Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Manşet / HAKİMİYYƏT VƏ XALQ- Nadir Quliyev yazır..

HAKİMİYYƏT VƏ XALQ- Nadir Quliyev yazır..

İnsanlar ən yaxşı hakimiyyətə belə uzun müddət dözmək istəmir, ondan sıxılır, bezirlər. Ondan sonra daha yaxşısının gələcəyinə ümid edirlər. Sovet vaxtı Brejnevin firavanlıq, əmin-amanlıq, nisbi bolluqla müşayiət olunan hakimiyyəti hamını bezdirmişdi. Hamı Brejnevi ələ salır, onun qocalığına gülür, danışığına, davranışlarına lətifə qoşurdu. İnsanlar sadəcə darıxır, yenilik istəyirdilər, bəzi harınlamış raykom katiblərini, kolxoz sədrlərini, milis və DAM (dövlət avtomobil müfəttişliyi) rəislərini, prokurorları cəzalandırmaq arzusu ilə alışıb yanırdılar. Elə indiki kimi…

Amma əhali arasında belə bir söhbət də dolaşırdı: Brejnev ölsə, müharibə olacaq. Əslində müharibə elə Brejnevin vaxtında da vardı – Əfqanıstan müharibəsi. Bu müharibədə gənclər həlak olurdu. Ancaq Əfqanıstan qurbanlarının miqyası əhalini ciddi təşvişə salacaq dərəcədə böyük deyildi. Beynəlmilələlçilik borcunu yerinə yetirərkən həlak olanlar yalnız öz ailələrinin kədərinə çevrilir, ictimai rezonans doğura bilmirdilər. Valideynlər müxtəlif yollarla övladlarını “duşmanlar” ilə döyüşdən yayındırmağa çalışır, bu müharibəni özlərininki saymırdılar.

Bir gün Leonid Brejnev öldü. Yerinə Yuri Andropov keçdi. Onu televizorda göstərəndə atam dedi ki, bu daha cavan və enerjili adama oxşayır. Ölkədə qayda-qanun yaradacaq, ədaləti bərpa edəcək. Əslində isə, hamı yenilik həstərindəydi. Darıxmış adamlara yeni hadisələr, yeni xəbərlər, yeni tamaşalar lazım idi. Durğunluq, sakitlik, “köhnə hamam, köhnə tas” xalqı bezdirmişdi. Bəli, Andropov müəyyən “tamaşalar” göstərməyə başladı. Təzə, ucuz araq buraxdırdı. Sonra “əmək intizamı” kampaniyası başladıldı. Küçədə adamları saxlayıb, “iş vaxtı burada nə gəzirsən?” sualını verirdilər.

Çox keçmədən Andropov da öldü. Hamı dedi ki, “öldürdülər”. Çünki belə daha maraqlı idi, əhali belə arzulayırdı. “Cavan adam” birdən-birə niyə ölsün ki? Onu qəsdən öldürdülər, yaxşı işlər gördüyünə görə…

Sonra Çernenko gəldi və hamı məyus oldu. Çünki o öz qocalığı ilə Brejnevi xatırladırdı. Ondan Brejnev qoxusu gəlirdi, yəni “halva iyi”, özü də qulağının dibindən. Doğrudan da o tezliklə öldü və xalqı Brejnev dövrünə qaytarmağa macal tapmadı. Bununla da kütlənin hədsiz sevincinə səbəb oldu rəhmətlik…

Gənc Mixail Qorbaçovun gəlişi bu sevinci birə-on artırdı. İslahatlar başladı, nə başladı. Atam televizorun qabağından qalxmır, evdə heç kəs cınqırını çıxara bilmirdi. Spirtli içki içməyən, “xaxol” ləhcəsində danışan urus, “suxoy zakon”a yaxın qadağalar, yenidənqurma, aşkarlıq, demokratiya… Hamı sevinir, ətrafda maraqlı şeylər olur axı… İnsanlar, ayrı-ayrı millətlər illərdir içlərinə yığılmış kiri-pası, hirsi-hikkəni püskürməyə başlayıblar. Böyük canlanma, həyəcan var. Çox keçmədən bütün iqtisadiyyat dağıldı, eyni vaxtda qanlı hadisələr baş verdi və ağıllı adamlar başa düşdü ki, “Brejnev öləndən sonra müharibə olacaq” bu imiş…

Müharibə çox qanlar axıtdı və hələ də axıdır. Qarabağda, Ukraynada bu gün də insanlar ölür…

Heç düşündünüzmü ki, bunlar hamısı hakimiyyət dəyişikliyinin fəsadlarıdır. Əgər Brejnev öldükdən sonra, ya da elə ölməmiş hakimiyyət düzgün, ağıllı, ölçülü-biçili şəkildə ötürülsəydi, təsadüfi adamlar hakimiyyət başına keçə bilməyəcək, düşmən işlərimizə burnunu soxa bilməyəcək, bu qədər qan-qada, bədbəxtlik də olmayacaqdı. Çox təəssüf ki, sovet höküməti, kommunist partiyası bu missiyanın öhdəsindən gələ bilmədi.

Hakimiyyət başqa şeydir, dövlətin başında dayanan şəxs başqa şey. Daha doğrusu, dövlətə rəhbərlik edən şəxs sadəcə hakimiyyətin bir elementidir. Hakimiyyət zərurət duyanda onu dəyişir, müxtəlif islahatlar aparır, formal, kosmetik dəyişiklikılər edir ki, xalq sıxılmasın, darıxmasın, əylənsin, başı qarışsın. Bu mənada Qərbdə bunun daimi reseptini tapıblar. Hər dörd-beş ildən bir dövlətin başındakı şəxsi istədikləri şəkildə dəyişir, nəticəsi əvvəlcədən bəlli olan bir seçki də keçirirlər ki, xalq elə bilsin ki, rəhbəri o seçib və bununla təsəlli tapsın, daxili qürurunu təskin etsin. Əslində isə sadəcə müəyyən formal, kosmetik dəyişikliklər edilir, təntənəli tamaşa təşkil olunur, şou yapılır və xalqın başı 4-5 illik qarışır. Obama getdi, Tramp gəldi, nə dəyişdi? Sadəcə adlar. Amerika hakimiyyəti Trampın adına rəsmiləşdirilən məsələləri Obamanın adı altında da edə bilərdi, amma buna ehtiyac yoxdur, onlar yeni taktikaya uyğun yeni adam tapırlar və seçdirirlər. Tutaq ki, Obama qaraların könlünü almaq, müsəlman dünyasını sakitləşdirmək üçün idi. Bunu etdilər və lazımi nəticəni aldılar. Amma bu taktika artıq köhnəldi, camaat darıxdı, yenilik, həyəcan, yeni tamaşa, şou lazımdır. Yeni taktikaya uyğun da adam gərəkdir. Tereza May Boris Conson dəyişikliyi də eləcə…

Zənnimcə, bizdə bu məsələ hələ problemlidir. Asan deyil, təkcə hakimiyyətdən yox, N qədər amildən asılıdır. Yadınızdadırsa, 2013-cü ildə Mehriban Əliyevanın prezident olması fikri aktual idi. Mehriban xanımın adına bağlı partiya təşkilatlandırmağa belə başlamışdılar, əksəriyyət İlham Əliyevin namizəd olmayacağını düşünürdü. Amma alınmadı. 2018-də bu məsələnin üzərinə belə gəlinmədi. Mehriban Əliyeva 1-ci vitse-prezident təyin olunmaqla məsələyə nöqtə qoyuldu.

Azərbaycandakı müxalif yönümlü insanlar, Qərbdəki siyasi texnologiyaları anlamayan, anlamaq istəməyənlər elə hesab edirlər ki, guya İlham Əliyev hakimiyyətdən əl çəkmək istəmir, diktatordur, nə bilim nə. Heç kəs düşünmür ki, prezident kürsüsünü təhvil vermək, hələ hakimiyyətdən əl çəkmək anlamına gəlmir. Xüsusilə də, bunu həyat yoldaşının xeyrinə edirsənsə. Əgər 2013-də Mehriban Əliyeva prezident olsaydı, guya İlham Əliyev hakimiyyətdə heç bir rol oynamayacaq, prosesdən tamamilə uzaqlaşdırılacaqdı? Əlbəttə, yox. Ancaq gördüyünüz kimi, bu mümkün olmadı. Niyə mümkün olmadı, bax bunun çox dərin səbəbləri var.

Əgər hakimiyyət bir ailə içində ötürülə bilmirsə, deməli, komandadan kiməsə heç ötürülə bilməz. Komandadan kiməsə ötürülə bilmirsə, müxalifətə ötürülməsi indiki halda qətiyyən mümkün deyil. Səbəb şübhəsiz ki, müxalifətin və onun yönləndirdiyi səbatsız adamların iddia etdiyi kimi, sərvət hərisliyi, kreslo ehtirası deyil. Səbəb Azərbaycan dövləti, dövlətçiliyidir. Onun tamamilə işğal olunması, parçalanması, məhv olması təhlükələridir və bunu hamıdan yaxşı hakimiyyətdə oturanlar, onun məsuliyyətini bilavasitə çiynində daşıyanlar bilir. Onlar öz şəxsi mənafelərini hər şeydən üstün tutursalar belə, dəqiq bilirlər ki, Azərbaycansız o da olmayacaq. Onlar heç bir yerdə, nə Amerikada, nə də Avropada özlərini buradakı qədər sərbəst, xoşbəxt hiss edə bilməyəcəklər. Elə hamımız kimi.

Azərbaycanda kosmetik, formal hakimiyyət dəyişikli belə indiki məqamda xaricdən ciddi təhlükələr və müdaxilələrlə müşayiət oluna bilər. Bu təhlükə olduqca real və ciddidir. Radikal müxalifətlə hakimiyyət arasında gedən gərgin mübarizə əslində xarici müdaxiləçilərlə hakimiyyət arasında gedən mübarizədir (burada 5-ci kolon məsələsi tam yerinə düşür). Azərbaycanın həqiqi müstəqilliyi ancaq onun öz hakmiyyətini özü formalaşdırması yoluyla mümkündür. Ancaq böyük imperialist dövlətlər, neo-müstəmləkəçilər bizə bu imkanı vermək istəmir. Onlar “demokratiya, insan haqları heç bir ölkənin daxili işi ola bilməz” şüarı ilə buradakı siyasi prosesləri, hakmiyyət dəyişikliyini, seçkiləri daim öz nəzarətləri, təzyiqləri altında saxlamaq istəyirlər.

Ancaq əminəm ki, gün gələcək, biz keçməli olduğumuz mərhələləri bir-bir adlayacağıq və xalqımızı da elə avropalılar kimi darıxmağa qoymayacağıq. Bunun üçün sadəcə yolumuza ağılla davam etməli, radikal, kəskin hərəkətlərdən çəkinməli, problemlərimizi, dərdlərimizi analiz etməli, paxıllıq və qisasçılıq kimi xırda ehtiraslardan arınmalı, rasional çıxış yolları axtarmalıyıq. Xüsusilə də, obyektiv düşüncəli insanların təşkilatlanması, cəmiyyətdə güclü təbliğat aparması yoluyla.

Nadir QULİYEV,

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda qismən səfərbərlik elan edildi

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər verir …