Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Hansı heyvərə “siyasi texnoloq” bu region bölünmələrini aktuallaşıdırır? – Cəmaləddin Quliyev yazır

Hansı heyvərə “siyasi texnoloq” bu region bölünmələrini aktuallaşıdırır? – Cəmaləddin Quliyev yazır

Azərbaycanda Qızılbaş xanədanları və qısa müddətli Osmanlı işğalları dövründə indiki rayon bölgüsünə yaxın inzibati vahidlərə nahiyə deyilirdi. O nahiyələrdən biri də Naxçıvan ölkəsində(vilayətində) olan Dərəşam nahiyəsi idi. Bir zamanlar Azərbaycanın oğuzlaşma tarixini əks etdirən “Kitabi-Dədə Qorqud”da adı keçən və günümüzəcən qorunmuş azsaylı toponimlərdən biridir. İndi bu toponim eyni adlı müalicəvi -mineral bulağın adında yaşayır.

Nahiyə indiki Nehrəm kəndindən Culfa şəhərinə qədər ərazidə yerləşib. Dərəşam adlanmasını Şamlu elatı ilə bağlayırlar. Nahiyə sistemi ləğv olunduqdan və yəqin ki, odövrkü feodal çəkişmələri səbəbindən yaşayış məntəqələri sıradan çıxsa da, əhalisinin indiki Nehrəm və ətraf kəndlərə yerləşməsi iddia olunur.

…Nehrəmdə ilk dəfə 4-cü sinifdə oxuyarkən olmuşdum, azyaşlı məktəblilər arasında riyaziyyat üzrə muxtar respublika olimpiadasının finalı orda keçirilirdi.Məni kəndin böyüklüyü, gərək ki, 3 orta məktəbinin olması şaşırtmışdı.

Təxminən o illərdə rayonumuzun adını dəyişdilər, Naxçıvan rayonu “Babək” adlandırılmağa başlandı. Rayon mərkəzi kimi keçmiş Təzəkəndin yerində yeni qəsəbə də salınmışdı. O zaman nehrəmilərin öz kəndlərini rayon mərkəzi etmək üçün mübarizəsi effektsiz qalmışdı. Əslində Naxçıvanın daxili inizbati bölgüsü əvvəlcədən qüsurlu idi: bir rayon daxilində fərqli zonalar(keçmiş nahiyə əraziləri) indi də hiss olunur. Ləhcə, bəzi məişət, mətbəx,ənənəvi məşğuliyyət və s. fərqləri də xeyli dərəcədə qorunub. Uzun müddət bir rayon(Şərur) tərkibində olsalar da Şəril, Dərələyəz və Kəngərli zonalarının fərqi, nəhayət ki, Kəngərlini ayrıca rayon etməklə nəticələndi. Yenə də yanlış olaraq. Çünki şərilli və dərələyəzli zonaları üçün bütün digər Naxçıvan əraziləri Kəngərli idi. Bu, keçmiş xanlıq dövrünün yaddaşıdır- Naxçıvan vilayətinin İrəvan xanlığına düşən hissəsinin əhalisi(indiki Şərur və Sədərək rayonları) digər ərazilərdə yaşayanların hamısına “kəngərli” deyir, çünki Naxçıvan xanlığını II adı belədir. Naxçıvanın dağ yerlərində yaşayan əhalisi Qafan camaatına “qarabağlı” deyirdi, çünki xanlıq dövrü ora sonradan Pənahabada tabe edilmişdi. Naxçıvan şəhərindən şimalda və ətrafda yaşayan əhali Babək qəsəbəsini mərkəz kimi tam qəbul edə bilmədi, böyürdə daha iri və tarixi mədəni mərkəz olan şəhər varkən əksi də mümkün deyildi…

Yadımda qaldığı qədər o illərdə də Naxçıvanın üç əsas siyasi-ictmai aktiv icmasından biri(ordubadlılar və sisyanlılarla birgə) nehrəmlilər idi. Səbəbini izah etməyə çalışıram:

-Nehrəm və ətraf məntəqələrin, yuxarıda qeyd etdiyim kimi, Naxçıvanın əsas əhalisi ilə eyni dil, din və məzhəbi bölüşsə də, ta Dədə Qorququn kitablaşması və Səfəvi dövrlərindən bəri fərqlilikləri də var. Ora kəngərli, şərilli, təbrizli, milli, sürməlilərin və s.(Naxçıvanın digər əhalisi) deyil, oxuyub bildiyim qədər şamlu və əfşar elatlarının yurdu olub. İlk dəfə Nehrəm məhəllələrinin birinin yüksəkliyində “Abşeron” lövhəsini görəndə də şaşırmışdım. Bu, hər halda əfşar elinə məxsus toponimdir. Bu günlər İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı aparılan kampaniya yenə Nehrəmi yadıma saldı. Nehrəmdə eyni adlı məhəllə var, ordan çıxma tanınmışları –Hacı İbrahim və qohumlarını tanıtmağa da yəqin ki, xüsusi lüzum yoxdur. Belə toponim oxşarlığının tarixi səbəbləri ilə maraqlananlar mərhum akademik Budaq Budaqovun İrəvan və Nehrəm haqda yazdığı qeydlərinə baxa bilərlər.Mən xatırlatsam, tərəfkeşlik kimi görünə bilər;

-Nehrəm əhalisi sıx olan yaşayış məntəqəsidir, ətraf məntəqələrlə birgə Şuşa, Xızı, Şahbuz kimi rayonların əhalisi qədər əhalisi var. Adətən, bir tarixi icma kimi formalaşan yaşayış məntəqələrinin əhalisi arasında bir birini himayə hissi güclü olur. Bunun yaxşı, ya pis olduğunu mühakimə etmək istəməzdim;

-Nehrəmdə rus-tatar məktəbi 1885-ci ildə, ilk qızlar sinfi Mirzə Cəlilin təşəbbüsü ilə 1893-cü ildə açılıb. Bakıda Tağıyevin, İrəvanda Mirzə Məmmədvəli Qəmərlinin təşəbbüsləri ilə nisvan məktəblərinin açılmasından 8 il əvvəl. Əlbəttə sinif -məktəb deyil, amma Nehrəm də Bakı və İrəvan kimi quberniya mərkəzi yox, bir kənd idi;

-Nehrəmdə Azərbaycanın məşhur imamzadələrindən biri yerləşir. Gəncə və Bibiheybətdə imamzadə olması nə qədər dini-tarixi əhəmiyyət daşıyıbsa və əhalinin özünü fərqləndirməsinə zəmin olubsa, eyni hal Nehrəmə də aiddir;

-Tarixi məktəbləri, mədrəsələri olan digər yaşayış məntəqələri (Uluxanlı, Nuxa, Şamaxı, Şuşa, İlisu və s.) kimi Nehrəmdə də təhsilli şəxslərin sayı çox olub. Bu, 19-cu əsrin sonlarından 20-ci əsrin ortalarına kimi hər hansı icma üçün istər-istəməz üstünlük idi. İlisuda sovet vaxtı 400 dən çox alim, məmur, nazir çıxması təəccüblü idimi, ya Şuşadan yüzlərlə alim, yazıçı, bəstəkar, dövlət məmuru və nazirlərin çıxması?

….Nehrəmillər Naxçıvanın Ararat Respublikasının tərkibinə verilməsinə, Andronikin işğal planına qarşı həm silahla, həm də Əli Səbri Qasımov kimi mütəəssib bir ziyalımızın timsalında diplomatiya vasitəsilə gərgin mübarizənin öncüllərindən olublar. Naxçıvan vilayətinin( vəya ozaman deyildiyi kimi ölkəsinin) taleyinin yaxşı halda Sürməli və Qars, pis halda Qərbi Zəngəzurun taleyi kimi olmaması o mübarizənin nəticəsidir. Əlbəttə, o mübarizədə bütün naxçıvanlılar fəal olublar, Abbasqulu bəyin “Qırmızı tabor”unun, Mirzəli bəy Bektaşinin, Behbud ağa Şaxtaxtinskinin, Araz türk cümhuriyyəti qurucularının, Cavid əfəndinin, onlarla digər tarixi şəxslərin əvəzsiz xidmətləri var.

…Atasının yurdu olan Xamnə haqda Zərdüşt Əlizadənin bir müsahibəsi vardı, İran siyasi və dini eltiasında xamnəlilərin ağırlıq basmasından danışanda deyir ki, Xamnə də bizim Nehrəm kimidir. Maraqlı müşahidə idi.

Xamnə və Nehrəm yalnız çoxsaylı siyasət, mədəniyyət xadimi yetişdirmələri ilə bir-birinə bənzəmirlər, dinə bağlılıqlarına görə də oxşarlıqları var. 1990-cı illərdə siyasi İslamın Azərbaycanda iki ağırlıq mərkəzindən biri Bakı ətrafı kəndlər idisə, ikincisi Naxçıvan idi. Orda kimlərin, hansı xarici dairələrin nə kimi işlər çevirdiyi barədə o illərin mediasını, xüsusən NXC-nin “Güney” adlı mətbu orqanını izləmiş olanlar , müəyyən qədər də Səfər Alışarlınının “Maestro” romanı ilə tanış olanlar bilərlər. Hələ xalq hərəkatının ilk illərində siyasi İslama meyil etmiş bir nehrəmil din adamını yerli cəbhəçilər “Hacı Əbdül Naxçıvanski” deyə tənqid edirdilər. Amma dövlətin gərəkli addımlarına həm də nehrəmli ziyalıların ciddi dəstəyi sayəsində siyasi İslam çox ciddi sosial baza toplama potensialına, yaxın xaricin ciddi təsir imkanlarına rəğmən Nardarandakı,… hətta Gəncədəki qədər Nehrəmdə və ümumən Naxçıvanda perspektivli olmadı. 2000-ci illərin əvvəllərində sonuncu gövdə göstərişlərindən sonra, demək olar ki, Naxçıvan siyasi həyatından çəkildi. Hərçənd “birdəfəlik çəkilib getdi” kimi təsbit etmək çətindir. Çünki yenidən zorla icmalaşmaya, əlahiddələşməyə itələnmə tendensiyası artıb.

….Kimsə korrupsionerdirsə, oğrudursa, canidrisə cəzası fərdi olmalıdır. Cəzalandırmaya “ideoloji zəmin” hazırlamaq üçün korrupsioner elan edilmişin mənsub olduğu dini, etnik, ya regional icmanı özgələşdirmək, demonizə etmək yanlış əməldir. Bu məqsədlə hansısa klişelərdən, yarlıqlardan, önyarğılardan çıxış etməksə sadəcə yanlış deyil, siyasi heyvərəlikdir.

19-cu əsrdə İrandan, Türkiyədən, sonra həm də Krımdan, Şimali Qafqazdan, Avropadan köçüb gələn ermənilər Qarabağın yerli qriqorian- nestorian əhalisinə “Qarabağ eşşəyi” deyirdi, Qarabağ erməniləri bunu indi fəxrlə işlədir, eşşək mövzusunda filmlərlə beynəlxalq festivallara da çıxırlar. Amma hansısa heyvərəmiz o ifadəni bir gün Qarabağ müsəlmanlarının ünvanına şamil etməyə başladı;

“Qədeş” Bakı və bəzi Şimal rayonlarımızda evin böyüyünə verilən, fəxrlə çağırılan xitab idi. Bir gün hansısa heyvərəmiz o sözü Bakının yerli müəsəlman əhaisinə qarşı təhqir kimi işlətməyə başladı;

Ayrım Tağı, ya Hacıəmi bizim folklor qəhərmanlarımızdır. Amma bir gün hansısa heyvərə Tağı və Hacıəmiyə aid edilən gülməcələrdəki tipləri bütün şəkililərə və ayrımlara şamil etməyə başladı;

….Hansısa zatıqırıq bir gün “çuşka” sözünü bütün qeyri-bakılılara, “şorsatan” sözünü bütün şirvanlılara şamil etdi;

Hansısa heyvərə bir gün talışları “saat 12”, ləzgiləri “dəllək”, tatları “qalayç”ı sözləri ilə xatırlatmağa dəb saldı….

Mirzə Cəlil öz obrazlarını doğulduğu Naxçıvan-Nehrəm mühitindən də seçib, dərs dediyi İrəvan, Şərur mühitindən də, yaşadığı Tiflis, Təbriz, Bakı, tez-tez getdiyi Şuşa-Qarabağ, mənsub olduğu həmşəhri mühitindən də. Təbii ki, ümumiləşdirəndə müşahidə etdiyi hər kəsdən o obrazlarda hansısa ştrixlər olurdu. Kiminə görə, Kefli İsgəndərin prototipi Məhəmmədağa Şaxtaxtinskidir, kiminə görə Ağcabədidə hansısa ziyalı. Kiminə görə isə “Ölülər” ümumən plagiatdır. “Danabaş kəndinin əhvalatları”ndakı, müəllifin ölümündən sonra çap olunduğu üçün, güman ki, xüsusi redaktə ilə tündləşdirilmiş geridə qalmış kənd obrazı Qafqazın müsəlman mühitinin ümumi mənzərəsini təqdim edir. Niyə müəllifin ölümündən sonra o əsər belə aktual oldu? Çünki o əyyam kolxoz quruculuğu və ona qarşı böyük müqavimət, kəndli üsyanları, qaçaq hərəkatı var idi. Kolxoz düşmənlərini , ozamnkı təbirlə desək “kontrrevolsioner ünsirləri” ideoloji cəhətdən tərk-silah etmək üçün Şura hökumətinin “ədalətinə”, “maarfiçiyinə” əşəddü ehtiyacı olan Danabaş kəndi obrazı hava- su kimi lazım idi.

Hansısa yekəbaş heyvərə günün birində o obrazı sırf bir vilayətə, daha pisi bir kəndə şamil etməyə başladı. Başqa heyvərə o obrazı “məlum və “naməlum region” qarşıdurması haqda qorxulu nağıllarla “dolğunlaşdırdı”. Amma, gərək ki, bunlar 90-cı illərdən sonra aktual deyildi axı. İndi hansı heyvərə “siyasi texnoloq” bu bölünmələri aktuallaşıdırır? Məqsəd nədir?

Xoş məram güdüldüyünu güman etmirəm. Amma “dəstədən geri qalmamaq üçün” xora qoşulub bir -iki ağız oxumağa həvəslilər bir az düşünsünlər. Kimisə belə heyvərəcəsinə aşağılayanın özü kim olur bu halda – eşşək, Tağının torbasından pırt eləyib qaçan dovşan, “sünnət dəlləyi”, sərgərdan qəleyçi, Hacıəminin sevgi obyekti, saat 12 -dən sonra danışdığının fərqində olmayan biri, şorsatan, narkoman qədeş ya kim?

Heyvərələrə qoşulmaq yox, heyvərəliyə “yox” demək lazımdır. Bəzən heyvərəlik çox cəlbedici olub, perspektivdə baş yazarlıq, baş qazançılıq və ya baş qaşıqçılıq kimi ənamlar görünsə də.

….2000-ci illərin əvvəllərində Natan Şaranskinin “İsreal ba Aliya”sı bir neçə yerə parçalanıb faktiki sıradan çıxandan sonra İsrail mediasının bir sevincli şərhi rastıma çıxmışdı. Sevinirdilər ki, israillilər vahid xalqa çevrilir, rusdilli miqrantlar da ümumi yəhudi siyasi etnosuna inteqrə edir. Kiminəsə yersiz müqayisə kimi görünə bilər. O zaman Binəqədi rayonunda AMİP-ə verilən səslərin yaxın dövrümüzdə ən aşağı səviyyəyə düşməsi məndə təxminən eyni hisslər doğurmuşdu. Demək, artıq Azərbaycanda əlahiddə “ermənistanlı elektoratı” yox, İrəvan-Göyçə-Zəngəzur əsilii Azərbaycan vətəndaşları var və onların qayğıları, seçki agendası digərlərindən fərqlənmir.

Zəngəzur dəhlizi işə düşdükdən, Qarabağa böyük qayıdış reallaşdıqdan sonra nə fərqli naxçıvanlı, nə də qarabağlı elektoratı qalmayacaq, ölkənin sosial problemləri hər yerdə necədirsə, onlar üçün də eyni olacaq. Aşağılar inteqrasiya etməyi bacarırlar. Yetər ki, dövlətin bu böyük təşəbbüsləri, həqiqətən dünyanın, regionun və ölkəmizin taleyini dəyişəcək layihələri uğurla bitsin. Amma həm də kiminsə “yağlı yeri”ni tutmaq üçün onun bütün həmyerlilərini demonizə etmə kimi “yenilikçi” siyasi texnologiyalara , bu və ya digər icmanı xor görmək praktikasına da son verilsin.

P.S. 18 yaşıma kimi yaşadığım rayonun tərkibində olsa da Nehrəm və mənim doğulduğum yaşayış məntəqəsi fərqli zonalar sayılır(çünki dediyim kimi sovet dövrünün rayon bölgüsü nə tarixi, nə iqtisadi prinsiplərə söykənmədən aparılb), əhalisinin məişəti, ləhcələri belə fərqlidir. Nehrəm mənə İlusu, Lahıc, Ərkivan, Cavad , Qonaqkənd, Xınalıq, Şuşa… qədər fərqli mühiti, xüsusi tarixi ənənəsi, məişəti, ləhcəsi olan məntəqələrdən biri kimi doğmadır . Nehrəmlilər kimi digər hər hansı yaşayış məntəqəsi, xüsusən tariximizdə, mədəniyyətimizdə yeri olan məntəqə və əhalisi haqda iyrənc demonizə etmə kampaniyasına da eyni reaksiyanı verərdim

Cəmaləddin QULİYEV,

Azinforum.az

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …