Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Manşet / Həbs edilən icra başçısı ilə tanınmış hərəkatçı arasında nə baş verib?

Həbs edilən icra başçısı ilə tanınmış hərəkatçı arasında nə baş verib?

Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Fərəməz Allahverdiyev DTX tərəfindən həbs edilən Neftçalanın icra başçısı İsmayıl Vəliyevlə bağlı maraqlı məlumat paylaşıb. Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:

İsmayıl Vəliyevi (DTX tərəfindən həbs olunan Neftçalanın sabiq icra başçısı) şəxsən tanıyıram. Dəfələrlə duz-çörək kəsmişik. Amma tanışlığımız uzun illər öncə olub, hardasa 30 ilə yaxındı. O vaxt mən, gənc yaşıma rəğmən, Şərur rayonu kimi böyük bir rayona rəhbərlik edir, həm də millət vəkiliydim. İsmayıl Vəliyev isə sıradan iş adamıydı. Daha doğrusu, Kəmaləddin Heydərovun yaxın çevrəsindəydi.
Səhv etmirəmsə, 1991-ci il dekabr ayının sonlarıydı. Sabiq Şərur Rayon Partiya Komitəsinin binasında (artıq bu bina rayon XDM-in binasıydı) iş otağımda idim.

Müavinim Cəmşid Fətullayev yanıma gəlib bir hadisə ilə əlaqədar məruzə etdi. Məlum oldu ki, rayon XDM İK-in sədrinin qışqırtmasıyla Xalq Cəbhəsinə məxsus bir qrup şəxs Türkiyə ilə aramızdakı müvəqqəti körpüdən keçən 8 kamyon dolu pambıq mahlıcına əl qoyublar. Bu, böyük skandal idi.
Dərhal məsələni araşdırmağa başladım. Cəbhəçilərlə söhbətim zamanı dedilər ki, rayispolkomun sədri onlara bir qrup mafiyanın Azərbaycanın sərvətlərini talayıb, Türkiyəyə daşıdıqlarını deyib. Onlar da sadəlövhcəsinə inanaraq, özəl şirkətə məxsus mallara əl qoyublar.


Xülasə, araşdırıb gördük ki, mübahisə mövzusu olan məhsul heç Azərbaycana məxsus deyil. Özəl bir şirkət tərəfindən Orta Asiya respublikalarının birindən alınmış və Azərbaycan ərazisindən keçməklə Türkiyəyə reeksport edilir. Bütün sənədlər də tamamilə qaydasında və mövcud qanunlara uyğun idi. Göstəriş verdim ki, bir an belə yubanmadan saxlanılan maşınlar buraxılsın.


Təxminən bir həftə sonra müavinim bildirdi ki, həmin iş adamları mənimlə görüşmək istəyirlər. Onları qəbul etdim, 3 nəfər idilər: Kəmaləddin Heydərov, İsmayıl Vəliyev və daha bir nəfər. Məlum oldu ki, onlar Türkiyədən xeyli miqdarda ərzaq məhsulları sifariş ediblər. Həmin vaxt Naxçıvanda çox çətin dövrlər idi, qıtlıq hökm sürürdü. Bu iş adamları istəyirdilər ki, sifariş verdikləri ərzağın bir qisminin satışını (olduqca ucuz qiymətə) Şərur rayonunda təşkil etsinlər. Bununçün rayon rəhbəri olaraq, mənim razılığımı və iznimi istəyirdilər. Sevincək halda, “nə razılıq, nə izn vermək, bu, olduqca gözəl təşəbbüsdü, istədiyiniz kimi edin, buna əhalimiz də çox razı qalacaq”, – deyib məmnuniyyətimi bildirdim.


Kəmaləddin Heydərov və komandası bu işi yekunlaşdırdıqdan sonra İsmayıl Vəliyev bir daha yanıma gəldi. Bu dəfə tək idi. Mənə 60 min dollar pul gətirmişdi. “Bu nədir”, – deyib təəccüblə soruşdum. Dedi ki, şef bunu sizin payınız olaraq göndərib. İsmayıla eynilə bu sözləri dedim:

Gedib şefinə de ki, mən sizə nəyinsə qarşılığı olaraq yardım etmədim. Siz haqlıydınız və haqlı olduğunuz üçün mallarınızı alıb geri verdim. Sonra siz o malları satdınız, əvəzində ərzaq alıb gətirdiniz və mənim rəhbərlik etdiyim rayonu bir müddətliyinə də olsa, qıtlıqdan çıxardınız. Əslində mən sizə təşəkkür etməliyəm. Siz isə mənə rüşvət verirsiniz. Əgər etdiyiniz yaxşılıq olmasaydı, siz isə rəhmətlik İsmət Qayıbovun bacısıoğlu olmasaydınız sizi elə bu dəqiqə buradaca həbs etdirərdim.


İsmayıl müəllim çıxarkən mənə dedi ki, siz düzgün etmirsiniz, bu gedişlə çox uzun işləyə bilməzsiniz. Haqlıydı. Siyasətdə, dövlət işlərində olub-bitənlərdən bezdim, həmin hadisədən 6 ay sonra tutduğum vəzifədən istefa verib getdim.


Sonralar həm İsmayıl müəllim, həm də Kəmaləddin Heydərovla səmimi, təmənnasız dostluq münasibətləri qurduq. Naxçıvanın müdafiəsi üçün xeyli hərbi texnika alıb göndərdiklərinin də şahidi olmuşam. Bir yerdə dəfələrlə çörək də kəsmişik. İnsafən, çox gözəl xasiyyəti olan biridi. Onunla bağlı son hadisəyə təbii ki, bir dost kimi üzüldüm. Ancaq…


İndi yazacağım bir səbəb həm də bu statusu yazmağıma yol açdı. DTX-nın yayımladığı bir videoda İsmayıl Vəliyevin aldığı rüşvətləri göstərirlər. 2:15-də salafanın içərisində xeyli sayda 5 (beş) manatlıqlar göstərilir. Bunu gördüyümdə dostumun yerinə mən utandım, xəcalət çəkdim. Anlayıram, hər adam iradə göstərib, pulun pul vaxtında 60 min dollardan imtina etməzdi. Ancaq mənim dost dediyim adam utanmayıb 5 manatı da rüşvət alırsa, yediyimiz çörəyin xatirinə onun yerinə mən utanaram!

Azinforum.az

Həmçinin oxuyun

Partiya sədrlərindən Mirkazım Seyidovun fikirlərinə reaksiya: ” Hələ gəlsin, bir görək məqsədi nədir? “

Yeni yaradılan Böyük Dayaq Partiyasının (BDQ) sədri Mirkazım Seyidovun Azinforum.az saytına verdiyi sonuncu videomüsahibəsində səsləndirdiyi …