Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Jurnalistlərin üçüncü binasındakı mənzillərin paylanması niyə sabotaj edilir?

Jurnalistlərin üçüncü binasındakı mənzillərin paylanması niyə sabotaj edilir?

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə elə bir hal olmayıb ki, o, hansısa layihəni həyata keçirərkən daha sonra həmin layihənin təyinatını dəyişdirsin. Belə bir presedent yoxdur.

Jurnalistlər üçün nəzərdə tutulan hər üç binanın təməlini Prezident şəxsən özü atıb və jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasının vacibliyini həmişə önə çəkib. İki bina jurnalistlərə verildi, üçüncü binanı da Prezident jurnalistlər üçün tikdirib. Prezident özü deyir ki, elə bir hal olmayıb ki, söz versin, amma arxasında dayanmasın və bu sözləri yerinə yetirilməsin.

İ.Əliyev iki gün öncə – yanvarın 17-də Çinin CGTN telekanalına verdiyi müsahibədə deyib:

“Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam.”

Sözümü nəyə gətirirəm? İ.Əliyev verdiyi sözlərdən imtina etməyib, onun rəhbərliyi altında hansısa layihənin əvvəldən təyinatı nə olubsa, sona qədər də bu təyinat dəyişməyib.

Cənablar, siz nə edirsiniz, kimin iradəsinə qarşı çıxırsınız və niyə çalışırsınız ki, Prezident verdiyi sözü yerinə yetirməsin? Məqsədiniz nədir?

Prezidentin bu nəcib təşəbbüsünü – binanın təyinatını niyə dəyişdirirsiniz? Əgər bunu edəcəksinizsə, bu hal İ.Əliyevin hakimiyyəti dövründə ilk presedent olacaq. İlk dəfə onun tapşırığının təyinatı dəyişdiriləcək. Özü də hiyləgərcəsinə… Bu işə də şəhid ailələrini, qaziləri alət etmək isə Prezidentə qarşı hörmətsizlikdir.

Prezidentin tapşırığı ilə şəhid ailələri, qazilər mənzillərlə təmin olunurlar. Eyni zamanda, dövlətin on minlərlə mənzil ehtiyatı var, şəhid ailələrinin, qazilərin problemini həll etmək üçün başqa bir həssas təbəqənin – jurnalistlərin haqqını qəsb etmək yolverilmədir!

Mən bilirəm ki, üçüncü binanın jurnalistlərə verilməsinə ona görə əngəl olursunuz ki, siz bu mənzilləri ədalətli şəkildə bölüşdürəcəyinizə əmin deyilsiniz. Başa düşürsünüz ki, ədalətli bölgü apara bilməyəcəksiniz, alınmayacaq, ona görə də özünüzü problemə soxmaq, jurnalistlərin hədəfinə gəlmək istəmirsiniz.

Amma ortada Prezidentin sözü, iradəsi var: ya onun verdiyi sözü dəyişdirib öz mövqeyinizi qorumağa çalışacaqsınız, ya da Prezidentin bu humanist təşəbbüsünün reallaşması üçün öz çıxarlarınızdan əl çəkəcəksiniz! Seçim sizindir!

Amma mən inanıram ki, Prezident bütün təhrikedici məlumatlara rəğmən bu dəfə də jurnalistlərin yanında olacaq.

Ölkədə ciddi xidmətləri olan, ağır mənzil şəraitində, illərlə kirayədə yaşayan peşəkar jurnalistlər var. Pafossuz deyirəm, onların hər biri yaşayan şəhiddir!

Əgər zamanında bu mənzillər ədalətli şəkildə bölünməyibsə, buna görə jurnalistləri son ümidlərindən də qoparmaq lazım deyil. Həqiqətən seçim olsa, hazırda ölkədə mənzilə ehtiyacı olan və həqiqi jurnalistika ilə məşğul olan çox az sayda jurnalist var. Yəni, məcbur deyilsiniz ki, 256 mənzilin hamısını jurnalistlərə verəsiniz. 30-50 jurnalist ola, ya da olmaya…

Jurnalistlərə mənzillərin verilməməsi üçün müraciətə imza atanların çoxu o binalardan ev alıb. Özünü müxalif jurnalist kimi göstərən şəxslərə də müxtəlif məmurlar vasitəsilə mənzillər paylayırsınız. Hələ o jurnalistlərin həyasızlığına baxın, hökumətdən gizli şəkildə ev almağı məqbul hesab edirlər. Amma rəsmi siyahı ilə alanlara da “hökumət jurnalistləri” deyirlər. Onların bir qismi “ziyalı” adı altında hökumətdən ev, bağ alıb, aylıq da paket alır, bir qismi də dünənin səfil-bu günün oliqarx jurnalistləridir, bir hissəsinin isə ümumiyyətlə, mətbuata dəxli yoxdur.

Klassik və pafos dolu fikirlərdən də qaçın: guya jurnalist dövlətdən ev alandan sonra müstəqil olmur. Oradan ev alıb bu günə qədər də müstəqilliyini qorumağa çalışan jurnalistlər var. Oradan ev alan hansısa dələduz montajorlar, katibələr başa düşsünlər ki, başqa kişilərin evində öz ailələrini saxlayırlar. Bu, bir damğadır, əbədi!

Son vaxtlar ölkədə jurnalistlərə qarşı xarakterik aqressiya müşahidə olunur, hansısa kriminallaşmış məmurların sifarişiləri ilə jurnalistlərin şərlənərək həbs edilməsi dayandırılmalıdır.

Hələlik bu qədər…

Samir FEYRUZOV,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …