmişdən gəlmiş atavizmidir, keçmişdən gələnlər isə ölkəni irəli apara bilməz.

İnsanları düşündürən başqa bir maraqlı sual da var. Radikallar bu gün ölkədəki sabitliyi pozmağı hədəfləyib. Nəzəri də olsa, bir anlığa bu hədəfi gerçək hesab etsək, hazırkı əminamanlığın daha yaxşı alternativinin olub-olmaması sualı ortaya çıxır. Cəmiyyətimiz acı Suriya, Liviya, İraq, Misir təcrübəsindən xəbərdar olduğu üçün indiki sabitliyin layiqli alternativinin sadəcə olmadığına əmindir. On milyonluq ölkədə radikal “Məhsuldarların” meydanda cəmi 2-3 min nəfərlə tək qalmalarının səbəbi də elə budur. Bu radikallardan xoflanıb kənar gəzənlər isə təkcə Azərbaycan cəmiyyəti deyil. Heç xaricdə də onlara sahib çıxmaq istəyən sanballı dairələr yoxdur.

Bütün dünyada belədir – radikallar, sanki üstünə qurd yağı sürtülmüş adamlar kimi, hamını özündən kənara itələyir. Dünyada siyasi qüvvələrin bir neçə inteqrasiya qurumları var və sağçı, solçu, liberal, millətçi siyasi partiyalar və hərəkatlar öz aralarında qruplaşırlar. Azərbaycanın radikalları isə elmi təsnifat keyfiyyətlərindən məhrum olduqları üçün onların sağçı, solçu, ya millətçi olduğunu təyin etmək mümkün deyil. Marginallaşma sona qədər öz işini görüb. Buna görə də dünyanın heç bir partiyalararası və hərəkatlararası inteqrasiya qurumu bizim radikalları yaxına qoymur. Öz cəmiyyətimizdən və dünyadan təcrid olunmuş, üstəlik keçmişdən qalmış kiçik siyasi qrup Azərbaycanı hansı məntiqlə gələcəyə apara bilər?!…

Aydın QULİYEV

Həmçinin oxuyun

Azərbaycan Vaşinqtondakı görüşdən də irəliləyiş gözləmir – Hikmət Hacıyev nələrə əsaslanır…

Məlahət İbrahimqızı: “Yaxşı olardı ki, həmsədrlər indiyə kimi problemin həllinə dair mexanizm tapaydılar” Prezidentin köməkçisi, …