Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Ermənistan hakimiyyətinin dünya erməni mafiyası ilə gizli işbirliyinə tutarlı beynəlxalq sübut…

Ermənistan hakimiyyətinin dünya erməni mafiyası ilə gizli işbirliyinə tutarlı beynəlxalq sübut…

Ermənistandan olan cinayətkarlar Almaniyada güclü və böyük bir şəbəkə qurublar. Qafqazın bu cür kiçik ölkəsinin belə “məharət” sahibi olması, düşünsək, heç ağlımıza da gəlməz. Lakin araşdırmalar göstərir ki, erməni mafiyası nəinki Almaniyada, bütün Avropada dərin kök salan təhlükəli cinayətkar qruplaşmalardan biridir.

Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalı “Mitteldeutscher Rundfunk” radiosu ilə ortaq araşdırma apararaq 2017-ci ilin oktyabrında Erfurt şəhərində bir erməniyə məxsus restoranda baş verən şiddətli atışmanın izlərini təqib edərkən üzə çıxardıqları faktlara əsasən belə yazıb. Jurnal araşdırma zamanı Almaniyanın Federal Cinayət Polisinin erməni mafiyasına qarşı mübarizə ilə bağlı məxfi məruzəsinə giriş əldə edə bilib və məlum olub ki, Almaniyada əlaqələri diplomatik dairələrədək gedib çatan güclü bir erməni mafiya şəbəkəsi mövcuddur.

Qeyd olunur ki, son 3 il ərzində Almaniyanın təhlükəsizlik qüvvələri məxfi əməliyyatlar çərçivəsində erməni mafiyasının üzvlərini həbs etməyə çalışıblar. Lakin bu məsələdə ciddi uğur əldə edə bilməyiblər. “Qanuni oğrulara qarşı mübarizə” kod adı altındakı əməliyyatları 6 əyalətin müvafiq ixtisaslaşmış qurumları birgə keçirib.

“Der Spiegel” yazır ki, bu, indiyədək Almaniyada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən ən irimiqyaslı əməliyyat-axtarış tədbirlərindən biridir.

Almaniyanın hüquq-mühafizə orqanlarındakı istintaq materiallarında “qanuni oğrular” Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının ən yüksək “avtoritet”ləri kimi göstərilib. Və həmin sənədlərdə qeyd olunur ki, bu “avtoritet”lər Almaniyadakı erməni mafiyası strukturlarını da idarə edir.

Almaniyanın Federal Cinayət Polisinin məxfi məruzəsində erməni mafiyasının maliyyə fırlıdaqçılığı, oğurluq, tütün və mühacir qaçaqmalçılığı, cinayətkar qruplaşmaların yaradılması və digər cinayətlərlə məşğul olduğu yazılıb: “Küllü miqdarda maliyyə resurslarına sahib erməni mafiyası Almaniyadakı hüquqi dövlətin əsaslarını təhdid edir.”

Hətta vurğulanır ki, aparılan istintaq çərçivəsində olduqca təhlükəli olan erməni mafiyasının cinayətkar üzvlərinin ələ keçirilməsi üçün Federal Cinayət Polisinə Almaniyanın Federal Kəşfiyyat Xidməti və beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizəni koordinasiya edən “Avropol” (Avropa İttifaqının polis xidməti) da kömək edirlər. Lakin dəlillərin yetərsizliyi üzündən istintaqın nəticələri ciddi həbslərin icrasına imkan vermir. Cinayətkarlar qanuni dövriyyəyə buraxmaq üçün qanunsuz yolla əldə etdikləri pulları daşınmaz əmlaka yatırırlar. Lakin polis pulun qanunsuz mənbələrdən gəldiyini sübut edə bilmir. İstintaqda iştirak edən polislərdən birinin sözlərinə görə ki, erməni cinayətkar qrupları arasında təcrid olduqca yüksək səviyyədədir ki, bu da erməni mafiya şəbəkəsinin izilə sonadək getməyi çətinləşdirir.

“Der Spiegel” qəzeti onu da xüsusilə vurğulayıb ki, erməni mafiyasının Ermənistan hökuməti və diplomatik strukturları ilə əməkdaşlığı istisna edilmir.

Qeyd olunur ki, Ermənistanın Almaniyadakı hazırkı səfiri Aşot Smbatyan 10 il əvvəl beynəlxalq qaçaqmalçılıq fəaliyyətlərinə cəlb olunmaqda şübhəli bilinirdi. 2014-cü ildə Ermənistanın Almaniyadakı səfiri xəstəlikdən vəfat etdikdə Serj Sarkisyan gözlənilməz şəkildə Aşot Smbatyanı onun davamçısı təyin edib. Səfir Smbatyan Almaniyada həm ölkəsinin, həm də öz nüfuzunu artırmaq üçün son illərdə çox işlər görüb. Çünki narahat idi ki, erməni mafiyaları haqqında xəbərlər yaymaq Ermənistanla vizanın asanlaşdırılmasına mənfi təsir göstərə bilər. Bu səbəbdən də erməni mafiyasına qarşı mübarizədə rəsmi Berlinə öz köməyini təklif edib. Lakin Federal Cinayət Polisi bu əməkdaşlıqdan imtina edib. Almaniya polisi bildirib ki, erməni “qanuni oğrular”ın Ermənistanın dövlət strukturları və onların nümayəndələri ilə əlaqələrini istisna etmirlər. Odur ki, bu cür əməkdaşlıq rəsmi İrəvanın dəstəyi və qoruması altında olduğu güman edilən erməni mafiyası üzvlərinin həbsini daha da çətinləşdirə bilər.

Xatırladaq ki, 4 ay bundan əvvəl İspaniya təhlükəsizlik qüvvələri Avropadakı ən böyük və təhlükəli erməni mütəşəkkil cinayətkar qrupunun qanunsuz əməllərinə son qoymaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirmişdi. Eyni vaxtda İspaniyanın 6 regionunda keçirilən 70-dən çox operativ-axtarış əməliyyatı nəticəsində erməni mafiyasının qanunsuz silah və narkotik satışı, tütün məhsullarının qaçaqmalçılığı, “çirkli pulların yuyulması” və gizli cinayətkar qruplaşmaların yaradılmasında şübhəli bilinən 140 üzvü həbs edilib.

Göründüyü kimi, Avropanın ən böyük dövlətlərində fəaliyyət göstərən erməni mafiyasının Ermənistan dövləti ilə birbaşa əlaqədə olmasına dair əsaslı dəlillər ortaya çıxıb. Məhz bu səbəbdəndir ki, Avropada həmin işin istintaqını aparan dövlət qurumları Ermənistan hakimiyyətinin bu araşdırmaları aparmaq üçün təklif etdiyi “kömək”dən imtina edib. Bütün bunlar dünyada fəaliyyət göstərən erməni mafiyasının Ermənistan dövlətilə əlbir işləməsinin sübutu sayıla bilərmi?

Siyasət elmləri doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni kriminal dairələri Sovet İttifaqının süqutundan sonra Avropa ölkələrinə də ayaq açıblar: “Onların Avropaya yerləşmələrində Ermənistan hökumətinin də marağı olub. Xüsusilə Ermənistanın müstəqilliyinin əldə etdiyi illərdə və Azərbaycan torpaqlarının işğal edilməsi dövründə Ermənistan hökuməti siyasi rəqiblərinin ortadan qaldırılmasında və silah qaçaqmalçılığı məsələsində erməni kriminal aləmin nümayəndələrindən istifadə edib.

Son 10-15 ildə Ermənistanda oliqarxların siyasətə girməsi ilə onların da erməni kriminal nümayəndələrin “xidmətindən” istifadə etdikləri haqqında müxtəlif iddialar var. Bu barədə xüsusilə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın adı hallanır.

2017-ci ilin oktyabrında Almaniyanın Erfurt şəhərində erməniyə məxsus restoranda şiddətli atışmanın yaşanması hadisəsini araşdıran alman polisi erməni kriminal nümayəndələrinin sadəcə Almaniyada deyil, Avropanın digər ölkələrində – İspaniya və İtaliyada da fəaliyyət göstərdikləri məlum olub.

Erməni kriminallar Avropada əsasən narkotik maddələrin, silahların qaçaqmalçılığı və insan ticarəti ilə məşğul olurlar. Narkotik maddələr və insan ticarəti keçmiş sovet ölkələrindən Avropaya, Avropadan isə silahlar bu coğrafiyaya göndərilir. Bundan başqa, erməni kriminallar Avropa və keçmiş sovet coğrafiyasında qanunsuz dərman ticarətinin bir hissəsinə də nəzarət edirlər”.

Ekspertin dediyinə görə, əslində, Ermənistan hökumətinin erməni kriminal aləmin nümayəndələri ilə sıx əməkdaşlığı yeni deyil: “1990-ci illərdən bu əməkdaşlıq davam edir. Ermənistanın müdafiə naziri, milli təhlükəsizlik naziri, baş naziri və 10 il prezidenti olan Serj Sarkisyanın 1993-cü ildə Ermənistan Ali Sovetinin deputatı olduğu illərdə Moskvada erməni kriminal aləmin nümayəndələri ilə bir məclisdə olduğunu təsdiq edən videogörüntülər internet məkanında dolaşır. S.Sarkisyan kriminal aləmin nümayəndələri, “qanuni oğrular” Aslan Usoyan (Ded Xasan), Razmik Amoyan (Çako) və başqaları ilə ziyafət məclisində bir yerdə olublar. Bu videogörüntülər Sarkisyanın oğru aləminin başçıları ilə sıx əlaqələrini təsdiq edir. Bütün bunlar Ermənistan hakimiyyətinin dünyadakı erməni mafiyası ilə sıx əlaqədə olduğuna dair bariz sübutlar sayıla bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …