Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / “FETO ittihamlarından” sonra kölgədən çıxan Osmanlı “yaşıla” meyillənir

“FETO ittihamlarından” sonra kölgədən çıxan Osmanlı “yaşıla” meyillənir

Bir vaxtlar parlamentdə təmsil olunan Ceyhun Osmanlı adlı sabiq millət vəkili yenidən üzə çıxmağa başlayıb. Qeyd edək ki, aktiv siyasətə “İrəli” adlı gənclər təşkilatının rəhbəri kimi qədəm qoyan C.Osmanlı sonra parlamentə yol tapa bildi. Ardınca onun adı dostu Elnur Aslanovla birlikdə Fətullah Gülənin rəhbəri olduğu FETO təşkilatı ilə əlaqədə hallanmağa başladı. Nəticədə E.Aslanov Prezident Administrasiyasındakı vəzifəsini itirdi, C.Osmanlı isə parlamentə növbəti dəfə seçilə bilmədi.

C.Osmanlı keçmiş deputat olmaqla yanaşı, son aylaradək “Odlar Yurdu” Universitetində prorektor vəzifəsində çalışırdı. Mətbuatın yazdığına görə, “Odlar Yurdu”nun rektoru Əhməd Vəliyev onu “nurçu” şəbəkə ilə bağlantısı olması səbəbindən universitetdən xaric etməyə məcbur oldu. Çünki FETO-ya bağlı olduğu iddia edilən Osmanlı rəhbərlikdə təmsil olunduğu üçün, universitetin diplomlarının qardaş Türkiyədə tanınması ilə bağlı problemlər yaranmışdı. Son  günlər bu şəxslərin xüsusi fəallaşdığını görürük. Əvvəl E.Aslanov mediada görünməyə başladı, sonra isə onun yaxın dostu C.Osmanlı siyasi hərəkat yaratdığını bəyan etdi. Sabiq millət vəkili C.Osmanlı bildirib ki, Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis olunur: “Hazırlıq işlərinin aparılması ilə bağlı artıq təşkilat komitəsi yaradılıb. Yaşıllar deyəndə, bəzən ağla ilk olaraq ekologiya və təbiətin mühafizəsi gəlir. Lakin bunlarla yanaşı, yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlər də Yaşılların fəaliyyət sahələrinə aiddir”.

O bildirib ki, ölkədə gedən yeni islahatlar konsepsiyasının uğurla icrasına və yeni dünya nizamında Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yönələn kursa töhfə vermək hərəkatın əsas məramlarındandır: “Avropa Yaşıllar Hərəkatı və Qlobal Yaşıllar Hərəkatı ilə əməkdaşlıq da qarşıda duran planlar sırasındadır”.

Əslində, C.Osmanlının bir vətəndaş kimi siyasətlə məşğul olmağa haqqı var. Bizi təəccübləndirən onun niyə ziqzaqlı siyasi gedişlər etməsi və uzunmüddətli qəflət yuxusundan sonra, məhz bu məqamda fəallaşmasıdır. Eyni zamanda, gənclərlə iş sahəsində geniş təcrübəyə  və əlaqələrə malik olan bu şəxsin yenidən aktiv siyasətə qayıdışı həmin sektorda heç də xoşagəlməyən nəticələrə səbəb ola bilər. Hər halda, gənclərlə iş üzrə məsul olan əlaqədar qurumlar bu məsələni ciddi diqqətdə saxlamalıdırlar. Bir vaxtlar adları Fətullah Gülənlə sıx işbirliyində hallanan bu şəxsin siyasi aktivləşməsinin kökündə başqa hansı maraqlar dura bilər?

  • “Hakimiyyətə gəlmək, deputat olmaq üçün bu adla manipulyasiya etmək asan olmayacaq”

C.Osmanlının müraciət etdiyi qurumun adı və ideologiyası bizi vadar etdi ki, Azərbaycanda Yaşıl hərəkata rəhbərlik etmiş Mais Güləliyevlə əlaqə saxlayaq. Qeyd edək ki, hazırda aktiv siyasətlə məşğul olmayan Mais müəllim Yaşıllar Partiyasının təsisçisi və həmsədri olub. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yaşıl ideologiya digərlərindən bir qədər fərqlənir: “Mən diqqəti konkret adın üzərinə fokuslamaq istəmirəm. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, bu ideologiya dəqiq elmlərdə olan konkretliyi tələb edir. Yəni sən bu ideologiyanı yürütmək istəyirsənsə, elə ilk andan mövqeyini ortaya qoymalısan. Məsələn, birmənalı şəkildə BP-nin əleyhinə bəyanat verməlisən, dənizdə neftin çıxarılmasına qarşı çıxmalısan. Bunu etmirlər və ya etməyəcəklərsə, həmin adamların səmimiyyətinə inanmağa dəyməz. Biz mübarizəmizi müəyyən mərhələlər üzrə aparırıq. Biz professor Təranə Məmmədova ilə birlikdə bu partiyanın həmsədri olmuşuq. Bizim əsas məramımız ölkədə yaşıllar ideologiyasının yayılması və inkişafı olub. Biz heç vaxt hakimiyyətə iddialı partiya olmamışıq. Vəzifəmiz Avropada olan ekoloji dəyərlərin və yanaşmanın, sosial ədalət prinsiplərinin Azərbaycan cəmiyyətində geniş yayılmasına şərait yaratmaqdır. 2013-cü il prezident seçkilərində biz Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyini dəstəklədik. Həmin hadisələrdən sonra fəaliyyətin yeni mərhələsinə keçdik. Bu da yaradıcılıqdır. Biz hazırda ciddi elmi tədqiqatlar aparırıq. Mən iqlim dəyişiklərinin iqtisadiyyata təsirini öyrənirəm, Təranə xanım isə alternativ enerji tədqiqatları ilə məşğuldur. Bir neçə üzvümüz külək, günəş enerjisi sahəsində çox ciddi tədqiqatlar aparıb. Bizim beynəlxalq jurnallarda ciddi elmi məqalələrimiz çıxır. 6 ildir siyasətdə aktiv görünməməyimiz o demək deyil ki, bu partiya yoxdur. Avropa Yaşıllarını əhatə edən bütün nüfuzlu qurumların üzvüyük. Mütəmadi olaraq görüşlərimiz olur”.

M.Güləliyevin sözlərinə görə, belə olan şəraitdə hansısa bir qrupun yaşıllar ideologiyasına sığınaraq qurum yaratması ilk olarq onlara maraqlı gəldi: “Çünki biz həmin adamları tanımırıq. Əgər işlərində səmimidirlərsə, biz buna sevinərik. Hələlik biz prosesi müşahidə edirik, eyniadlı partiya yaratmaq istəyəcəklərsə, biz onda narahatlığımızı açıq bildirəcəyik. Partiyamız 2006-cı ildə təsis olunub. Həmin sənədləri biz Ədliyyə Nazirliyinə təqdim etmişik. Bir daha qeyd edirəm ki, dəqiq elmlərlə humanitar elmlərin nə qədər fərqi varsa, yaşıllar ideologiyası ilə digər ideologiyaların da o qədər fərqi var. Hakimiyyətə gəlmək, deputat olmaq üçün bu adla manipulyasiya etmək asan olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …