Ana səhifə / Manşet / İqbal Ağazadə: “Mən nə vətəndaş, nə oğul, nə adam ola bildim bu 50 ildə… “

İqbal Ağazadə: “Mən nə vətəndaş, nə oğul, nə adam ola bildim bu 50 ildə… “

Bu günlərdə məndən tez-tez 50 yaşın hesabatını sorurlar…

50 yaşıma necə gəlib çatdım, heç özüm də bilmirəm.

Bu gün əlim çatmayan, ünüm yetməyən Qarabağda doğuldum, oktyabryat, pioner, komsomol kimi böyüdüm, millətçi kimi mübarizəyə qoşuldum, liberal kimi mücadiləm davam edir.
Bu əlli ildə yaşadığım ən böyük uğur Azərbaycanın müstəqilliyidir.
Gerisi hekayədir…

Oxudum, təhsil aldım, əlimə silah alıb cəbhədə döyüşdüm, auditoriyada tələbələrə dərs dedim, partiya qurdum, millət vəkili kimi seçici, vətəndaş haqlarını qorudum…
Amma… Vətəndaş ola bilmədim bu ölkə üçün… Onun torpaqlarını qoruya bilmədim. Qarabağı, Şuşanı əldən verdim. Onminlərlə qardaşım, bacım, qohum-əqrəbam ev-eşiyindən qovuldu – seyrçi qaldım, onları müdafiə edə bilmədim. Ac-yalavac, ümidsiz çöllərə düşən həmvətənimin qarnını doyura, ona ümid verə bilmədim. Bədəninin bir hissəsini doğma yurd-yuvasında qoyub gələn qazi qardaşıma sahib çıxa bilmədim. Günü-güzəranı əzabla dolu olan, baxışlarında ümid, gözlərində sevinc işartısı olmayan, haqqı pozulan vətəndaşımı zillətdən qurtara bilmədim.

Nəyin hesabatını verim?

Necə verim, nə deyim?

Ailəm, övladlarım, doğmalarım üçün faydalı olmağa çalışdım bu 50 ildə… Amma….. Atamı öz qardaş – bacılarının yanında dəfn edə bilmədim. Anamın illərdir yolçəkən gözlərini o yollardan yığa bilmədim. Oğlumu, qızımı doğulduğum, dünyaya gəldiyim kəndə, el-obaya apara bilmədim.

Mən bunun hesabatını necə verim? Bəraəti nədir ki?

Qarabağda – Vətən torpağında yağılar at oynadır, göz bəbəyimiz Şüşadan hər gün bir çəkiliş edərək, gözümə dağ çəkir. İki kilometr məsafəni adlayıb uçuq evimin divarlarına üz söykəyib ağlamağa belə cəsarətim yoxsa, danışmağa, hesabat verməyə üzüm necə olsun?
Adam kimi yaşamaq bilirsinizmi nədir? Azad olmaq, azad düşünmək, azad hərəkət etmək…
Mən vətənimdə bu başdan o başa qədər gedə bilmirəmsə, hansı hesabatı verə bilərəm?
Alxanlıdan Qaraxanbəyliyə, Murovdan Kəlbəcərə, Quzanlıdan Yusifcanlıya, Cocuq Mərcanlıdan Böyük Mərcanlıya gedə bilməyəndən adam da olmaz. Adam olmayanın da hesabatımı olur?
Mən nə vətəndaş, nə oğul, nə adam ola bildim bu 50 ildə… 50 ilin hesabatını necə verim ki?
Hesabat vermirəm…
Söz verirəm!
Bundan sonra nə qədər canımda can var, vətəndaş, oğul, ADAM olacağam –
Azərbaycan üçün! Söz!…

İqabal Ağazadə,

Ümid Partiyasının sədri

Azinforum.az 

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …