Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / İskəndər Həmidovun təyyarəsi 1992-ci ildə Naxçıvana niyə enə bilməyib? -Tarixə baxış

İskəndər Həmidovun təyyarəsi 1992-ci ildə Naxçıvana niyə enə bilməyib? -Tarixə baxış

Xəbər verdiyimiz kimi, 1990-cı illərin əvvəllərində Naxçıvan Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmış mərhum Elman Abbasovun xatirələri o dövrdə baş verən  bir çox hadisələrdən xəbər verir, indiyədək açılmayan sirləri ortaya çıxarır.

Azinforum.az Cahanpress-ə istinadən  bu silsilədən olan növbəti yazını oxuculara təqdim edir. Onu qeyd edək ki, mərhum Elman Abbasovun xatirələrinin qələmə alındığı və  bizə təqdim olunmuş yazıları qısa ixtisarla yayımlayacağıq. Elman Abbasovun xatirə yazılarında o dövrdə Azərbaycana rəhbərlik edənlər barədə cidii ittihamlar yer alıb. Ona görə də bildiririk ki, bu yazılarda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

          Naxçıvanda dövlət çevirilişinə cəhdin qarşısı necə alındı?

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra öz ağılsız təkliflərini reallaşdıra bilməyən  Azərbaycan Xalq Cəbhəsi tərəfdarları ona qarşı qeyri-sağlam müxalifətə keçmişdilər. Onların bir sıra reallığa əsaslanmayan fikir və təklifləri, sərsəm ideyaları Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edildikdən sonra müxalifət açıq düşmənçiliyə çevrildi. Cəbhəçilər iki istiqamətdən – Mehri və Batabat tərəfdən Ermənistana ikinci cəbhə açılması kim ağılsız strategiya irəli sürürdülər.

Ağılsız ideyalarının qarşısına möhkəm sədd çəkildiyini görən cəbhəçilər sərt tədbirlərə əl atırdılar.

Daxili işlər naziri İsgəndər Həmidov 18 avqust 1992-ci il tarixli qanunsuz əmri ilə daxili işlər orqanlarında heç bir təcrübəsi və səriştəsi olmayan AXC fəalı S.Mustafayevi Naxçıvan MR daxili işlər naziri təyin etmişdi. Bu, Naxçıvanda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmişdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvanda qanunsuz kadr dəyişiklikləri aparılarkən Ali Məclisin Sədri İran İslam Respublikasında rəsmi səfərdə idi. Avqustun 26-da səfərdən geri qayıdan ulu öndər məsələ ilə bağlı Azərbaycan rəhbərləri ilə təkrar-təkrar telefon əlaqəsi yaratdı. İ. Həmidov və digərləri bu məsələ ilə əlaqədar Heydər Əliyevlə danışmaqdan qaçırdılar. İsa Qəmbər və Elçibəylə aparılan danışıqlar da nəticə vermədi. İ. Həmidovun qanunsuz əmrini icra etmək məqsədilə onun müavinləri Naxçıvana gəldilər və S. Mustafayevi güc tətbiq etmək yolu ilə nazir kreslosuna oturtmağa cəhd etdilər. Sentyabr ayının 16-da yaranmış böhranlı vəziyyət Naxçıvan Ali Məclisi Rəyasət Heyəti və Nazirlər Kabineti Rəyasət Heyətinin birgə yığıncağının müzakirəsinə çıxarıldı və müvafiq qərar qəbul olundu. Həmin yığıncağın qərarı ilə Naxçıvan daxili işlər nazirinin I müavini, polis polkovniki Ə. Ələkbərov böyük səs çoxluğu ilə muxtar respublikanın daxili işlər naziri təyin olundu. Beləliklə də, İ. Həmidovun Azərbaycan Respublikası Konstitusiyasına və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olan qanunsuz əmri Naxçıvanda icra olunmadı və bununla bağlı respublikanın bütün aidiyyatı orqanlarına müraciətlər ünvanlandı.

Öz kadrını daxili işlər naziri təyin edə bilməyən İ.Həmidov Naxçıvanda sabitliyi pozmağa, dövlət çevirilişinə cəhd etdi.

1992-ci il oktyabr ayının 24-ü idi, cəbhə tərəfdarları silahlanıb Televiziya və Radio Verilişləri Komitəsinin binasını və Daxili İşlər Nazirliyinin binasını tutmuşdular. Daim milli barışığa, ölkədə əmin amanlığa, asayişin bərpasına çalışan dahi rəhbərimiz tükənməz səbr sahibi idi. İnadcıl-nadinc, hətta sərsəm övladlarını səbr və təmkinlə düz yola çağırırdı. Bağışlamaq müdriklik əlaməti, böyüklüyə xas olan bir meyardır. Təsadüfi deyildir ki, Heydər Əliyev onun şəxsi həyatına qəsd edənləri, onu fiziki məhv etməyə çalışanları belə bağışlayıb, əhv etmişdi.

Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin bazasında qurulmaqda olan Əlahiddə Biraqadanın hərbi strukturlarını yaratmaq, onları tələb olunan texnika, silah-sürsatla təmin etmək, eləcə də sərhəd bölgələrində dislokasiya olunması tədbirlərini həyata keçirmək üçün gecəli-gündüzlü sərhəd rayonlarında olurduq. Həmin gün, oktyabrın 24-də yenə də sərhəd bölgəsində idim, neçə günlük gərgin fəaliyyətdən sonra az da olsa yorğunluğumu çıxarmaq və həm də cəbhədəki vəziyyət barədə baş komandana – Heydər Əliyevə məlumat vermək üçün Naxçıvan şəhərinə gəlirdim. Yola çıxmazdan əvvəl Ali Məclisə telefon açıb gəlişim barədə bildirmişdim. Cəbhədə elə bir təhlükəli vəziyyətin olmadığını bilən Ali Məclisin Sədri mənimlə təmkinlə danışırdı, görünür planlaşdırılmış təxribatdan xəbəri yox imiş.

Bir neçə dəqiqədən sonra maşında telefon zəng çaldı, dəstəyi qaldırdım, Ali Məclis Sədrinin köməkçisinin səsi idi, o xüsusi bir təlaşla müraciət edirdi:

-Elman bəy . . . tez ol . . . Cəbhəçilər . . . Televiziyanı tutublar . . .

Köməkçi cəld rabitə əlaqəsi yaratdı.

-Elman  sən haradasan? Nə uzun çəkdi sənin yolun?

-Heydər bəy yaxınlaşmışam, bir neçə dəqiqədən sonra yanınızda olacağam.

-Burada bir qurp cəbhəçi silahlanaraq dövlət hakimiyyətini zorla devirmək, Heydər Əliyevi fiziki cəhətdən məhv eləmək, öz üsul-idarələrini qurmaq üçün ixtişaş salıblar. Televiziya və Radio Verilişləri Komitəsini, Daxili İşlər Nazirliyinin binasını ələ keçirəndən sonra indi Ali Məclisə hücum eləməyə, çirkin məqsədlərini həyata keçirməyə hazırlaşırlar.

Danışıq bitmişdi, telefonun dəstəyini yerinə qoyandan sonra özlüyümdə düşündüm, götür-qoy etdim, briqada qərargahına telefon açıb, həyəcan siqnalı verib briqadanın bütün şəxsi heyətini ayağa qaldırmağı, hərbi hissələrin ərazilərini və kazarmalarının qorunmasını gücləndirməyi, müavinlər və xidmət rəislərinin baş qərargahda müşavirə salonuna toplaşmalarını, İdmançılar bölüyünə mülki paltar geyinib baş qərargahda məni gözləmələrini əmr verdim. Sürücüyə maşının sürətini artırmağı söylədim. Çox az bir zamanda baş qərargaha gəlib çatmışdım. Şəxsi heyətə bir saylı döyüşə hazırlıq elan edilməsi əmrini verdim. Müavinlər və xidmət rəisləri ilə qısa müşavirə keçirib tapşırıqlar verdikdən sonra İdmançılar bölüyünün əsgərlərini götürüb Ali Məclisə gəldik. Pəhləvan cüssəli döyüşçülərin bir hissəsini Ali Məclis binasının içərisinə yerləşdirdikdən sonra digərlərinə binanı qorumağı tapşırdıq. Təhlükəsizlik tədbirlərini görüb qurtardıqdan sonra Ali Məclis Sədrinin qəbuluna getdim.

Heydər Əliyevin kabinetində iki nəfər oturmuşdu. Onlar muxtar respublikanın sayılıb-seçilən, sözü eşidilən ağsaqqalları idi. Mənim içəri girdiyimi görən kimi Baloğlan Rüstəmov dedi:

-Silah bax bunda, versin bu qoca vaxtımızda gedək onların  dərsini verək.

Həkim Cabbar Cəfərov da onun sözlərinə qüvvət verirdi:

-Düz deyir, biz hələ o qədər də gücsüz deyilik, gedərik ağlını itirmişlərin ağıllarını başlarına gətirərik.

Ağsaqqalara dedim ki, Heydər Əliyev kimi dahinin vaxtını almaqdansa  onu narahat etməsək daha yaxşı olar. Heydər Əliyevin özünün daha sanballı və daha kəskin tədbirləri vardır. Şəxsən mənə belə gəlir ki, Heydər Əliyevin bir sözü ilə Naxçıvan əhalisi Haça dağı dişi-dırnağı ilə söküb, Naxçıvan şəhərinin mərkəzində olduğu kimi qurmağa hazırdır.

Heydər Əliyev dedi:

-Bir ağsaqqalın ən kəskin silahı onun kəsərli sözüdür. Biz onlarla silahın gücü ilə deyil, ağlın gücü ilə danışmalıyıq. Biz onların arzusunu yerinə yetirib, onların üstünə silahla gedə bilmərik. Siz onların üstünə əli yalın gedəcəksiniz.

Ağsaqqallar təşviş içində dedilər:

-Axı onlar silahlıdırlar, bizə atəş aça bilərlər.

-Elman bəy, göstəriş verin bu binanın qarşısında mikrafon qurulsun, səs gücləndiricilər qoyulsun. Mən xalqa müraciət edəcəyəm.

Heydər Əliyev məni yaxına çağırıb Azərbaycan daxili işlər naziri İsgəndər Həmidovun göstərişi ilə Bakıdan Binə Aeropotundan üç yüz nəfərlik xüsusi silahlandırılmış adamların təyyarə ilə Naxçıvana yola salındığı məlumatının alındığını bildirdi.

Silahlıları yola salan İsgəndər Həmidov öz qoçularına demişdi: “Siz gedin Naxçıvan cəbhəçilərinə kömək edin, hakimiyyəti ələ alın. Mən də növbəti təyyarə ilə Naxçıvana gələcəyəm”.

“Arxayın olun, nəyin bahasına olursa-olsun, gələn təyyarələrin Naxçıvan aeroportuna enməsini əngəlləyəcəyəm”, – deyib dərhal tədbir görmək üçün Heydər Əliyevdən icazə istədim.

-Nə kimi tədbir görəcəksiniz, bir neçə dəqiqəyə təyyarə enməlidir – deyə Heydər Əliyev soruşdu.

-Uçuş xəttini bağlayacağam, dedim.

-Heydər bəy icazə verin, elə buradan vəzifəmin icrasına başlayım, deyib telefona işarə etdim.

-Buyurun, məharətinizi göstərin (ən çətin anlarda da zarafatından qalmayan Heydər Əliyev telefonu göstərib gülümsündü).

Ali Məclis Sədrinin telefonu ilə briqadanın qərargahına zəng edib müavinim Nəsib Ağayevlə əlaqə yaratdım. Hava limanının yaxınlığındakı hərbi hissənin ağır yük maşınlarının aeroportun uçuş xəttinə çıxarılmasını tapşırdım. Şəxsən özüm uçuş xəttində gözləyirəm, deyib dəstəyi asdım.

Kabinetdən çıxarkən Babək rayonu ərazisində yerləşən üzlük plitələr zavodundan iri həcmli daş blokların aeroporta daşınmasına göstəriş verməyi Heydər Əliyevdən xahiş etdim.

On beş dəqiqədən sonra ağır yük maşınları uçuş xəttini bağlamışdı. Binədən qalxan təyyarə Naxçıvan səmasında görünəndə aeroporta cəmləşən cəbhəçilər canlamağa başladılar. Maşınların uçuş xəttindən çıxarılmasına çalışsalar da briqada əsgərlərinin sərt müqavimətinə rast gələn cəbhəçilərin cəhdi boşa çıxdı. Sonradan gətirilən iri həcmli ağır daş bloklar xəttə endirildi.

Təyyarə Naxçıvan hava limanı üzərində bir neçə dəfə dövrə vurduqdan sonra enməyin mümkün olmayacağını müəyyən edib geri döndü. Beləliklə, nə İsgəndər Həmidov, nə də qoçuları Naxçıvana gələ bilmədilər.

Həmin vaxt Ali Məclisin binasının qarşısında səs gücləndiricilər qoyulmuşdu, dahi rəhbər Heydər Əliyevin gur səsi şəhərin hüdudlarına qədər yayılırdı. On dəqiqə keçməmiş Azadlıq Meydanına minlərlə naxçıvanlı yığışmışdı. Heydər Əliyevin məsləhəti ilə ağsaqqallar qabaqda arxalarında isə dinc əhali cəbhəçilərin tutduqları binaları əhatəyə aldılar, onlardan çıxıb öz evlərinə getməyi tələb eləyirdilər. Cəbhəçilər vətəndaş müharibəsi başlamaq cinayəti kimi ağır bir məsuliyyəti üzərlərinə götürmək istəməyərək, rüsvay olmaqdan yaxa qurtarmaq üçün zəbt elədikləri hökumət idarələrini sakitcə tərk elədilər. Ağsaqqalların və sadə camaatın silahsız gəldiyini görən cəbhəçilər qan tökülsə özləri tarix və millət qarşısında günahkar olacaqlarını anladılar, planlaşdırılan qardaş qırğını baş tutmadı.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …