Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Fazil Mustafa terror hücumundan danışdı: “Onlar zombiləşmiş bir kəsimdir” – VİDEO

Fazil Mustafa terror hücumundan danışdı: “Onlar zombiləşmiş bir kəsimdir” – VİDEO

Bakıda evi qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa hadisə barədə danışıb.

Real TV-yə müsahibə verən millət vəkili hadisə baş verən gün dostları ilə birgə restoranda iftar etdiyini deyib. Terror hücumu isə restorandan çıxıb evə gələn zaman baş verib:

“Mənim ümumiyyətlə, sürücüm olmayıb. Belə təklif olanda da istəməmişəm. Evə yaxınlaşarkən heç bir şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi də o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıldı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim.

Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Təminatım yox idi ki, onlar evə hücum edəcək, yoxsa yox. Çünki darvaza açıq idi. Maşın qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı”

Deputat qeyd edib ki, xəstəxanaya gedənə qədər huşu özündə olub və 102-yə zəng edib. Daha sonra mülki geyimdə polislər gəlib:

“Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyirlər. Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” – deputat bildirib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …