Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / İqtisadçı ekspert: “Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm”

İqtisadçı ekspert: “Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm”

2022-ci ildə dövlət büdcəsinə vergi yığımları üçün nəzərdə tutulmuş proqnoz tapşırıqdakı 1 milyar 888 milyon manat artım risklidir”.

Ovqat.com xəbər verir ki, tanınmış iqtisadçı Elçin Qurbanov Maliyyə Nazirliyinin hazırladığı “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”nı şərh edən məqaləsində belə yazıb.

Maraqlıdır ki, iqtisadçı öz analizini muğam sənətinin şöbələri üzərində qurub. Bunu isə Maliyə Nazirliyinin hazırladığı sənədin elmilikdən uzaq olması və oxuduqca muğam kimi yuxu gətirməsi“keyfiyyətləri” ilə əlaqələndirib.

Qərara almışam ki, bundan sonra məqalələrimi   muğam üslubunda hissələrə bölüm, onsuz da oxuyub yatmaqdan başqa nəticə hasil etmək olmur”, – iqtisadçı belə yazır.

İqtisadçı muziko-monetar analizinin “Bərdaş” bölməsində yazır:

Bərdaş

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il üçün  büdcə daxilolmalarının Dövlət Vergi Xidmətinin payına düşən hissəsi  9 milyard 138 milyon manat təşkil edir.   2021-ci ildə isə bu rəqəm 7 milyard 250 milyon manat  təşkil  edirdi. Etiraf etməliyəm ki, pandemiya zərbəsindən sonra vergi yığımlarında birdən-birə 1 milyard 888 milyon mnat artım zəlzələ təəssüratı yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti bərpa işlərinin intensivliyi dövlət əsaslı investisiya qoyuluşlarının artması sıçrayış effektli artım üçün o qədər də ciddi mənbə yarada bilməz. Vergilər üzrə artım tempi bir neçə paralel əlamətlərlə müşahidə olunmalıdır: ÜDM real və ÜDM nominal. Bu anlayışlara görə, vergi yığımları da nominal həcmdə böyüyə  və ya kiçilə bilər. Biz ölçüsü bəlli bir kasanın içərisində xalq təsərrüfatının həcmini nominal ifadədə dəyişsək də real ifadədə dəyişə bilməyəcəyik. Çünki    ÜDM-in həqiqi nəticəsinə effektiv təsir edən əsas məfhum ixracdır. Təsəvvür edin ki, ixrac artmır, amma vahid qapalı məkandatəxminən eyni tempdə dinamik olan təsərrüfat üçün yeni xərclər yaranır.  Burada bir xoşagəlməz gözləntiola bilər, o da inflyasiyanın səviyyəsinin artımıdır. Vergi yığımlarının dərhal post-pandemiya (karantin) dövründə sıçrayışla artımı büdcə gəlirlərini nominal göstəricidə artıracaq, amma əhalinin yaşayış səviyyəsinə mənfi təsir edəcək. Sahibkarlıq sahəsində tənəzzülartacaq.  Mən Maliyyə Nazirliyinin pulu necə, harası ilə saydığını deyə bilmərəm , amma onu bilirəm ki, təklif etdiyi proqnoz bir ayaq üstündə verilmiş qərardır”.



İqtisadçı daha sonra Maliyyə Nazirliyinə iqtisadiyyat elminin əlifbası sayılacaq mətləbləri başa salmağı məsləhət bilir:

“ÜDM =  C + I + G + ( EX – İM)

C – Əhalinin istehlak xərcləri
I – Ümumi xüsusi investisiyalar
– Dövlət xərcləri
EX – İxrac
İM – İdxal

ÜDM-in primitiv düstürunda  EX –(ixrac) potensialının İM (idxal) potensialında müsbət artım fərqinə münasibətdə artım nəzərdə tutula bilər. Bizdə ixrac əməliyyatları üzrə qeyri-neft sektorunda artım demək olar ki, makrosferada nəzərəçarpmaz dərəcədə kiçikdir. Yəni bəlli ölçülü boşqabın içərisinə daxil olan nemətlər kənardan gələn valyuta ilə xarakterizə olunmalıdır. Boşqabın içərisindəki məhsulu sürətlə fırlatmaqla köpük effektiyaradaraq səviyyə nümayiş etdirmək yaxşı heç nə vəd etmir. Hərəkəti azaldan kimi şişirdilmiş köpük yoxa çıxdıqca məhsulun səviyyəsinin əvvəlkindən daha da aşağı düşdüyünü və yaxud tənəzzül etdiyini görəcəyik.  Dövlət xərcləri və əhalinin istehlak xərclərindən yaranan dövriyyə ilə partlayış effektli vergi yığımları məntiqinə əsaslanan artım tətbiq etmək olmaz. Əks təqdirdə, böyük həcmdə yeni pul kütləsinin dövriyyəyə buraxılması məcburiyyəti yaranar ki, bu da inflyasiyanı şiddətləndirər.   

“Yenə də saxtakarlıq, yenə də yalan!”

Bu gün vergi daxilolmalarında artımın ən mükəmməl yolu gömrük orqanlarının yerli istehlak qiymətləriilə ƏDV və rüsumlar toplamasının qarşısının alınmasıdır. Çox təəssüflər olsun ki, Dövlət Gömrük Xidmətinin fəaliyyəti həm vergi yığımına, uçot sisteminə , həm də qiymətlərin tənzimlənməsinə mənfi təsir göstərir. Bu gün Gömrük Xidməti yerli tələb və təklif üzərindən idxal və ixrac siyasətini həyata keçirmək, əməliyyatları həcmini tənzimləmək, yerli istehsalı kənar rəqabətdən  qorumaq, qiymət siyasətində Mərkəzi  Bank və digər qurumlarla komissiyon fəaliyyət  göstərmək əvəzinə saxta ƏDV və rüsumlarla ölkə rəhbərinin rəğbətini qazanmağa çalışır. Yenə də saxtakarlıq, yenə də yalan!”

İqtisadçı, analizinin “Maye” bölümündə İqtisadiyyat Nazirliyinin fəaliyyətinə işıq tutaraq vurğulayır:

Maye

Uğurlarımız; Mən İqtisadiyyat Nazirliyinin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Bu sahədə bir çox təkzibolunmaz böyük uğurlarımız oldu: iqtisadi mühiti təşviq edən qanunlar qəbul olundu, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edildi. 2019-cu ildən qüvvədə olan yeni Vergi Məcəlləsi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafını və maliyyə risklərinin minimallaşdırılmasıməsələlərinə yönəldildi.

Feili

Mən əvvəllər vurğuladığım məsələlərin demək olar ki, bir qismi reallaşır. Artıq yanaşma da, sosial tələblərə münasibət də dəyişir. Bildiyiniz kimi inkişaf etmiş ölkələrdə fiskal proqozlaşdırmanın və büdcə daxilolmalarının əhəmiyyətli hissəsi üçün əsas mənbəfiziki şəxslərin gəlirləridir. 2019-cu ildən qüvvədə olan vergi qanunvericiliyi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, fəaliyyətin fasiləsizliyinə, risklərinin minimallaşdırılmasına və əmək qabiliyyətli əhalinin sosial sığortasının gücləndirilməsinə xidmət edir. Bu da təsadüfi deyil; ölkədə mikro və kiçik sahibkarlıq subyektləri sayca çoxluq təşkil edirlər. Aparılan bu islahatlar həmin kateqoriyalara aid sahibkarlıq subyektlərinin məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malik olması deməkdir. Burada dövlət vergi risklərini minimallaşdıraraq sosial sığorta yığımlarına üstünlük verməklə qabaqcıl ölkələrin təcrübəsini tətbiq etdi. Bu islahatlar həm də yeni iş yerlərinin açılmasına, pandemiya şəraitində lokaut hallarının qarşısının alınmasında dəstək ola bildi.  Eyni zamanda əlverişli sahibkarlıq və investisiya mühitinin yaranmasına şərait yaratdı. 

Digər tərəfdən, vergi mədəniyyətinin formalaşdırılması, elektron auditin tətbiqi, sahibkarlıq fəaliyyətinə maneə yaratmadan nəzarət sisteminin formalaşdırılması üçün imkanlar yaratdı. Yəqin ki, hər kəs əvvəlki Vergilər Nazirliyinin fəaliyyətini yaxşı xatırlayır. Təsərrüfat subyektlərində nəzarət tədbirləri nəinki sahibkarların, eynilə istehlakçıların da narahatlığına səbəb olurdu

Mən yaxın qonşu ölkələrdə hətta bizdəki vergi sisteminin nöqsanlarını eşidirdim. Əlbəttə ki, belə hallar hüquqi döləvlətüçün baş ucalığı gətirmirdi. Sahibkarlar üçün yaranmış narahatçılıqlar, onların əsassız  vergi orqanlarına dəvət olunması çox ciddi narazılıqlara yol açırdı. Bu da çoxsaylı investorların ölkədən getməsinə səbəb olurdu. Amma bu gün Dövlət Vergi Xidmətinin fəaliyyəti, demək olar ki, tam şəkildə qanunvericiliyin tələblərinə uyğun təşkil edilib. Elektron auditin tətbiqi ilə İqtisadiyyat Nazirliyi bütövlükdə vergi sistemində pərakəndəliyi aradan qaldırmağa müvvəfəq olub.  Məmur və sahibkar münasibətlərinin minimuma endirilməsi sahibkarların sərbəst fəaliyyəti üçün şərait yaradaraq  korrupsiya və rüşvətlə mübarizənin  effektliyini artırıb. Əlbəttə, bunlar bizim uğurlarımızdır.  Hesab edirəm ki, vergi mühitinin sağlamlaşdırılması, hüquq münasibətində liberallaşdırılması investisiya mühitinin yaxşılaşdırılmasına, xarici inevstisiyaların da ölkəmizə axınına səbəb olacaq. 

Mikro və kiçik sahibkarlıq subyektlərinin uçot sisteminə nəzarət işinə güzəştli yanaşma isə demək olar ki, dövlətin daha çox sosial rifah siyasətinin əsas məqsəd olduğunu əks etdirir. Yəni şəffaflıq və hesabatlılıq proqramlarının tətbiqi, kölgə iqtisadiyyatının aradan qaldırılması kimi məsələlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə güzəştli yanaşma bunu deməyə əsas verir.  

Bidad

Etiraf etmək lazımdır ki, şəfaflığın təmin olunmasında artıq istehlakçılar da yaxından iştirak edirlərİstehlakçıların ƏDV-dən yararlanması, bunun üçün seçim etməsi şəffalığın vacibliyini diktə edir. Hesab edirəm ki, hazırda ƏDV məqsədləri üçün qeydiyyat daha çox könüllü xarakter daşıyır. Əks halda, rəqabət qabiliyyəti azalaraq sahibkarların istehlak bazarında uğursuzluqlarına gətirib çıxara bilər. Təsadüfi deyil ki, mikro sahibkarlıq subyektlərinə güzəştli vergitutmanın tətbiqi nəticə etibarilə dövlət üçün sosial yükün minimallaşdırılması deməkdir. Etiraf etməliyəm ki, bu gün əksər miktosahibkarlıq subyektlərinin fəaliyyəti orta və iri sahibkarlıq subyektlərindən aslıdır. Şəffaflığın da məhz buradan başladığını dövlət nəzərə alır. 

Kiçik bir mənzərənin təsvirini diqqətə çatdırmaq istərdim. Məsələn, bazar tipli ticarət mərkəzlərində, xırda mağazalarda satışı təşkil olunan malların böyük əksəriyyəti və yaxud hamısı iri şirkətlərə məxsusdur. Əsas şəffaflıq və uçot məsələləri elə buradan başlayır. İri şirkətlər öz bazarlarını genişləndirmək üçün kiçik pərakəndə satış obyektlərinin fəaliyyətindən faydalanırlar. Əgər diqqət yetirsəniz, görərsiniz ki, mikro və kiçik sahibkarlar ən az maliyyə riskləri üzündən sıradan çıxma təhlükəsi ilə üz-üzə qalırlar. Realizə etdikləri malların dəyərini və icarə haqqlarını ödəyə bilmirlər. Bəzi hallarda satdıqları və ya təqdim etdikləri əmtəə və məhsulların bütövlükdə dəyərini cari xərclərə ödəməklə  təchizatçı şirkətlər qarşısında borclanırlar. Nəticədə müflisləşmə qaçılmaz olur. Sahibkarlıq subyekti sıradan çıxır və dövlətin yükü artmalı olur. 

Bütün bunları nəzərə alaraq mikro və kiçik sahibkarlıq subyektlərinin daha geniş dövlət qayğısına ehtiyacı olduğunu etiraf etmək yerinə düşər. Bütün bunları təsvir etməkdə məqsədim odur ki, həqiqi mənzərəni cənab Maliyyə Nazirliyinin rəsmiləri başa düşə bilsin.  

İdeal hədəfə çatmaq üçün uzun bir adaptasiya dövrü keçilməli, tədricən vergi mədəniyyətinin formalaşdırılması, könüllülük prinsipləri əsasında təşkili üçün zamana, təbliğata, dövlətə inam və etibarın gücləndirilməsinə ehtiyac var. Dövlətə inam və etibarın yaradılması hüququn hökmranlığı və qanunun aliliyiprinsiplərinin təşəkkül tapdığı bir cəmiyyətin formalaşdırılması ilə əlaqəlidir.  Bu isə dövlət orqanlarının fəaliyyətində təcəssüm etməli və ümumilikdə cəmiyyətin əsas maraq dairəsinə çevrilməlidir. 

Vergi yükünü artırmaq hədəfə çatmaq deyil, əksinə sahibkarlıq və investisiya mühitinə zərbə vurmaqdır. Ona görə də   vergitutma üçün rezervlər düzgün araşdırılmalıdır ki, inzibati yollarla sərt vergiqoyma siyasəti, bəzi hallarda isə qanunsuz mənbələrin yaradılması halları baş verməsin. Bütün bunlar da   iqtisadiyyata mənfi  təsir göstərməsin.  

ALLAH İNSAF VERSİN!


Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …