Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Manşet / Frenk yeni missiyanın öhdəsindən gələ biləcəkmi?- Artıq itriqalar baş qaldırıb…

Frenk yeni missiyanın öhdəsindən gələ biləcəkmi?- Artıq itriqalar baş qaldırıb…

Bir zaman Rusiyada rəsmi Bakı və Moskvanın xeyir-düası ilə yaradılan və azərbaycanlıları öz ətrafında birləşdirən ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəsmi qeydiyyatının ləğvindən sonra pərakəndə halda olan diasporu bir yerə yığmaq istiqamətində görülən işlər heç bir səmərə vermirdi. Dünən yayılan məlumatlardan məlum oldu ki, indi də bu missiyanı Rusiyada yaşayan Frenk Elkapone kimi tanınan Füzuli Məmmədov həyata keçirmək istəyir.

Qeyd edək ki, Füzuli Məmmədov Rusiyadakı azərbaycanlılar tərəfindən birmənalı olaraq lider kimi qəbul edilən persona deyil. Çox xaotik siyasi cəhdləri ilə yadda qalan Füzuli Məmmədovun zaman-zaman həm Rusiya, həm də Azərbaycan siyasi hakimiyyəti ilə müəyyən problem yaşadığına dair KİV-lərdə çeşidli məlumatlar yayılıb. 2000-ci illərin əvvəllərində hətta Frenkin Azərbaycanda siyasi arenaya sürətli girişmək cəhdləri də uğursuz alınıb. Onun rəhbərlik etdiyi Xalq Vətənpərvərlər İttifaqı Partiyası qısa müddətdən sonra fəaliyyətini dayandırmalı oldu. Bundan sonra Füzuli Məmmədovun diaspor sahəsində göstərdiyi səylər də ciddi nəticə verməyib. Hazırda Füzuli Məmmədovun dünyanın ən böyük və soydaşlarımızın daha çox yaşadığı bir şimal ölkəsində azərbaycanlıları öz ətrafında birləşdirmək kimi cəhdləri elə ilk andan təpkiyə məruz qalıb. Son toplantı ilə bağlı verilən məlumatda bildirilir ki, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlılarının I Forumu başa çatdıqdan sonra Rusiya Azərbaycanlıları İttifaqının Təsis Konfransı öz işinə başlayıb. Təsis Konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa, Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfdindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib. İdarə Heyətinə Füzuli Məmmədov, Tofiq Rzayev, Mirkazım Seyidov, Elşən Əliyev, Akif Mikayılov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib. Daha sonra Rusiya Azərbaycanlıları İtifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İtitfaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub. Səsvermə ilə təklif olunan struktur qəbul olunub. Daha sonra Füzuli Məmmədov yekdilliklə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti seçilib.

Füzuli Məmmədovun sədr seçildiyi ilk gündə Azərbaycan diasporunun fəal üzvlərindən olan tanınmış jurnalist Fuad Abbasov sosial şəbəkələr vasitəsilə çıxış edərək, toplantının heç də bütün Rusiyada yaşayan soydaşlarımızın iradəsini əks etdirmədiyini bildirib. Jurnalist qeyd edib ki, keçmiş ÜAK rəhbərliyində təmsil olunan bəzi şəxslər və şəxsən onun özü toplantıya ya dəvət edilməyib, ya da iştirak etmək istəyənlər zala buraxılmayıb. Göründüyü kimi, elə yarandığı ilk gündən intriqa ünvanına çevrilən qurumun gələcək perspektivləri barədə ürəkaçan nəsə demək çətindir. Çox maraqlıdır, Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin bu ittifaqa münasibəti necədir, keçmiş ÜAK rəhbərliyindən təmsil olunan şəxslər niyə zalda görünməyib? Bu və digər suallara cavab tapmaq üçün yeni yaradılan qurumun idarə heyətinə seçilən Rusiyada yaşayan fəal soydaşımız Mirkazım Seyidovla əlaqə saxladıq:

Mirkazım Seyidov

-Mirkazım müəllim, yeni yaradılan qurum barədə nə deyə bilərsiniz?

– Moskvada çox böyük bir tarixi hadisə baş verdi. Demək olar ki, lobbiçilik hərəkatının əsası qoyuldu. Füzuli Məmmədovun prezident seçilməsi ilə nəticələnən həmin tədbirdə Rusiyanın 56 regionundan nümayəndələr iştirak etdi. Ən böyük qonaqlar isə bizim ötən il təsis etdiyimiz qurumdan oldu. Həmin qurumda təmsil olunan 27 regionun diaspor rəhbərlərinin hamısı Füzuli Məmmədovun ətrafında birləşmək qərarını verdilər. Bu olduqca böyük hadisədir.

-Elə ilk gündən bu tədbir barədə tanınmış diaspor nümayəndələri tənqidi fikrlər söyləməyə başladı. Bunu necə izah edərdiniz?

-Təbiidir ki, bunu sevməyən adamlar da az deyil. Elə biri jurnalist Fuad Abbasov. Onlar azərbaycanlıların saf əməllərinə kölgə salmaq istəyirlər. Bu tip adamların məqsədi şəxsi mənfəət əldə etməkdir.

-Niyə məhz Füzuli Məmmədovun ətrafında birləşməyə qərar verdiniz?

– Bu gün Azərbaycan hakimiyyəti də gözəl bilir ki, Rusiyadakı diasporumuzun vəziyyəti acınacaqlıdır, mən deyərdim hətta ağlamalıdır. Artıq bizim millət olaraq imicimiz zədələnirdi. Bunun dövlətimizin də imicinə ciddi təsiri var. Bu bizi bərk narahat edirdi. Elə bu səbəbdən də biz yeni bir liderin ortaya çıxmasını gözlədik. Bu parametrlərə uyğun gələn yeganə şəxs Füzuli Məmmədov idi. Çünki onun həm də təşkilatı irəli aparacaq maddi imkanları mövcuddur. Bilirsiniz ki, bu gün bizim diasporumuza, mənəvi dəstəkdən başqa, hardansa maddi dəstək verilmir. Buna görə də biz Füzuli Məmmədovun ətrafında birləşməyi məqbul saydıq. Çünki hiss edilir ki, o bu yolda bütün varını-dövlətini xərcləməyə hazırdı. İntriqalara son qoymaq üçün bu seçimi etmək məcburiyyətində qaldıq. Bizi, demək olar ki, Rusiyanın bütün regionlarında alqışlayırlar. Bu bütün soydaşlarımızın bir ümid yerinə çevrilib. Səsvermənin nəticəsində Füzuli Məmmədov yekdilliklə həmin vəzifəyə seçildi.

– Keçmiş ÜAK rəhbərliyi niyə tədbirdə yox idi?

-Düzdür, Fazil Qurbanov, Mehriban Sadıqovaya da ümid edənlər var idi. Axı, bu günə qədər onlara kim mane olurdu ki? Niyə irəli durmurdular? ÜAK artıq eroziyaya uğrayıb. Onlar yenidən öz qurumlarını təsis etsələr belə, dallarınca gedən olmayacaq. Çünki onlara inam qalmayıb. Əksinə, biz didişmənin, yerlibazlığın getdiyinin şahidi olduq. Biz diaspor quruculuğu sahəsində yeni bir səhifəni açdıq. Çalışacağıq ki, bizə bəslənən bütün ümidləri doğruldaq.

-Sizcə, Füzuli Məmmədovun bu təşəbbüsü rəsmi Bakının dəstəyini qazana biləcəkmi?

– Ola bilər ki, Füzuli Məmmədovla Azərbaycan rəsmilləri arasında nə vaxtsa anlaşılamzlıq olub. Lap götürək, nə vaxtsa Füzuli Məmmədovun hərəkətlərində nöqsanlar da olub. Amma gəlin görək, nöqsansız adam varmı? Səhvini düzəltmək istəyən adama niyə şans verməməliyik? Hesab edirəm ki, Füzuli Məmmədov Azərbaycan hakimiyyətinin siyasətini dəstəkləyən addımlar atdığına görə dövlətin də dəstəyini qazanacaq. Bizim başqa yolumuz yoxdur. Rəsmi Bakının bu məsələyə münasibətini öyrənmək istəyirsinizsə, zəhmət olmasa Diaspor Komitəsinin saytına girin və baxın. Bu gün burda olanlarla bağlı bütün məlumatlar Diaspor Komitəsinin saytında yerləşdirilib. Hətta bizə belə bir tədbiri keçirməyimizə görə minnətdarlıqlarını da ifadə etdilər. Özüm də şəxsən Tural Səfərovla danışdım. O da rəhbərliyin razılığını bizə çatdırdı.

Məhəmmədəli QƏRİBLİ (Bakı-Xəbər)


Həmçinin oxuyun

Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi – Ədalət Vəliyevin YAZISI

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham …