Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Görkəmli qafqazşünas alim Oleq Kuznetsov: “Vasif Talıbov qətiyyətli dövlət xadimidir”

Görkəmli qafqazşünas alim Oleq Kuznetsov: “Vasif Talıbov qətiyyətli dövlət xadimidir”

Rusiyalı tarixçi, görkəmli qafqazşünas alim Oleq Kuznetsov Naxçıvana gəlib. İkinci dəfə Naxçıvanda olan alimin budəfəki səfərinin məqsədi elm adamları ilə əlaqələri daha da gücləndirmək, Naxçıvan həqiqətlərini dünyaya çatdırmaqdır.

Duzdağ Fizioterapiya Mərkəzinin imkanlarından yararlanan Oleq Kuznetsov muxtar respublikanın bir sıra mədəniyyət müəssisələrini, muzeylərini və tarixi abidələrini də ziyarət edib. O, öz təəssüratlarını naxcivantv.az saytının əməkdaşları ilə bölüşüb. Azinforum.az həmin müsahibəni təqdim edir.

Rusiyalı alim deyib: “Bu mənim Naxçıvana ilk səfərim deyil. Birinci dəfə  2014-cü ildə burda olmuşam, Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə keçirilən beynəlxalq elmi konfransda iştirak etmişəm. Bu dəfəki səfərimdə iki məqsədim var, həmkarlarımla ünsiyyətdə olmaq, digər tərəfdən Duzdağda müalicə almaq. Hansı ki bu şəfa ocağı yalnız Rusiyada deyil, bütün dünyada tanınır. Avropalı həkimlər müalicəm üçün məhz buranı məsləhət bildilər. Əslində mən həmişə Naxçıvanda olmaqdan məmnunluq duyuram, çünki bu region mənim elmi maraqlarım dairəsindədir. Mənim bir neçə elmi işim Azərbaycanın tərkibində muxtar respublikanın yaranması haqqındadır. Təvazökarlıqdan kənar olsa da, deyə bilərəm ki, ilk dəfə rus dilində Naxçıvanın muxtariyyətinin yaranması və 1921-ci ildə ona Moskva və Qars müqavilələrində hüquqi status verilməsi haqqında  ətraflı olaraq yazmışam. Naxçıvanın tarixi və Kəngərli süvariləri haqqında çox maraqlanıram. Ümumiyyətlə mənim bu yurda böyük məhəbbətim var.   İkinci səfərim olduğuna görə əvvəlki Naxçıvanla indiki Naxçıvanı müqayisə edə bilirəm. Mübaliğəsiz deyə bilərəm ki, Naxçıvan real olaraq çox inkişaf edib, müasir infrastruktur qurulub. Yeni sosial obyektlər tikilir. Məhz elə Duzdağın timsalında  qeyd edə bilərəm ki, artıq   beynəlxalq statuslu  müalicə mərkəzləri yaradılır. Bir daha şahidi oluram ki, Azərbaycan, eləcə də Naxçıvan düzgün inkişaf yolundadır. Və onların gələcək inkişafı üçün böyük potensial var. Naxçıvan əhalisi ilə söhbət edərkən onlar qeyd edirlər ki, dövlətimiz insanların yaxşı yaşaması üçün çox böyük səy göstərir”.

“Naxçıvandan Duzdağa gedərkən şahidi oldum ki, yolun kənarında nə qədər ağac əkilib.  Mən çox yaxşı başa düşürəm ki bütün bunlar, bütün bu kollektiv əmək dövlətin qayğısı olmadan mümkün deyil. Bu qayğı insanları mühüm problemlərin həllində birləşdirir və düzgün istiqamətləndirir. Mənə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşmək qismət oldu.  Həmin görüş mənə belə bir təəssürat bağışladı ki, o çox qətiyyətli dövlət xadimidir və regionun inkişafı naminə ciddi işlər görür. Bu dəyişikliklər son 3 ildə mənim gözümün qabağında baş verib, onun ideyaları reallaşır və bu, bütün naxçıvanlıların mənafeyi üçündür”-, deyən Oleq Kuznetsov              Naxçıvanın son 3 ildə böyük bir inkişaf yolu keçdiyini və burada mədəni irsin həssaslıqla qorunmasını da yüksək qiymətləndirib: “Mən Naxçıvanın demək olar ki, bütün gəzməli, görməli yerlərində olmuşam, mən gözəl görürəm ki, humanitar sahə necə inkişaf edir, mədəni irs necə qorunub saxlanılır, bu çox vacibdir, o işlər ki əhalinin rifahı naminə görülür, bütün bunlar xalqa xidmətdir. Buna görə də dövlətinizə minnətdar olmalısınız”.

Oleq  Kuznetsov yeni il arzularını da çatdırdı:  “Fürsətdən istifadə edərək naxçıvanlıları yeni il münasibətilə təbrik edirəm. Mən 2018-ci ili Duzdağ müalicəxanasında, Naxçıvanda sizinlə birgə qarşılayacam, hamınıza hər şeydən əvvəl sağlamlıq, xoşbəxtlik arzulayıram və  ümidvaram ki, növbəti  il bu ildən daha yaxşı olacaqdır”.

Xatırladaq ki, Oleq Kuznetsov həm də tarixi ədalətin bərpası naminə çalışan fədakar alimlərdəndir. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanıması barədə petisiya hazırlayıb. RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanmış petisiyada bu faciənin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb edilməsi, hadisənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi barədə çağırış vardır. Bu petisiya həm faciənin soyqırımı kimi Rusiya Federasiyasının Dövlət Duması tərəfindən tanınması, həm də onu törətmiş erməni canilərin cinayət məsuliyyətinə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Ruhiyyə  Rəsulova

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …