Ana səhifə / Manşet / Həssas günlərdə təxribatla hansı saytlar məşğul olub?-Adlar

Həssas günlərdə təxribatla hansı saytlar məşğul olub?-Adlar

Dövlət anlayışını dərindən qavrayanlar yaxşı bilirlər ki, bu çətinliklə əmələ gələn bir siyasi toplumdur. Dünyada heç də bütün xalqar müstəqil dövlət qurmaq kimi xoşbəxtliyə nail olmayıblar. Məhz buna görədir ki, dövlətə sahib olan millətlər, xalqlar onu göz bəbəyi kimi qorumağı tərciyyə edirlər.
Dövlətçiliyə aparan yol, onun qorunması heç də asan və rəvan olmur. Buna görə də dövlətlər özlərinin xoş və çətin günlərində kimlərin, hansı güclərin necə davrandığını öz yaddaş dəftərlərinə xüsusi olaraq qeyd edirlər. Son 10 günlük dönəmdə Azərbaycan maraqlı bir periodu yaşadı. Bəli, bunun adına bir sınaq da demək olardı. İndi gəlin görək məhz bu maraqlı zaman kəsiyində kimlərin necə davrandığına bir diqqət edək. Ölkəmizdə yaşanan adi təhlükəsiz gecələrdən birində bir anda elektrik yoxa çıxdı, ətraf zülmətə qərq oldu. İlk anda hamı bunun kiçik bir xəta olduğunu zənn etdi. Lakin qısa müddət soraqlaşdıqdan sonra bəlli oldu ki, baş verən hadisə lokal deyil, qlobal miqyası əhatə edir. Elektrik olmadığı üçün sosial şəbəkələrə giriş də məhdud idi. Ancaq telefonunun bateriyasında ehtiyatı olan və mobil internetə qoşulmaq imkanına sahib şəxslər ölkədə adi bir hadisənin yaşanmadığının fərqinə daha tez vara bildilər. Belə hallarda əhalini panik duruma salmaq çox asandır. Açığını deyək ki, analoji cəhdlər də oldu.

“Təxribatdır”, “ermənilər hücuma keçə bilər” kimi fikirlər belə paylaşılmağa başlandı. Heç də hamı panika yaymaqda maraqlı olmadı. Sosial şəbəkənin imkanlarından istifadə etməyi yaxşı bacaran bəzi vətənpərvər insanlar, əksinə, əhalini təmkinə, səbrli olmağa dəvət etdi. Sən demə, proses bununla da yekunlaşmırmış. Bəlli oldu ki, ölkənin energetika sektorunda ciddi rekonstruksiyaya ehtiyac duyulur və əlaqədar qurumlar bu sahədə onlara tapşırılan işin öhdəsindən lazımi şəkildə gələ bilməyiblər. Belə hallar istənilən dövlətlərdə yaşana bilər, hətta yaşanıb da. Yəni prosesin düzəlməyə doğru getməsindən narahat olanlar Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə böyük bir təxribat, hətta terrora bərabər sayılacaq bir əməl törətməyə nail oldular. Vaxt onlar üçün “ideal” seçilmişdi. Xaos nəzəriyyəsində belə bir detal da var ki, cəmiyyətdə tanınmış adamların qətlə yetirilməsi hərcmərcliyin, özbaşınalığın baş qaldırmasına əsas verə bilər. Məhz bu məqamdan istifadə edib Yunis Səfərov adlı Rusiya vətəndaşı Gəncənin icra başçısı Elmar Vəliyevi və onun cangüdənini düz İcra Hakimiyyəti bınasının qarşısında güllələdi. Həmin hadisəyə ilk anda fərqli münasibətlər sərgilənməyə başlandı. Hətta bəzi sosial şəbəkə istifadəçiləri, səhifələr və saytlar terrora cəhd edən şəxsin fotosunu örtük şəklinə çevirərək, onun etdiyi əmələ haqq qazandırmağa, özünü isə qəhrəmanlaşdırmağa çalışdılar. İnternetdə adını birinci dəfə eşitdiyimiz saytlar peyda olmağa başladı. Onlar baş verən hadisə ilə bağlı heç də ölkəmizin maraqları ilə uzlaşmayan təbliğata start verdilər. Məhz həmin anlarda Gəncədə itaətsizliyə, kütləvi iğtişaşlara çağırışlar edildi. Təbii ki, bütün bunlar sadaladığımız informasiya resursları hesabına həyata keçirilirdi. Məhz bu cür aparılan təxribat xarakterli təbliğatın nəticəsi olaraq iyulun 10-da Gəncədə ağır terror hadisəsi baş verdi. 200 nəfərə yaxın silahlanmış radikal şəxslərdən ibarət dəstə polislərə hücum etdi. Nəticədə iki nəfər yüksək rütbəli pols zabiti şəhid edildi. Diqqətçəkən hal bundan ibarətdir ki, bütün sadalanan mərhələlərdə, ölkəmiz üçün həssaslıq tələb olunan məqamda hardan idarə edildiyi məlum olmayan saytlar vasitəsilə ölkəmizə qarşı əməlli-başlı ideoloji müharibə apardılar. Bu hal hətta o dərəcədə ciddiləşdi ki.

Prezidentin köməkçisi Əli Həsənov belə məsələyə münasibət bildirdi. Sitat: “Kimə məxsusluğu bəlli olmayan “Ru-clip.ru” saytının “YouTube” kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip – çağırış yayımladı”.

Bizim də bu yöndə apardığımız araşdırmadan sonra müəyyən etdiyimiz ciddi mətləblər üzə çıxdı. Məlum oldu ki, “Nuraz.com”, “Abna.com”, “Aran.news”, “Qafqaz.ir”, “Rasthaber.com”, “Ru-clip.ru” adlı saytlar da əhalini üsyana səsləyən, bir sözlə, Azərbaycana qarşı təşkil olunan kampaniyada yer alıblar. Bu saytların kimlərə məxsus olması və nəyə görə Azərbaycana qarşı kampaniya aparması ilə maraqlandıq. Məlum oldu ki, adıçəkilən saytların heç birinə hazırda ölkə ərazisindən daxil olmaq mümkün deyil. Araşdırmamız nəticəsində o da məlum oldu ki, internetdə həmin saytlara aid heç bir rekvizitlərə rast gəlinmir. Həmin saytların əhatə etdiyi domen zonaları sırasında isə beynəlxalqla yanaşı, İran və Rusiyaya məxsus olan “ir”, “ru” kimi domenlərə rast gəlinir. Onda bu nəticəyə gəlinir ki, həmin saytlar sadəcə müəyyən missiyanı yerinə yetirmək üçün ortaya atılan informasiya kamikadzeləri rolunu oynayıblar. Məkrli planları baş tutmayandan sonra isə qaçıb gizlənməyə üstünlük veriblər. Bu xüsusda söhbət etdiyimiz əksər media eksperti də sözügedən saytların adını ilk dəfədir eşitdiklərini dedilər.

Bəli, bu da bir taktikadır. Görəndə ki, artıq Azərbaycan dövləti məsələnin izlərinə ciddi düşüb, müvəqqəti səngərə çəkiliblər. Ancaq, bütün hallarda, bu kimi internet resurslarının iğtişaş günlərində və ona qədərki dövrdə məmurları öldürməyə, silahlanmağa, qan tökməyə etdikləri çağırışlar yaddaşlardan silinməyib. Bu gün Azərbaycanda media adamları, sıravi insanlar dövlət məmurlarını orta əsrlərsayağı qılınclayan qatilləri qəhrəman kimi təqdim edən belə internet resurslara qarşı ən ciddi məhdudlaşdırıcı tədbirlər görməyə çağırır, belə resursların maliyyə və informasiya ilə təmin edilməsində iştirak edən Azərbaycan vətəndaşlarının aşkarlanmasını tələb edirlər. (Baki-Xeber)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …