Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Manşet / İstanbulun yeni erməni patriarxı seçkilərinə Türkiyə təsir edə bilərmi?

İstanbulun yeni erməni patriarxı seçkilərinə Türkiyə təsir edə bilərmi?

İstanbulun erməni patriarxı, arxiyepiskop Mesrop Mutafyanın ölümündən sonra onun yerinə kimin seçiləcəyi ilə bağlı həm Türkiyədə, həm də Ermənistanda ciddi müzakirələr aparılır. Qeyd edək ki, ermənilər həmin kilsəni “Konstantinopol kilsəsi” adlandırır. Türkiyə isə qeyd edir ki, Konstantinopol adı tarixdə qalıb, həmin kilsənin adı “İstanbul kilsəsi” kimi qeyd edilməlidir. Erməni mediası, eyni zamanda, yeni patriarxın kim olacağı ilə bağlı mövzu ətrafında da ciddi müzakirələr açıb və qeyd edir ki, Türkiyə özünə sərf etməyən namizəd olacağı halda prosesə müdaxilə etmək istəyir. Qeyd edilir ki, 1944-cü ildə rəsmi Ankara müxtəlif bəhanələrlə yeni patriarxın seçkisini 6 il keçikdirə bilib. Xatırladaq ki, erməni patriarxın ölümü ilə bağlı Türkiyə prezidenti Ərdoğan öz sosial şəbəkə hesabından erməni dilində başsağlığı da vermişdi: “Erməni patriarxı Mesrop Mutafyanın ölümü ilə bağlı dərin təəssüf hissi keçirdim. Bu səbəbdən onun ailəsinə, yaxınlarına və erməni vətəndaşlarımıza başsağlığı verirəm”. Türkiyənin həm yeni patriarxın kimliyi, həm də kilsənin adı ilə bağlı məsələyə müdaxilə etməsini nə dərəcədə əsaslı və mümkün saymaq olar?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 14 oktyabr 1998-ci ildə seçilən Türkiyə erməniləri patriki Mutafyan 2008-ci ildə xəstələndi və səlahiyyətlərini həyata keçirə bilmədi: “Türkiyə erməniləri Mutafyanın yerinə yeni patrik seçmək üçün xeyli çalışdılar. Hətta həkimdən patrikin səlahiyyətlərini yerinə yetirə bilmədiyi haqqında rəsmi arayış aldılar. Erməni kilsəsi tarixində İstanbul patrikliyi ilk dəfə olaraq 2008-ci ildən etibarən katolikos səlahiyyətlərini yerinə yetirən Aram Atəşyan tərəfindən vəkalətən olaraq idarə edildi. 2018-ci il martın 15-də yeni katolikos seçmək istəsələr də, İstanbul valiliyinin müdaxiləsi ilə bu seçki baş tutmadı. Hələ bu seçkilər keçirilməzdən əvvəl daxili işlər naziri Süleyman Soylu patriklik nümayəndələrini 2018-ci ilin fevral ayında qəbul edərək patriklik seçkilərinə heç bir problem olmayacağını, Mesrop Mutafyan vəfat etdikdən sonra normal seçki prosesinin başlayacaığını bildirmişdi”. Ekspertin sözlərinə görə, Mesrop Mutafyanın cari ilin 8 mart tarixində vəfat etməsindən sonra artıq kilsə 21 apreldən başlayaraq seçkilər prosesinə başlayacaq: “Vəziyyət belə ikən Türkiyənin daxili işi olan katolikos seçkilərinə Ermənistan və erməni diasporu müdaxilə etməkdə davam edir. Qeyd edim ki, İstanbul erməni katolikosluğunun rəsmi adı Türkiyə Erməniləri Patrikliyidir. Yəni sadəcə Türkiyə sərhədləri daxilində yaşayan və Türkiyə Cümhuriyyəti vətəndaşlığı pasportu olan ermənilər seçkilərlə bağlı fikir bildirə, öz namizədlərini verə bilərlər. Eçmiədzin kilsəsinin və diaspor nümayəndələrinin seçkilərə hər hansı bir şəkildə müdaxiləsi qanunsuzdur. Eçmiədzin Katolikosluğu dini lideri II Qareqin bu məsələ ilə bağlı sadəcə fikrini bildirməyib, o, 2017-ci ilin fevral ayında İstanbul erməni patrikliyi nümayəndələrini Eçmiədzinə dəvət edərək məsələ ilə bağlı izahat tələb etmişdi. Erməni apostol kisləsinin dörd əsas idarəetmə mərkəzindən biri olan Türkiyə erməniləri patrikliyi müstəqildir və Eçmiədzin Katolikosluğu qətiyyən bu seçkilərə müdaxilə edə bilməz. İstanbul erməni patrikliyi Türkiyədən başqa heç bir dövlətə hesabat verməməlidir. II Qareqinin bu şəkildə müdaxiləsi səlahiyyətlərini aşma və müstəqil İstanbul erməni patrikliyinin işinə müdaxilə kimi dəyərləndirilməlidir”.

Hatəm Cabbarlı hesab edir ki, İstanbul erməni patrikliyi seçimlərinə bir müdaxilə də Almaniyadan olub:”2017-ci ilin mart ayında qanunsuz olaraq Almaniya ermənilərinin dini lideri, Baş yepiskop Qareqin Bekçiyanın qəyyum (değapah) seçilməsi kənardan müdaxiləyə bariz nümunədir. İstanbul valiliyi qəyyum seçilməsinin dövlətin nəzdində heç bir əhəmiyyət daşımadığını bildirsə də, Bekçiyan özünün qəyyum olma iddiasını davam etdirib və yenə İstanbul valiliyi rəsmi bəyanat verərək onun qəyyumluğunu tanımadığını qeyd edib. İstanbul patrikliyi seçkilərinə Eçmədzin Katolikosu II Qareqinin və Almaniya ermənilərinin dini lideri Qareqin Bekçiyanın müdaxiləsi problem yaradınca, diplomatik yolla məsələyə müdaxilə etsinlər. II Qareqinin tələbi üzərinə erməni apostol kilsəsinin Vatikan nümayəndəsi Xajaq Barsumyan Türkiyənin Roma səfirliyindən görüş tələb edib. Səfirlik bu tələbi qəbul etdikdə, baş yepiskop Barsumyan Eçmiədzin katolikosluğu kilsələrarası münasibətlər məsələlərinə baxan rahib Şahe Ananyanla Türkiyəyə gəlib və İstanbul patrikliyi vəkili Atəşyan tərəfindən qəbul edilib. Bu heyət daha sonra 2019-cu ilin 4 fevral tarixində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu tərəfindən qəbul edilib. Seçki prosesi 21 apreldə başlayacağına görə hələlik namizədlər məlum deyil. Seçkilərin keçirilməsi üçün əvvəlcə bir Seçki Keçirmə Heyəti qurulur və dövlətə müraciət edilir. Dövlətdən seçki nizamnaməsi tələb edilir. Vahid seçki nizamnaməsi olmadığından, hər seçkidə müxtəlif nizamnamə verilir və seçkilər ona görə keçirilir. Nizamnamə gəldikdən sonra namizədlərə məktub yazılır. Patrikliyə hər namizəd özünün nümayəndə siyahısını hazırlayır və təyin edilmiş bir gündə ermənilər kilsəyə gedir, əvvəlcə nümayəndələr seçilir. Təxminən 70-80 nümayəndə olur və bura 10 din adamı da əlavə edilir. 80-90 nəfərlik bir Məclis patriki seçir. Bu arada, dövlətin qəbul etdiyi qanuna görə patrikə kisvə (dini geyim) geyinməyə haqq verilir və onun patrikliyi rəsmən dövlət tərəfindən tanınır. Yuxarıda qeyd edildiyi kimi, Eçmiədzin katolikosluğu və Almaniya erməniləri dini liderinin İstanbul erməni patrikliyi seçkilərinə müdaxiləsi doğru deyil. Bu, İstanbul ermənilərinin hüquqlarının pozulması və Türkiyənin daxili siyasətinə müdaxilədir. Bundan başqa, bir qrup erməni İstanbul erməniləri patrikliyinin adının Konstantinopol erməni patrikliyinə dəyişdirilməsini tələb edir. Əlbəttə, bu qəbuledilməzdir. Türkiyə Cümhuriyyətində Konstantinopol adlı şəhər təxminən 500 ildir mövcud deyil. İstanbul erməni patrikliyinin rəsmi internet səhifəsinin adı İstanbul erməni patrikliyidir. İkincisi, Konstantinopol adının verilməsi ermənilər və ümumən xristian dünyasının şüuraltına verilən bir mesaj olar. Xristian dünyasının böyük bir hissəsi hələ də Konstantinopolun türklər tərəfindən fəth edilməsi reallığı ilə barışmır və İstanbulun yenidən xristianların dini mərkəzi olacağına inanır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Qarabağ qazisinin evi başına uçdu – Sabunçu İcra Hakimiyyətinin heç tükü də tərpənmir – VİDEO

Bakı şəhəri Bakıxanov qəsəbəsi Ramiz Zeynalov küçəsi döngə 1, ev 1-də yaşayan Qarabağ qazisi İsmayılov …