Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / İRİ MOLLARDAKI PULSUZ TUALETLƏRİMİZ…

İRİ MOLLARDAKI PULSUZ TUALETLƏRİMİZ…

Neçə vaxtdır bu məsələ məni dərindən düşündürürdü. Ancaq bir az biədəb mövzu olduğu üçün yazmaq istəmirdim.

Nəhayət qənaətə gəldim ki, sizin də bu mövzuya dair fikirinizi öyrənim. Azərbaycanda çox az sahibkar tapılar ki, vəhşi üsullardan imtina edib pul qazansın.

Buradakı vəhşi sözünü sahibkarın şəxsinə deyil, onun pul qazanma metoduna aid etmək olar. Söhbət vəhşi kapitalizmin metodologiyasını tətbiq etməklə qazanılan puldan gedir.

Nədəndirsə, son vaxtlar bu üsullarla işləməyən sahibkarlara Azərbaycanda pis baxırlar. Yəni sən işçinin pulunu kəsməyi bacarmalısan, hara kimi gedirsə onu istismara məruz qoymalısan.

Bilməlisən ki, çörəklə imtahana çəkilən bu adam çıxılmazlıqdan sənin dediyini etməyə məhkumdursa, ona rəhmin gəlmədən daha da sərt şərtlər altında işləməyə məcbur etməlisən.

Məsələn, iri ticarət marketlərdə çalışan gənc qızları gün ərzində 12 saat ayaq üstə saxlayıb ayda 270 manat əmək haqqı verən milyonçular ölkəmizdə əksəriyyət təşkil edir.

Elələri var ki, işə gecikmə, iş zamanı oturub ayağının yorğunluğunu almaq cəriməsini tətbiq etməklə, bu cüzi məvacibdən də pul tuturlar. Bu vəhşi münasibəti sahibkarlar öz işçiləri ilə yanaşı həm də xidmət etdikləri müştərilərinə də göstərirlər.

Məsələn, gündə 2-3 min xalis gəlir götürən elə iaşə sektoru nümunələri var ki, adi vay-fay işlətmirlər ki, birdən müştəri pulsuz internetdən faydalana bilər.

“Bizdə vay-fay yoxdur “ ifadəsini isə sanki belə də olmalıdır formasında müştəriyə utana-utana deyil, bir qədər də kobud formada deyillər.

Bir sözlə, sahibkarlarda sosial məsuliyyət öhdəliyi, müştəri məmnunluğunu qazanmaq istəyi yox səviyyəsindədir. Ancaq neçə vaxtdır şahidi olduğum bir mənzərə epizodik olsa da, yuxarıda dediklərimlə bağlı az qalırdı fikirlərimi dəyişsin. Bakıda yaxşı gəlir gətirən biznes növlərindən biri də əhalinin gur olan yerlərində tualet işlətməkdir.

Məsələn, biz nə qədər özümüzü öldürsək də, Bakı bulvarında tualet açıb işlədə bilmərik. Araşdırsaq görərik ki, həmin sahə hansısa iri çinli məmirun manopoliyasındadır.

Bu vəziyyəti bulvarla yanaşı şəhərin digər ərazilərinə də aid edə bilərik. Hazırda paytaxtda tualetə girişin qiyməti 30 qəpikdir.

Gündə 1000 adam xidmətdən istifadə etsə, 300 manat edir. Bunu da aya vursaq edir 9 min manat. Hansısa müəllimin 3 tualeti olsa, edir 27 min qazanc. Tualet işlətməyin “rasxodu” da çox olmadığı səbəbindən qazancın əhəmiyyətli hissəsi yiyəsinə qalır.

Məndə olan məlumata görə, “Sədərək” bazarında işləyən tualetlər bir nəfərin inhisarındadır və sahibinə oradakı bütün digər bines növlərindən daha çox qazanc verir.

Bakının bir neçə yerində çox yüksək səviyyədə təmizliyə riayət edildiyi pulsuz tualetlərin fəaliyyət göstərdiyinin şahidi olmuşam. Söhbət iri Molların demək olar ki, hər mərtəbəsində qadın və kişilər üçün ayrılıqda fəaliyyət göstərən tualetlərdən gedir.

Orada hətta ana və uşağın, əlillərin istifadəsi üçün əlavə kabinalar yaradılıb. İstifadə edənlər bilir ki, günün istənilən saatında orada personal təmizliyə yüksək səviyyədə fikir verir. Əl yumaq üçün hər zaman istiyi suyu və bahalı sabunu olur.

Təmizlik işlərini adamlarla həmsöhbət olub öyrənmişəm ki, onlar ay ərzində bəzi jurnalistlərdən daha çox əmək haqqı alırlar.

Mən bizə bu şəraitin yaradılmasını yalnız alqışlayıram. Ancaq eyni zamanda mənə maraqlı gəlir, görəsən bütün xidmətlərin və satılan mallar üzrə qiymətlərin alışıb yandığı Mollarda bizə bu məmnunluğu niyə yaradırlar?

Güya sahibkar oranı pullu etsə nə deyəcəyik ki? Hər yerdə pullu olan bu xidmətin pulunu etiraz etmədən ödəyəcəyik. Nəticədə sahibkar eyni Moldakı bir neçə tualetdən astronomik miqdarda pul qazanmış olacaq. Bizə edlən bu xeyirxah jestin mahiyyətini hələ də anlaya bilmirəm.

Çox xahiş edirəm, hansısa işbaz bunu yaxşı biznes təklif kimi qiymətləndirib gedib Mollardakı tualetləri icarəyə götürmək kimi ideya ilə çıxış etməsin. Qoyun heç olmasa üzümüzə tutacaq edib qürurlandığımız bu sahənin pulsuz faliyyətinə baxıb, rahat təbii ehtiyaclarımızı ödəyə bilək…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …