Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Manşet / Jurnalistdən deputata: “Verilən maaşla ərzaq qiymətlərini də müqayisə edin!”

Jurnalistdən deputata: “Verilən maaşla ərzaq qiymətlərini də müqayisə edin!”

“Hörmətli deputat “düz” deyir, amma vacib bir şeyi unudub. Gərək deyərdi ki, əhalinin hər biri hələ hava uda bilirsə, onlar necə yoxsuldur?”
Bu sözləri “Sherg.az”a tanınmış jurnalist Məhəmmədəli Qəribli millət vəkili Tahir Rzayevin  “Hamısının evində televizoru, soyuducusu, digər texniki cihazları var. Doğrudan da, əhalinin əksəriyyəti kasıbdırsa, bütün bunlar nə ilə alınır?” iddiasına cavab verərkən deyib. O bildirib:“Görürsünüzmü, harın təbəqə Azərbaycan əhalisinə nə gözlə baxır və yaxşı yaşamaq meyarını nələrlə dəyərləndirir?! Görəsən, bu deputat niyə əhaliyə verilən əmək haqqı, pensiyalarla bazardakı ərzaq, dərman qiymətlərini paralel müqayisə etmir?! Camaat acından televizoru, soyuducunu yeyə bilər?! T.Rzayev araşdırsın və görsün ki, evlərdəki məişət əşyalarının neçə faizi nağd pul, neçə faizi isə kreditlə alınıb?! Narahat olmasın, bundan da qazanılanlar büdcə talançılarının özlərinə çatır. Çünki məişət əşyaları yalnız yuxarı təbəqəyə məxsus ticarət şəbəkələrində kreditlə satılır”. Qeyd edək ki, millət vəkili Tahir Rzayev Azərbaycanda əhalinin böyük hissəsinin yoxsul olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. O vurğulayıb ki, hamı çörək tapıb yeyə bilir: 
“Yoxsul o adama deyirlər ki, heç nəyi yoxdur, bir özü, bir də paltarıdır. İnsanların bugünkü geyimlərini, həyat şəraitlərini nəzərə alaq. Hamısının evində televizoru, soyuducusu, digər texniki cihazları var. Doğrudan da, əhalinin əksəriyyəti kasıbdırsa, bütün bunlar nə ilə alınır?”.

Həmçinin oxuyun

Naxçıvanda 276 milyonluq MƏNİMSƏMƏ, həbs olunan iki MƏMUR – Növbəti kim olacaq?

Son bir həftə ərzində xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Muxtar Respublikasında aparılan əməliyyatlar nəticəsində iki …