Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Fuad Nəcəfli köhnə məmurlardan ibarət blokadanı necə yarmalıdır?

Fuad Nəcəfli köhnə məmurlardan ibarət blokadanı necə yarmalıdır?

Prezident Fuad Nəcəfli adlı gənc bir kadrı Naxçıvanda özünün xüsusi nümayəndəsi kimi təsdiq edərək MR-ə göndərib. Bu o deməkdir ki, Naxçıvanın bundan sonrakı rəhbərliyi sırf ona tapşırılıb. Ölkə başçısının bu seçiminin doğruluğu ilə bağlı bir çox yazılara, əsaslandırılmış arqumentlərə rast gəlmişik.

Ölkə başçısının Naxçıvanda post-Talıbov dönəmi üçün oranın daxilindəki məmurlardan kimisə rəhbər təyin etməməsi də olduqca düşündürücüdür. Görünən budur ki, bu seçimdə bir sıra parametrlər nəzərə alınıb. Yeni nümayəndənin gənc olması, indiyə qədər adının hansısa qruplaşmada və korrupsiya qalmaqalında hallanmaması, əslən Naxçıvandan olması və ən əsası, Muxtar Respublikanın məmur kontingenti ilə heç bir əlaqələrinin olmaması onun personasını daha da cəlbedici edib.

Ölkə başçısı xüsusi nümayəndəni Naxçıvana göndərməzdən əvvəl qəbul etdi. Ona xüsusi tövsiyələrini verdi. Fuad Nəcəfli həmin tapşırıqları yerinə yetirmək potensialında olan bir gənc kadr təsiri bağışlayır. Ancaq hiss olunur ki, o, Naxçıvanda köhnə talıbovçu məmurlar tərəfindən sərt sipərlə əhatəyə alınıb. Təbiidir ki, birdən-birə hamını işdən çıxarmaq da olmaz. Görürük ki, dünən Vasif Talıbovun avtomobilinin qapısını açan bu gün eyni xidməti Fuad Nəcəfliyə göstərir.

Eyni sözü yeni Nümayəndənin hazırda oturduğu Ali Məclis binasındakı aparata rəhbərlik edənlərə və ən əsası, hazırda Vasif Talıbovu postunda əvəz edən Azər Zeynalova aid edə bilərik. İndiyə qədər Naxçıvanda xüsusi nümayəndəlik institutu olmadığı səbəbindən Fuad Nəcəfli idarəetməni Ali Məclis binasındakı aparat vasitəsilə həyata keçirir. Ancaq kənardan etdiyimiz müşahidələr onu deməyə əsas verir ki, başdan-ayağa kimi korrupsiya çirkabında çabalayan və despot idarəçiliyə öyrəşmiş köhnə məmurlardan ibarət bu aparat bacardığı qədər Fuad Nəcəflinin gördüyü işləri sabotaj edir.

Gəlin, bu sabotajın nədən ibarət olduğunu konkret faktlarla diqqətə çatdıraq. Demək olar ki, hər gün Ali Məclisin qarşısında müxtəlif sosial tələblərlə bağlı fərqli zümrələrin etiraz aksiyası keçirilir, daha doğrusu təşkil edilir. Üzr istəyirəm, hətta evində həyat yoldaşı ilə yola getməyən adam da şikayət üçün yeni Nümayəndənin üstünə yönəldilir. Buna niyə yol verilir? Başa düşürük ki, xalq 27 illik idarəçiliyə inanmadığı üçün öz nicatını yeni Nümayəndədə görür.

Bəs onda bu qədər dövlət qurumları, rayondakı icra başçıları nə işlə məşğuldur? Bəlli ki, Vasif Talıbovun zamanında həmin məmurlar xalqdan uzaq düşmüşdüsə, hazırda onlardan xalqa xidmət tələb olunur. Niyə bunu etmirlər? Sanki köhnə talıbovçular belə etməklə, yeni Nümayəndənin diqqətini yalnız kiçik sosial narazılıqlara yönəltməyə çalışırlar ki, daha ciddi məsələlər: kadr islahatı, korrupsiya ilə mübarizə arxa plana keçsin.

Xüsusi nümayəndə rayonlarda əhali ilə görüşlərə gedərkən onunla görüşün keçirildiyi zala xüsusi öyrədilmiş adamlar buraxılır ki, rayonlardakı yerli rəhbərliyə bəy tərifləri deyilsin. Tədbirin sonunda isə məlum olur ki, əsl narazı vətəndaşlar kənarda saxlanılaraq, tədbirin keçirildiyi inzibati binaya belə buraxılmayıb.

Başqa bir fakta diqqət edək. Xüsusi nümayəndə bayram gəzintisində xalq arasına çıxarkən Vasif Talıbovun bütün yan-yörəsi, ən əsası da xalqa edilən zülmlərin başında dayanan adamlar onun ətrafında görünür. Əslində həmin adamıarın özlərinin siyasi etikası olmalıdır ki, təmiz bir kadrın yanında durmaqla, ən azı, atmosferi çirkləndirməsinlər.

Bu azmış kimi, özlərinə yaxın olan, cəmiyyət içində heç də yaxşı reputasiyası olmayan adamları belə sadə şikayətçi kimi yeni Nümayəndəyə sırımağa çalışırlar.
Belə “ssenari”lərin birində Prezidentin xüsusi Nümayəndəsi ilə “təsadüfi” görüşə cibində kasetlə gələn biri hamının diqqətini cəlb etdi. Bəs görəsən həmin adam kimdi və onda Heydər Əliyevlə bağlı hansı məxfi kaset ola bilər ki, həmin kaseti xüsusi Nümayəndəyə təhvil verir?

Tanıyanlar deyir ki, həmin adam Şahbuzun Qışlaq kəndindəndir. Əvvəl taksi fəaliyyətilə məşğul olub. Əsl adı Bəyməmməd olan həmin adama el arasında Urman deyirlər. Oğlu Şükür Culfa gömrüyündə mayor rütbəsi daşıyır. Nəvəsi Sərhəd Xidmətində işə düzəlib və leytenant rütbəsi alıb. Hətta Vasif Talıbovun yaxın ətrafından olan bir adamla kirvə olduğu da bildirilir.

Görünən budur ki, bu cür insanları yeni rəhbərliyə təqdim etməklə, onun dəyərli vaxtını alaraq, mövcud problemlərin həllini ləngitmək istəyirlər.
Əslində istisna deyil ki, “köhnə qurdlar” öz adamlarını yeni rəhbərliyə ictimaiyyət nümayəndəsi kimi təqdim etməklə köhnə rejimi bacardıqları qədər ayaqda saxlamağa çalışacaqlar. Buna görə də Fuad Nəcəfli təcili şəkildə yaxın ətrafını sadiq talıbovçulardan təmizləməlidir ki, gördüyü işlər sabotaj edilməsin.

Məhəmmədəli QƏRİBLİ,
“Bakı-Xəbər” qəzeti

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …