Ana səhifə / Manşet / İşdən çıxarılan prokuror həbs edilə bilər: Ramiz Rzayevin xalası oğlu ilə bağlı məhkəməyə müraciət olunacaq

İşdən çıxarılan prokuror həbs edilə bilər: Ramiz Rzayevin xalası oğlu ilə bağlı məhkəməyə müraciət olunacaq

Xəbər verildiyi kimi, baş prokuror Kamran Əliyevin əmri ilə Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib. Təqaüdə göndərilənlər Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov və Yevlax rayon prokuroru Elxan Pənahovdur.

Qeyd edək ki, vəzifədən azad edilən prokurorlar arasında kifayət qədər yüksək vəzifələrdə təmsil olunan məmurların qohumları var. Məsələn, Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. Yusif İldırımzadə sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının sədri Ramil Usubovun qudasıdır. Salman Məmmədli isə Ali Məhkəmənin sədri Ramiz Rzayevin xalası oğludur. Sonuncu ilə bağlı AFN-ə maraqlı məlumat daxil olub. Belə ki, onun həbsinin gündəmdə olduğunu deyən mənbəmiz bildirir ki, 2012-ci ildən bəri Nəsimi rayon prokuroru işləyən, ondan əvvəl isə Ağsu rayonunda eyni vəzifəni daşıyan S.Məmmədli xeyli sayda qanunazidd əməllərə imza atıb. Bunların içərisində hətta ölümlə nəticələnən cinayət hadisələrinin üstünün ört-basdır edilməsi də var.


Maraqlıdır ki, redaksiyaya verilən bu məlumat istefada olan polis generalı Ramiz Nağıyevin oğlu Vüqar Nağıyevin müraciəti ilə üst-üstə düşüb. Belə ki, V.Nağıyev AFN-ə müraciət edərək işdən çıxarılan prokuror Salman Məmmədli ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib. Onun sözlərinə görə, 2018-ci ildə qızı Siyara Nağıyevanın ölüm işi məhz S.Məmmədli tərəfindən ört-basdır edilib:

“Həyat yoldaşım, Səbayel məhkəməsinin sədri Ağamalı Qafarovun qızı Türkan Nağıyeva(Qafarova) ilə ayrılmışıq. Ayrıldıqdan sonra övladlarım – oğlum Murad və qızım Siyara analarının himayəsində qaldı. Məsələ ondadır ki, birgə nikahdan olan azyaşlı qızım 20.10.2015-ci il təvəllüdlü Nağıyeva Siyara Vüqar qızı 15 iyun 2019-ci il tarixdə anası Nağıyeva (Qafarova) Türkan Ağamalı qızının himayəsində olarkən, anasının diqqətsizliyi üzündən hovuzda boğularaq vəfat edib. Bu ölüm faktı ilə bağlı Bakı şəhər Nəsimi Rayon Prokurorluğunda qanuna uyğun olaraq qeydiyyat belə aparılmamışdı. Hadisədən 3 gün keçəndən sonra mənim etirazım nəticəsində keçmiş prokuror Salman Məmmədli gec də olsa iş açsa da, onunla Tural adlı müstəntiq birləşib məsələni yenə də araşdırmadılar. Bu da azmış kimi, qızımın ölümündə anasının günahkar olduğunu bildiklərini və faktların bunu sübut etdiyini dedikləri halda, Ağamalı Qafarovla yaxın münasibətlərinin olduğunu qeyd edərək mənə “optimal yol seçməyi” təklif etdilər. Qızımın ölümündə anası birbaşa günahkardır: himayəsində olan azyaşlıya etinasızlıq, onun böyüklər üçün olan hovuza qolluqsuz buraxılması, 20-30 dəqiqə nəzarətsiz qoyulması məhz ananın günahıdır. Üstəlik, hovuzun kənarında ola-ola mobil telefonla məşğul olaraq qızıma diqqət yetirməyib. Bunu mənə hadisənin şahidləri də danışıb. Qızımın ölümündən aylarla vaxt ötdüyünə baxmayaraq, mən bu günə qədər ölüm kağızını almamışam. Prokurorluq tərəfindən hadisə ilə bağlı mənə rəsmi cavab verilməyib. Bütün bunlar isə məhz indi vəzifədən çıxarılan Salman Məmmədlinin Ağamalı Qafarovla əlaqələri nəticəsində baş verib. Odur ki, mən artıq vəkilimlə məsləhətləşmişəm, iddia ərizəsi hazırlanır, Salman Məmmədli ilə bağlı məhkəməyə müraciət edəcəm. Ümid edirəm ki, bu dəfə də haqqım tapdalanmayacaq. Düzdür, dostlar mənə deyirlər ki, Ramiz Rzayev Ali Məhkəmənin sədri ola-ola iddiama heç bir məhkəmədə obyektiv baxılmayacaq, amma mən yenə göydə Allahın, yerdə cənab Prezident İlham Əliyevin ədalətinə inanaraq, güvənərək mübarizəmi davam etdirəcəm. Gec-tez haqq-ədalətin öz yerini alacağına, Ramiz Rzayevin də hesabının sorulacağına inanıram”.

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …