Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Köşə Yazarları / Göyərçin öldürən xəz geyimli ekoaksiyaçı…

Göyərçin öldürən xəz geyimli ekoaksiyaçı…

Bir neçə gündür ki, Azərbaycanın  bir qrup QHT və media təmsilçisi Rusiya sülhməramlılarının postu ilə üzbəüz dayanaraq  Laçın yolunda etiraz aksiyası keçirir. Bunun həm də böyük bir risq olduğunu da anlayırıq.

Çünki tarixdən dəfələrlə rus əsgırinin əli yalın insanlaramıza necə atəş açdığının şahidi olmuşuq. Heç uzağa getməyək, ötən əsrin 90-cı ilində baş verən 20 yanvar hadisəsini xatırlamaq yerinə düşər. Üstəlik, hava şəraiti də bütün günü orada dayanmaq üçün əlverişli deyil. Bütün bunlara rəğmən, vətəndaşlarımızın nümayiş etdirdiyi təmənnasız aktivliyi görürük və bunu təqdir edirik. O da bəllidir ki, bu aksiyanı Ermənistanla yanaşı həm də  bütün dünya izləyir. Provokasiya yaratmağın ustası olan erməni təbliğat maşını bütün səyləri ilə həmin aksiyaya başqa donlar geyindirib, onun əhəmiyyətini heçə endirmək istəyir.

Ancaq Azərbaycanın rəsmi dairələri onların informasiya təxribatının qarşısını soyuqqanlılıq və xüsusi məharətlə alır. Məsələn, əvvəl dedilər ki, azərbaycanlılar yolu bağlayıb. Prezidentin köməkçisi sübut etdi ki,  yolu biz yox, sülhməramlılar bağlayıb. Biz sadəcə, öz haqqımız olan etiraz hüququmuzdan istifadə edirik. Sonra ermənilər yalandan məlumat yaydılar ki, güya Xankəndidəki xəstələri lazımi yerə apara bilmirlər. Azərbaycan tərəfi istənilən tibbi yardım göstərməyə hazır olduğunu dedi. Görün, ermənilərin tam fiaskosu fonunda özümüz onlara aksiyanın mahiyyətini ləkələmək üçün hansı dəlilləri vermiş oluruq? Bizim aksiyanın əsas qayəsi ekoloji tələblərlə bağlıdır. Çox əsaslı olaraq deyirik ki, sülhməramlılar bizə qızıl və digər faydalı yataqlarla  bağlı  monitorinq aparmağa icazə verməlidir.

Bunu ermənilər faydalı qazıntılarımızı istismar etdikləri üçün deyirik. Hər halda, ekotələblərlə həmin aksiyaya çıxan vətəndaşlarımız elə ekotələbə uyğun da davranış ortaya qoymalıdır. Çox təəssüflər olsun ki, bəzi adamların aksiyadakı davranışları bizi dərindən  məyus etdi, həm də ermənilərin əlinə ciddi əsaslar verdi. Dünən aksiya iştirakçıları havaya  sülh rəmzi olan göyərçinlər buraxdı. Həmin prosesi əlində səsgücləndirici olan bir xanım idarə edirdi. Ekotələblə aksiyaya çıxan xanımın əynində heyvan dərisindən olan bahalı xəz vardı. Bu adam bilmir ki, ekotələbin ən başlıca şərtlərindən biri də təbiətdəki heyvanların dərisindən istifadəyə qadağa tələbidir.

Adam əyninə ölmüş və ya öldürülmüş heyvanın dərisini geyinib, necə ekotələb irəli sürə bilər? Götürək ki, bunu bilməyib. Bəs ətrafda olanlar niyə onu başa salmayıb? Elə həmin xanım əlindəki sülh rəmzi olan göyərçini elə sıxdı ki, onun canını aldı, sonra isə  əlindəki göyərçin göyə qalxmaq əvəzinə yerə düşdü, çünki ölmüşdü. Ən maraqlısı budur ki, bütün bunlar kameraların önündə vaş verdi və bizdən qabaq onu ermənilər gördü. Biz mövzunu malalaya bilərik, yeri gəlsə özümüzü görməzliyə də vurardıq. Amma ermənilər üçün bu, qapıdan qol keçirmək üçün gözəl pas idi. Diqqətli olaq ki, bir daha düşmənə belə paslar verməyək.

Məhəmmədəli QƏRİBLİ


P.S.
 Aksiya təşkilatçılarına bir şeyi də xatırlatmaq yerinə düşər: o binəva quşları qecə qaranlığında göyə buraxmaq onların ölümünə fərman kimi bir şey idi! Axı bu aksiya gündüzlər də davam edir, nədən gün işığını o dilsiz məxluqlara çox gördüz?..

Həmçinin oxuyun

Vasif Talıbovun general qohumu siyasi partiya funksionerinə necə “atıb”?- Video

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yüksək vəzifədə işləyən yaxın qohumlarının əməllərindən zərər çəkən çoxlu sayda …