Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Manşet / Fəzail Ağamalı Etibar Pirverdiyevin həbs ehtimalından danışdı

Fəzail Ağamalı Etibar Pirverdiyevin həbs ehtimalından danışdı

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəazil Ağamalı Moderator.az-a açıqlamasında son vaxtlar Azərbaycanda baş verən kadr dəyişiliyinə, ölkəni qaranlığa qərq edən “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin yola salınmasına münasibət bildirib. Millət vəkili bildirib ki, ölkə başçısının son kadr dəyişiliyi digər məmurlara dərs olmalıdır:

“Əlbəttə, ölkə prezidentinin son kadr dəyişikliyi onun idarəçilik sisteminin mahiyyətinə və fəsləfəsinə söykənir. Ölkə başçısı 2018-ci ilin aprel ayında yenidən xalqın etimadını qazanıb prezident seçildikdən sonra bütün sahələrdə olduğu kimi, idarəçilik sistemində də islahatların aparılmasını, daha geniş xarakter almasını ortaya qoymaqdadır. Prezident seçkilərindən sonra hökümətin tərkibində xeyli dəyişikliklər aparıldı, gənclər önə çəkildi, cəmiyyətdə təmiz imici ilə fərqlənən, seçilən şəxslərə ciddi etimad göstərildi. Eyni zamanda icra başçılarının dəyişilməsi prosesi gedir və bir sözlə, idarəçilik sistemində ölkə prezidentinin islahatları davamlı və ardıcılıq xarakter daşımaqdadır. Son zamanlar təəssüflə qeyd etməliyik ki, bir çox sahələrdə ayrı-ayrı məmurların buraxdıqları nöqsanlar ölkə prezidentinin ciddi addımlar atmasına əsas verdi və xüsusi olaraq “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin fəaliyyətindəki ciddi nöqsanlar, komissiyanın üzə çıxarmış olduğu faktlar və iyul ayının 3-də ölkənin qaranlığa qərq olmasıyla, E.Pirverdiyevin məlumatsız və məsuliyyətsizliyi üzə çıxdı. Bu da ölkə prezidentini hiddətləndirdi və ona öz iradını bildirdi. Bəlli olan o idi ki, E.Pirverdiyev komissiyanın qərarından sonra öz vəzifəsi ilə vidalaşmalı olacaq. Bundan sonra isə hüquq mühafizə orqanları komissiyanın üzə çıxardığı faktlara uyğun olaraq cinayət işi açmalı və sona qədər məsələni çözməlidir”.

F.Ağamalı Gəncə hadisələrinə də münasibət bildirib:

“Eyni zamanda Gəncədə baş verən hadisələrlə bağlı ölkə başçısının yeni təyinatı oldu və düşünürəm ki, bu uğurlu və doğru təyinatdır, çünki Niyazi Bayramov idarəçilik sistemində təcrübəsi olan və işlədiyi sahələrdə problem yaratmayan, peşəkar bir məmur kimi özünü təsdiq edib. Ümidvaram ki, N.Bayramov kifayət qədər məsuliyyətli vəzifənin öhdəsindən gələcək və cənab prezidentin ona göstərmiş olduğu etimadı doğruldacaq, Gəncə şəhərində sağlam, mənəvi, psixoloji şərait yaradacaq ki, hər kəs bir məmur olaraq ondan, həm də dövlətimizdən razı qalsın. Bu təyinat münasibəti ilə onu təbrik edirəm.

F.Ağamalı “Azərenerji”nin yeni prezidentinin peşəkarlığından da söz açıb:

“Eyni zamanda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə prezident təyin olunması ilə bağlı Balababa Rzayevi də təbrik edirəm. O, kifayət qədər təcrübəli energetikdir. B.Rzayev “Azərişıq” Açıq Səhmar Cəmiyyətinin prezidenti olduğu dövrlərdə bu sahədə mövcud olan problemlər, çatışmazlıqlar qısa müddət ərzində öz həllini tapmağa başladı. Bu sahədə yeniliklər, bütün regionlar üzrə geniş vüsət aldı və o, özünü bir məmur olaraq bu sahədə təsdiq etdi. İnanıram ki, B.Rzayev yeni vəzifəsində də özünü təsdiq edəcək və mövcud nöqsanların aradan qaldırılması üçün peşəkarlığını və imkanlarını səfərbər edəcəkdir”.

F.Ağamalı kadr dəyişikliklərinin məmurlara örnək olduğunu vurğulayıb:

“Əlbəttə ki, məmurlar baş vermiş hadisələrdən nəticə çıxarmalıdırlar. Onlar Azərbaycan xalqına xidmət etməyi özlərinə şərəf bilməlidirlər. Bu onlara verilmiş olan ən böyük şansdır. On milyona yaxın azərbaycanlı var və onların içərisində 300-500 nəfər seçilən insan var və bu seçilən insanlar millətə xidmət etməlidirlər. Onlar problemlərin həlli üçün bütün imkanlarından istifadə etməlidirlər, şəxsi maraqlarını dövlət maraqlarına qurban verməyi bacarmalıdırlar. Ümidvaram ki, baş verənlər bu gün və gələcək məmurlar üçün ciddi bir dərsdir və əminəm ki, bundan sonra bu kimi arzuolunmaz hadisələrə rast gəlməyəcəyik. Ölkə prezidentinin komandası onun özünə, siyasətinə, idarəçilik sisteminə uyğun olaraq öz işlərini qurub Azərbaycan dövlətçiliyinə öz töhfələrini verəcəklər”.

Həmçinin oxuyun

Sürət Hüseynovun SENSASİON SƏS YAZISI: “AXC-Müsavat savadsız eşşək olub…”

Azərbaycanın sabiq baş naziri Sürət Hüseynovun sensasion səs yazısı yayılıb.  Azinforum.az xəbər verir ki, yayılan …