Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Manşet / İntihar etdiyi bildirilən hərbçinin anası : “O, sol əllə başının arxasından avtomatla özünü vura bilməzdi”

İntihar etdiyi bildirilən hərbçinin anası : “O, sol əllə başının arxasından avtomatla özünü vura bilməzdi”

Hərbi prokurorluq hərbçinin özünə qəsd etdiyini, valideyn isə öldürüldüyünü deyir 

Hərbi Prokurorluq mayın 2-də 2004-cü il təvəllüdlü Ramil Məmmədovun intihar etməsi ilə bağlı məlumat yayıb. Prokurorluq yaydığı məlumatda qeyd edib ki, onun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

Ancaq hərbçinin anası Bəyim Məmmədova Abzas Media-ya bildirib ki, oğlunun intihar etməsinə inanmır və bunun üçün əsasları var. Onun sözlərinə görə, oğlu başının arxasından vurulub: 

“Hərbi hissənin tabor komandiri mənə zəng elədi ki, Füzuli Hospitalına gəlin. Mən ora çatmamış, uşağın meyiti soyumamış, istintaq başlamamış hər yerdə yayılıb ki, uşağım özünə qəsd edib. Bilirsiniz ki, istintaq bitməmiş heç bir versiya irəli sürülmür. Mən hospitala çatanda hərbçilər, prokurorluq işçiləri orada idi. Dedim, övladıma baxmaq istəyirəm, mane olmadılar. Mən tibb işçisiyəm, savadlı qadınam, ekspert olmaq lazım deyil, o,avtomatı sol əllə necə qaldırıb başının arxasından özünü vura bilər? Onu heç kim edə bilməz”.

Məmmədova deyir ki, oğlu 7 ay idi Cəbrayılda yerləşən hərbi hissədə xidmət edirdi. O, oğlunun hərbi hissədən narazılığının  olmadığını deyir. Sonuncu dəfə oğlu ilə danışanda da əhvalı yaxşı imiş. 

“Orda hamı oğlumdan razı idi. Biri də deməyib ki, xuliqandır, kiminləsə vuruşub, özünə düşmən qazanıb. Hər dəfə evlə gülə-gülə danışırdı. Ölümündən əvvəl də mənimlə danışdı. Dedi,”mama, Beyləqana gələcəksən, görüşək?” Darıxmışdı, mənə çox bağlı idi”. 

Valideyn deyir ki, oğlu Sənaye və Texnologiya Kollecini bitirib. Bu il universitet təhsili üçün müraciət etsə də, qəbul olmayıb. Anası təklif edib ki, Türkiyədəki universitetlərdən birində təhsilini davam etdirsin. O isə hərbi xidmətini başa vurub təhsili ilə maraqlanacağına söz verib. 

“Bu uşağın özünə qəsd etməyi mümkün deyil.  Əsgər hərbi xidmətdə həyatını itirirsə, şəhiddir. Mənə status və pul lazım deyil, o səviyyədə deyiləm. Amma deməsinlər ki, özünə qəsd edib. Bu uşaq şəhid kimi qayıdıb, ona hörmət olunmalıydı” – Bəyim Məmmədova bildirib. 

Hərbi Prokururluğun yaydığı məlumatda qeyd olunub ki, fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …