Ana səhifə / Manşet / Keçmiş nazirin xaricdəki şirkətlərinə Qərb Universitetinin de-fakto rektoru başçılıq edir

Keçmiş nazirin xaricdəki şirkətlərinə Qərb Universitetinin de-fakto rektoru başçılıq edir

Xəbər verdiyimiz kimi keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin bir sıra Avropa ölkələrində və Türkiyədə çoxsaylı şirkətləri, daşınmaz əmlakları, geniş biznes şəbəkəsi var. Bu biznes şəbəkəsi keçmiş nazirin oğlu Lətif Bağırovun, qızı Sevinc Bağırovanın, qohumu Aliyə Nuriyevanın, bacısı Duriyə Nuriyevanın, digər qohumu Liana Bağırovanın adına rəsmiləşdirilib.

Virtualaz.org növbəti araşdırmasını  keçmiş nazirin ailə üzvlərindən birinin-bacısı Duriyə Nuriyevanın barəsində aparıb və internet mənbələrindən, biznes-reystrlərdən onun səhmdarı, direktoru olduğu şirkətlər, şirkətlərinin hesablarındakı pullar barədə bir sıra məlumatlar əldə edib.

Xanım Nuriyeva 1958-ci ilin mayında anadan olub. Britaniyanın şirkətlər və onların direktorları barədə internet kataloqunda (checkcompany.co.uk) göstərilir ki, Nuriyeva Duriyə Seyid qızı azərbaycanlıdır və Azərbaycanda yaşayır. Onun adı ən azı 3 şirkətlə bağlıdır, həmin şirkətlərin məcmu nizamnamə kapitalı 172 min 826 funt sterlinqdir və hesablarında 316 min 196 funt sterlinq vəsait var. Bu, üç il əvvələ olan məlumatdır. Nuriyevanın sonuncu təyinatı 08.10.2015-ci il tarixdə olub, o, “ROMERSTAL INVESTMENTS LIMITED” şirkətinə direktor seçilib. Lakin bu şirkət hazırda aktiv deyil.

Bununla belə xanım Nuriyeva hazırda fəaliyyətdə olan “NORDFIELDS INVESTMENTS LIMITED” şirkətində də direktor olub-həmin vəzifəyə 2013-cü ilin martında seçilib, 2017-ci ilin noyabrında istefa verib.

Duriyə Nuriyeva Bakıda Hüseynqulu Bağırova məxsus olan Qərb Universitetinin vitse-prezidentidir. Əslində isə universitetdə birinci şəxsdir, rektor vəzifəsini formal olaraq xarici vətəndaş icra edir. Universitetə zəng vurub xanım Nuriyeva barədə soruşanda onun barəsində məhz “rektor” kimi bəhs etdilər, ancaq bildirdilər ki, hazırda işdə deyil.

Nuriyevanın Londondakı qeydiyyat ünvanı kimi 85-87, Borough High Street, London göstərilir. Həmin ünvanda Bağırovların mülkiyyətində olan bina yerləşir.

Britaniyada Duriyə Nuriyevanın direktor olduğu şirkətlərin bank hesablarında 412 min funt sterlinq vəsait var, cari aktivlərinin ümumi dəyəri isə 1.8 milyon funt sterlinq göstərilir. (companycheck.co.uk)

Digər mənbəyə əsasən Nuriyeva Duriyə Seyid qızı 2015-ci ilin martında “NORDFIELDS POPINJAY LIMITED”(Qeydiyyat nömrəsi: SC499421, ünvan: 23 Main Street, Drymen, United Kingdom, G63 0BQ ) adlı şirkətdə də direktor vəzifəsində göstərilib.

Düriyyə Nuriyeva hələ 2012-ci ildə Londonda WESTERN EDUCATIONAL CONSULTANCY LIMITED şirkətini açıb (qeydiyyat şəhadətnaməsi 08187544). Bir neçə əmlak aldıqdan sonra 31 mart 2015-ci ildə qapadılıb. Bundan bir neçə ay sonra Hüseynqulu Bağırov Birləşmiş Krallıqda daha bir şirkət açır.

Bağırovlar ailəsinə məxsus WU TRAINING CENTRE UK LTD şirkəti də nazirin bacısı Düriyyə Nuriyevanın adına Londonda 10 dekabr 2014-cü ildə qeydiyyatdan keçib və 09348729 saylı şəhadətnamə ilə 31 may 2016-cı il tarixə qədər Borough High Street 85, London, England ünvanında fəaliyyət göstərib.

Birləşmiş Krallıqda şirkət direktorları barədə hesabatlar tərtib edən www.datocapital.uk saytında isə göstərilir ki, xanım Nuriyeva 2012-ci il avqustun 22-dən 2017-ciSouthwark Aberdeen City və Edinburg şəhərlərində dəfələrlə səfərdə olub-onun adı ilə bağlı olan şirkətlərdə direktor vəzifəsinə seçilmək və ya bu vəzifələrdən istefa vermək üçün. (https://www.datocapital.uk/executives/Duriya-Nuriyeva.html)

Bunlar Böyük Britaniyanın biznes reyestrlərində yer alan məlumatlardır. Lakin xanım Nuriyevanın-keçmiş nazirin bacısının adı keçən şirkətlərin coğrafiyası bu ölkə ilə məhdudlaşmır. Xəbər verildiyi kimi Nuriyevanın adı Bağırovlar ailəsinin 2011-ci ildə Çexiyada qeydiyyatdan keçirdikləri “İsla İnvestment” adlı şirkətin təsisçiləri və icraçı direktoru qismində də keçir (https://rejstrik-firem.kurzy.cz/24835951/isla-investment-sro/)

 

Almaniyada isə xanım Nuriyeva qardaşı oğlunun təsisçisi olduğu “WU IMMO CENTER GMBH “ adlı şirkətin direktoru olaraq göstərilir. Bu şirkətin nizamnamə kapitalı 25 min avrodur (https://web2.cylex.de/firma-home/wu-immo-center-gmbh-11708373.html)

Duriyə Nuriyeva Bağırovlar ailəsinin daha bir ölkədə-Kiprdə qeydiyyatdan keçirdikləri şirkətdə də (“WELGEAR INVESTMENTS LIMITED”) direktor kimi göstərilir: (http://cy-check.com/welgear-investments-limited/308943.html) Bu şirkət kommersiya daşınmaz əmlakın icarəyə verilməsi biznesi ilə məşğuldur.

Türkiyədə də  Nuriyevanın adına bağlı şirkət fəaliyyət göstərir. Bu, “Otak Turizm Otelcilik İnşaat Limited Şirketi”dir. Şirkətin səlahiyyətli şəxsi olaraq Duriyə Nuriyeva göstərilir. Ünvanı belədir: Barbaros Mah. Leylak Sok. Ağaoğlu Andromeda C4 Blok D. 50 Ataşehir (http://www.firmailanlari.com/Firmalar/Otak-Turizm-Otelcilik-Insaat-Limited-Sirketi-241769). Bundan əvvəl isə Bağırovların Türkiyədəki daha bir şirkəti barədə məlumatlar verilmişdi – STS TURİZM VE OTELCİLİK İNŞAAT LİMİTED.

Xanım Nuriyevanın adı keçən bütün bu şirkətlər Hüseynqulu Bağırovun nazir işlədiyi illərdə açılıb və fəaliyyət göstərib. Başqa sözlə, digər ailə üzvləri kimi onun bacısı da bu işlərdə ehtimal ki, formal rola malikdir. Keçmiş nazirin ailə biznes imperiyasını onun oğlu idarə edir.

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …