Cümə , Noyabr 27 2020
Ana səhifə / Manşet / İşdən çıxarılan nazir müavini salyanlı Mirpaşanın başına hansı oyunları açıb? -VİDEO

İşdən çıxarılan nazir müavini salyanlı Mirpaşanın başına hansı oyunları açıb? -VİDEO

Martın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin olunub. Bundan əlləki dövrlərdə – 2003-2008-ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.

Ş.Abdullayevin adı mediaya əsasən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövdən daha yaxşı tanışdır. Onun haqqında internet resurslarında onlarla tənqidi və ittiham dolu iddialar yer alıb. Həmin məlumatlarda bildirilir ki, Ş.Abdullayev sahibkarlara ayırdığı dövlət vəsaitləri ilə bağlı ciddi “otkat” əməliyyatlarına yol verib. Hətta həmin zaman tələb olunan haqqın faizi də müəyyənləşib. Sən demə, “zəhmət haqqı” adı ilə Ş.Abdullayev vətəndaşlardan 15 faizin geri qaytarılmasını tələb edirmiş. Bu tələblə razılaşmayan sahibkarlar isə kreditlərin alınmasından məhrum edilirdi. Maraqlıdır ki, 2018-ci ildə Ş.Abdullayevin rəhbərlik etdiyi Fond ləğv edildi və bu şəxs İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olundu. Görünür, Ş.Abdullayevin vəzifəyə təyinatından az müddət sonra tutduğu vəzifədən uzaqlaşdırılması təsadüfi deyil. Yəqin ki, burada da söhbət hansısa ciddi nöqsandan gedir.

Maraqlıdır ki, bir həftə əvvəl Ş.Abdullayev hətta özünü mediada ucuz piar etmək eşqinə də düşdü. İndiyə qədər heç vaxt ictimai nəqliyyatdan istifadə etməyən bu adamın şəkilləri metro qatarından yayıldı. Xəbər belə başlıqla tirajlandı ki, sən demə, bizdə də metro ilə işə gedib-gələn nazir müavini var. Aydındır ki, belə piar xarakterli xəbər Ş.Abdullayevin öz istəyilə yayılıb. Yəqin ki, başının üstündə qara buludların dolaşdığını görən sabiq nazir müavini bu üsulla hansısa məsuliyyətdən yayınmağı düşünürmüş.

Ş.Abdullayev Azərbaycanın müstəqilliyindən sonra bütün komandalarla işləməyi bacarmış bir məmur kimi xarakterizə olunur. O, indiyə qədər kreslosunu qorumağı bacarmış, hətta karyera pilləsində irəliləməyə də nail olub. Elçibəy komandasının üzvlərindən sayılır. Bu şəxs Elçibəy komandası dönəmində Milli Bankın sədr müavini işləyib. Media üzərindən apardığımız araşdırmadan məlum olur ki, sən demə , Ş.Abdullayev elə həmin dönəmlərdən “qara işlər”lə məşğul olub.

Bir müddət əvvəl əslən Salyan rayonundan olan iş adamı Həsənov Mirpaşa Əliqulu oğlunun Ş.Abdullayevin keçmiş vəzifəsində işlədiyi dönəmdə Azinforum.az saytına etdiyi müraciətinə nəzər yetirsək, maraqlı detallara işıq salmış olarıq. Şikayətçi bildirib ki, uzun müddətdir Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olan Ş.Abdullayevə etibar etdiyi külli miqdarda pulunun taleyi ilə maraqlana bilmir. Onun sözlərinə görə, bir neçə ildir Ş.Abdullayevlə görüşə cəhd etsə də, qəbuluna düşməyə müvəffəq olmur. İş adamının dediyinə görə, bu hadisənin tarixi 1993-cü ilə gedib çıxır: “Həmin vaxt mən bizneslə məşğul olurdum. “Kür” adlı kiçik müəssisəm vardı. Əsasən də MDB ölkələri ilə mal mübadilələri edirdim. Bunun üçün mən “Azinvestisiya” adlı səhmdar bankında hesab açdırdım. O vaxt sözügedən bankın müdiri Ş.Abdullayev idi. Yaxşı biznes fəaliyyətim olduğu üçün, hesabımda külli miqdarda pul vardı. Bunu görən Ş.Abdullayev 1993-cü ildə mənə dedi ki, qoyulan yeni tələbə görə, onun rəhbərlik etdiyi bank Milli Bankdan qeydiyyatdan keçməlidir və bunun üçün tələb olunan nizamnamə kapitalı onda çatmır. O mənə təklif etdi ki, 10 milyon (o vaxtkı məzənnə ilə – red.) pul köçürməklə bankın payçısı olum. Elə həmin vaxt mən Ş.Abdullayevlə müqavilə imzaladım. Həmin müqavilənin notarial təsdiqlənmiş forması mənim əlimdədir. Müqavilənin şərtlərindən aydın görünür ki, məbləği ödəməklə mən Ş.Abdullayevin bankının payçısı olmuşam. Onların da öhdəlikləri bundan ibarət idi ki, bankın gəlirləri və çıxarları haqda məni hər kvartal məlumatlandırsınlar. Elə o ərəfələrdə mən işlərimlə əlaqədar bir müddət Rusiyada qalmalı oldum. Ancaq həmin müddətdə də Ş.Abdullayev bir dəfə də olsun məni axtarmadı. Azərbaycana qayıdandan sonra isə nə həmin bankı, nə də Ş.Abdullayevi tapa bildim. Bir neçə il üstündən keçəndən sonra eşitdim ki, Ş.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru təyin edilib. Müxtəlif vaxtlarda, dəfələrlə onunla görüşüb bu məsələni aydınlaşdırmaq istəsəm də, məni qəbul etməyib. Mən bunu söz olaraq demirəm, əlimdə dediklərimi təsdiq edən və Şirzad müəllimin özünün imza atdığı sənəd var.

Sizin sayt vasitəsilə ondan xahiş edirəm ki, məni qəbul etsin və ona etibar etdiyim külli miqdarda vəsaitin taleyinin necə olduğu barədə məni məlumatlandırsın. Hər halda, bunu tələb etməyə mənim tam haqqım çatır. Axı mən həmin pulları yoldan tapmamışdım, öz halal zəhmətimlə qazanmışdım”.

Qeyd edək ki, bu şikayətin mediada işıqlandırılmasından sonra Ş.Abdullayev şikayətçiyə ciddi təzyiqlər göstərir. Həmin yazının dərcindən sonra Mirpaşa Həsənov yaşadığı Salyan rayonunun İcra Hakimiyyətinə dəvət edilib. Onunla görüşən İcra Hakimiyyətinin məsul əməkdaşı vətəndaşı mətbuatda etdiyi şikayətlə bağlı sorğu-sual edib, sonra isə məsələnin aydınlaşdırılması üçün Bakıda Ş.Abdullayevlə görüşün zəruriliyini bildirib. Vətəndaşın sözlərinə görə, o, təklifi qəbul edib və Ş.Abdullayevin qəbuluna gəlib. Bundan sonra nələrin baş verdiyini isə Mirpaşa Həsənov ölkə başçısı cənab İlham Əliyevə etdiyi videomüraciətdə nəql edir.

Bütün bu faktlar onu deməyə əsas verir ki, bəzi məmurlar ölkə başçısının ifadə etdiyi kimi, harınlıq ediblər. Onlar dövlət vəsaitlərindən istədikləri kimi istifadə ilə yanaşı, həm də haqqını tələb edən vətəndaşlara qarşı təzyiqlər etməkdən belə çəkinməyiblər. Ölkədə aparılan islahatlar sübut edir ki, bu tip məmur nümunələri artıq prosesləri ləngidir və onları bir-bir uzaqlaşdırmağın vaxtı tam yetişib.

Məhəmmədəli QƏRİBLİ “Bakı-Xəbər”

Həmçinin oxuyun

Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı – Şirkəti ermənilərə un göndərib?

Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı …