Ana səhifə / Manşet / İdarə rəisi İlqar Məhərrəmov imkanından istifadə edərək oğlum qanını batırır

İdarə rəisi İlqar Məhərrəmov imkanından istifadə edərək oğlum qanını batırır

Goranboy şəhər sakini Səltənət Musayeva oğlu Maqsud Musayevin ölümündə təqsirli bilinən şəxslərin məsuliyyətdən yayındırılması ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, Daxili işlər naziri Vilayət Quliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə media üzərindən şikayət ünvanlayıb.
Azinforum.az-ın elektron poçtuna göndərilən şikayət məktubunda qeyd olunub ki, 25.06.1962 təvəllüdlü Musayev Maqsud Qnyaz oğlu (Ş/v: AZE 09472464) 22 fevral 2022-ci il tarixinə qədər “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində çilingər vəzifəsində çalışıb. O, fevralın 22-də saat 10-11 radələrində Goranboy rayonunun Rəhimli kəndində GR-29 nömrəli su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində ağır xəsarət alıb: “Oğlum çalışdığı idarənin tapşırığına uyğun olaraq, vəzifə borcunu yerinə yetirərkən belə acınacaqlı vəziyyətlə üzləşib. Su quyusundan kran vasitəsilə çıxarılan 9 metr uzunluğunda metal boru 10 metr hündürlükdən oğlumun üzərinə düşüb. Yaxınlıqdakı əkin sahələrindən birinin sahibi xəsarət alan oğlumu dərhal şəxsi avtomobilinə qoyub Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ardınca oğlum Gəncə şəhərindəki Mərkəzi Klinikaya, orada da 2 gün müalicə aldıqdan sonra 24 fevral 2022-ci il tarixdə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Burada cəmi 1 gün müalicə aldıqdan sonra 26 fevral tarixində saat 7 radələrində xəstəxanada vəfat edib”.
S.Musayeva bildirib ki, oğlunun ölümlə nəticələnən xəsarətlər almasına səbəb 15 mart 1952-ci il təvəllüdlü, təqaüd yaşı çoxdan keçməsinə baxmayaraq, krançı kimi Goranboy Suvarma Sistemləri İdarəsində çalışan Qasımov Qalib Əli oğlunun diqqətsizliyi və təhlükəsizlik qaydalarına biganəliyidir: “Amma krançı ilə yanaşı, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov da oğlumun ölümündə eyni dərəcədə məsuliyyət daşıyır. İ.Məmmədovun pensiya yaşı çoxdan ötmüş ahıl bir kişini krançı kimi işdə saxlaması bir yana, onun rəhbərlik etdiyi İdarədə təhlükəsizlik qaydalarına zamanında şəxsən nəzarət etməməsi, öz işçisinə olan biganə münasibəti, iş başında ciddi xəsarət alan oğlumun taleyi ilə sonradan maraqlanmaması faciəyə səbəb olub. Düzgün rəy, ifadə almadan, ətraflı araşdırma aparmadan bütün günahı yalnız 70 yaşlı bir insanın boynuna qoymaq istəyir, onun ehtiyatsızlığı ilə əlaqələndirməyə çalışırlar. Halbuki burada iş yeri ilə bağlı normativ qaydalar, o cümlədən əməyin mühafizəsi və onun təşkili qaydaları kobud şəkildə pozulub. Buna görə isə İdarə rəhbərliyi ilə yanaşı, sahə rəisi, mühəndis və briqadir də məsuliyyət daşımalı, qanun qarşısında cavab verməlidirlər. Amma onlar nədənsə məsuliyyətdən kənarda saxlanılır”.


S.Musayeva təəssüflə vurğulayıb ki, hər kəsə bəlli olan bu məsələlər Goranboy Rayon Prokurorluğu tərəfindən ətraflı araşdırılmayıb, ümumiyyətlə düzgün istintaq aparılmayıb: “Məhkəmədə dövlət ittihamçısının sualına cavab olaraq, Q.Qasımov özü etiraf edib ki, kranı işlətmək üçün sonuncu dəfə 2017-ci ildə müvafiq icazə sənədi olub. Həmin vaxtdan indiyə qədər kran işlətmək üçün müvafiq sənədi olmayıb, hər hansı yoxlanışdan keçməyib. İş prosesində işçilər, o cümlədən oğlum müvafiq geyimlə təmin olunmayıb, qoruyucu baş geyimi – kaska olmadan iş görməyə məcbur edilib. Bütün bunları həm Məhkəmə prosesində, həm də İdarə rəhbərliyi ilə danışıqlarda səsləndirdiyimiz üçün oğlumun, qızımın ailəsinə, şəxsən mənə, eyni zamanda vəkilimizə ən müxtəlif səviyyələrdə təzyiq və təhdidlər edilir, hədə qorxu gəlinir. İddia ərizəmizi geri götürməyəcəyimiz təqdirdə sonumuzun yaxşı olmayacağına dair açıq şəkildə təhdidlər alırıq”.
S.Musayeva qeyd edib ki, imkanlı, vəzifəli havadarlarına arxalanan Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov ölümündən sonra oğlu M.Musayevin yas mərasimində aktiv iştirak etməyib, ailəsinə mənəvi dəstək olmaq üçün hər hansı addım atmayıb: “İdarədə oğlumun ailəsinə kömək məqsədilə 3 dəfə pul yığılıb. Amma bu pulu kim mənimsəyib, kimə verilib bəlli deyil. Oğlumun ailəsinə dəfn pulu, sığorta pulu verilməyib. Düzdür, ölüm faktı ilə bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılıb. Lakin indiyə qədər ötən 5 ay ərzində real nəticə ortada yoxdur. Çünki Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov şəxsi əlaqələrindən, vəzifə səlahiyyətlərindən və imkanından istifadə edərək oğlum Maqsud Musayevin qanını batırır. İlqar Məhərrəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mərhum oğlumun iş yoldaşlarına da ciddi təzyiq və təsir göstərir, onları çörəklə sınağa çəkir, təhdid edir, həqiqəti danışmalarına imkan vermir. Ağbirçək ana, Azərbaycan qadını kimi xahişim və tələbim budur ki, oğlumun faciəli şəkildə ölümünə səbəb olan, buna görə cavabdehlik daşıyan şəxslər məsuliyyətə cəlb olunsun, qanun qarşısında cavab vermələri üçün aidiyyəti dövlət qurumlarına göstəriş verilsin, bu iş xüsusi nəzarətdə saxlanılsın”.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …