Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / Erkən seçkilərdən və yeni parlamentdən gözləntilər – ANALİZ

Erkən seçkilərdən və yeni parlamentdən gözləntilər – ANALİZ

Prezident İlham Əliyevin edhokratik idarəçilik modeli Milli Məclisin fəaliyyətinə necə transformasiya edilə bilər?

9 fevral 2020-ci ildə Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Bu prosesin cəmiyyətimiz üçün qeyri-adiliyi ondadır ki, Milli Məclisin V çağırışı öz səlahiyyət müddətini tam başa vurmamış, hakim Yeni Azərbaycan Partiyası (YAP) parlamentin tərkibinin yenilənməsi zərurətini əsas gətirərək seçkilərin erkən keçirilməsi təşəbbüsü ilə çıxış edib. Nəticədə, müxtəlif hüquqi prosesudurlardan keçməklə, o cümlədən Konstitusiya Məhkəməsinin rəyi alınmaqla, Milli Məclisin fəaliyyətinə xitam verilib və prezident İlham Əliyev tərəfindən yeni seçkilər təyin olunub.

Doğrusu, növbəti parlament seçkilərinin öz vaxtında- 2020-ci ilin payızında deyil, daha erkən tarixdə keçirilməsi bir sıra siyasətçilər, siyasi analitiklər və müşahidəçilər tərəfindən dəfələrlə gündəmə gətirilmiş, ancaq YAP funksionerləri, həmçinin hakimiyyətin yüksək ranqlarında təmsil olunan hüquqşünaslar tərəfindən bu ehtimal təkzib olunmuşdu. Bununla belə, həm siyasi qüvvələr, həm də cəmiyyətin aktiv təbəqələri növbəti parlament seçkilərinin vaxtından öncə keçiriləcəyinə inam bəsləməkdə davam edirdilər. Milli Məclisin V çağırışının rəsmi səlahiyyət müddətini doldurmadan buraxılmasını zəruri edən bir neçə ciddi səbəb vardı.

Əvvəla, Azərbaycan prezidenti İlham Əliyev cəmiyyətin və dövlət idarəçiliyinin bütün sferalarını əhatə edən islahatlar aparmaq üçün ardıcıl, sistemli və prinsipial siyasət yürüdür. Bu siyasətin uğurla davam etməsi, öz məqsədlərinə çatması, qısa, orta və uzun vədədə ölkəmizə real nailiyyətlər gətirə bilməsi üçün Milli Məclisin öz funksionallığı daxilində, obrazlı desək, əlini daşın altına qoyması lazımdır. Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən islahatların əsas konturlarına nəzər yetirsək görəcəyik ki, aparılan yeni siyasət Azərbaycanın dövlət təşkilatının mobilləşdirilməsinə, iqtisadi təşəbbüskarlığın artırılmasına, vətəndaşların sosial və hüquqi təminatının gücləndirilməsinə, sabitliyin qorunmasına və təkamül yolu ilə milli tərəqqi konsepsiyasına qarşı yönəlmiş daxili və xarici təhdidlərin zərərsizləşdirilməsinə, insan kapitalının inkişafına nail olmaqla istehlakçı toplumdan istehsalçı topluma keçid amalına xidmət edir.

Heç şübhəsiz, cəmiyyət tərəfindən müsbət qarşılanmaqla və ciddi şəkildə dəstəklənməklə yanaşı, bu islahatlar dövləti və cəmiyyəti xərçəng xəstəliyi kimi içəridən gəmirən korrupsiya mexanizminə ağır zərbələr endirir, bununla da hakimiyyətin qarşısına, hələlik latent formada olsa belə, müxtəlif “risk qrup”ları çıxardır- bu barədə prezident özü də açıq danışıb. Heç kimə sirr deyil ki, həmin qruplar öz nümayəndələrini, bəzi hallarda isə ən yaxın adamlarını Milli Məclisin hazırkı tərkibinə də daxil edə biliblər. Odur ki, parlament seçkilərinin erkən keçirilməsini bir tərəfdən dövlət başçısının islahatlar kursunun şaxələnməsinə, hakimiyyətin qanunverici qoluna yayılmasına, digər tərəfdən isə islahatların sürətlənməsi və sadə vətəndaşların öz həyatında maksimum hiss edəcəyi effektiv nəticələr verə bilməsi üçün əngəlləyici faktorların tam sıradan çıxarılmasına yönəlmiş siyasi qərar kimi nəzərdən keçirmək lazımdır.

Eyni zamanda, danılmaz faktdır ki, Milli Məclislə cəmiyyət arasında gizlədiləsi mümkün olmayan, siyasi hakimiyyət üçün istənilən həssas situasiyada açıq nəzərə çarpan ziddiyyətlər vardı. Yetərincə yaşlanmış, təfəkkürcə yeni çağın trendlərindən geri qalan, cəmiyyətlə effektiv kommunikasiya qura bilməyən, bəziləri gülüş, rişxənd, qınaq obyektinə çevrilən, əsasən, “düymə basmaq”la öz işini bitmiş hesab edən deputat korpusu “zamanın ruhu” ilə ayaqlaşmağı bacarmırdı. Milli Məclisin V çağırışının sosioloji tablosuna baxsaq, bu yetərsizliyin səbəb və təzahürlərini daha aydın görə bilərik. Yəqin xatirinizdədir, prezident İlham Əliyev bu ilin başlanğıcında “Real” telekanalının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə vermiş, həmin müsahibədə Azərbaycanda hakimiyyətin keyfiyyətcə yeni məzmuna keçidinin konturlarını cızmışdı. Məhz həmin müsahibədən sonra bəlli olmuşdu ki, dövlət başçısı hakimiyyətin bürokratik institutlaşmasına zidd olan bir idarəçilik modelinə- edhokratiyaya üstünlük verir. Bu modelə üstünlük verməklə o, hər bir vətəndaşın dövlətin və cəmiyyətin inkişafında davamlı və fəal iştirakçılığına yol açmağı faydalı hesab edir. İlham Əliyevin təqdim etdiyi yeni model, ilk növbədə onun bir lider kimi özünə inamının və yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayıldığı tarixi şəraitdə- “ikinci ekran” çağında zamanın çağırışlarına çevik reaksiya verməsinin göstəricisi idi. Əgər hakimiyyətin bir qolunda- icraedici institutda edhokratik model tətbiq edilir, idarəçilik cəmiyyətdən gələn təşəbbüslər əsasında qurulur, hökumət xidmət sahələrini genişləndirməyə və yeni qaynaqlar formalaşdırmağa can atırsa, qanunverici orqan üzvlərinin də bu tendensiyaya uyğun kollektiv kimlik və motivasiya ilə hərəkət etməsi zəruridir.

Nəhayət, “rəsmi ağız” olmadığımdan mənim bir siyasi icmalçı olaraq bu barədə açıq danışmağım qəbahət olmaz. Heç kimə sirr deyil ki, qloballaşan və “kiçilən” dünyada istənilən ölkədə seçkilər bölgədə marağı olan dövlətlərin xüsusi xidmət orqanları üçün yeni əməliyyat şəraiti yaradır. Əgər dünyanın ən qüdrətli dövlətləri hələ də öz ölkələrində gerçəkləşən seçkilərə xarici müdaxilələrdən, kənar güclərin kiber texnologiyalar vasitəsi ilə ictimai rəyi yönləndirmək cəhdlərindən danışırlarsa, Azərbaycan kimi təlatümlü regionda yerləşən gənc bir dövlətdə səsvermənin tarixinin dəyişdirilməsi milli təhlükəsizlik baxımından zəruri və faydalı manevr kimi dəyərləndirilməlidir. Bu baxımdan o da xüsusi nəzərə alınmalıdır ki, seçki kampaniyasının gerçəkləşəcəyi zaman kəsimi ölkəmizdə qış aylarına təsadüf edəcək və ona görə də Azərbaycan torpaqlarının önəmli bir hissəsini işğal altında saxlayan Ermənistanın cəbhə bölgəsində təxribat törətmək imkanları kifayət qədər zəifləyəcək. Hər halda Azərbaycanın xaosa sürüklənməsi Ermənistanın daimi arzusudur və mərkəzi hakimiyyətimizin güclü, inamlı və iradəli olması rəsmi İrəvanı hər zaman təlaşa sürükləyən faktordur.

Bütün bunlardan sonra, bir həqiqəti də açıq söyləməkdə fayda var: parlament seçkilərinin erkən keçirilməsi, əslində, hakim partiyanın deyil, hakim partiyanın liderinin təşəbbüsüdür. Əlbəttə, İlham Əliyev ilk növbədə bir siyasətçidir, bir hərəkatın lideridir və bütün siyasətçilər, siyasi liderlər kimi onun da seçki hədəfi partiyasının parlamentdəki üstün mövqeyini qorumaq, gücləndirməkdir. Bu baxımdan hər kəsə yetərincə aydındır ki, məhz İlham Əliyevin nüfuzu və xarizması sayəsində YAP Azərbaycanda dominant siyasi təşkilatdır və dominant siyasi təşkilat olaraq qarşıdakı seçkilərdən qətiyyən narahat deyil. Seçkilərdə qələbə üçün zəruri olan üç başlıca resurs- “Zaman”, “İnsan”, “Maliyyə”- baxımından hakim partiyanın heç bir sıxıntısı yoxdur. YAP uzun illər hakimiyyətdə olmasının yaratdığı avantajla bütün dairələr və məntəqələr üzrə yaxşı təşkilatlandığından istənilən majoritar bölgədə “qala”ya sahibdir. O “qala”lardan hər hansı birini məğlub etmək üçün istər parlament seçkilərində iştiraka, istərsə də boykota üstünlük verən müxalif siyasi təşkilatların resursları son dərəcədə kasaddır. Ancaq hakim partiyanın konkret namizədinin zəifliyi və ümumi siyasi konyukturanın şərtləri müqabilində onlar cüzi və epizodik qələbələrə ümid edə bilərlər. Odur ki, 9 fevraldan sonra Yeni Azərbaycan Partiyasının deputat korpusunun kəmiyyətində ciddi ölçüdə azalma və ya artma baş verəcəyini gözləmək nə qədər yanlışdırsa, Milli Şura rəhbərliyinin etdiyi kimi, keyfiyyət dəyişikliyini şübhə altına almaq da o qədər yersizdir. Prezident İlham Əliyevin icra hakimiyyəti orqanlarına yeni kadrların seçimində elan etdiyi iki meyarın YAP-ın namizədlərinin müəyyənləşdirilməsi üçün keçərli olacağı şübhəsizdir. Bu barədə danışarkən dövlət başçısı qeyd etmişdi ki, icra hakimiyyətinə müasir, intellektual və dövlətə bağlı cavanların cəlb olunmasına üstünlük veriləcək, eyni zamanda, yaşlıların təcrübəsi ilə gənclərin dinamizminin vəhdət təşkil etməsinə diqqət yetiriləcək.

Bəs, bu keyfiyyət, Anadolu türklərinin təbirincə desək, “perfomans” dəyişikliyi qarşıdakı dönəmdə ölkəmizə nələr vəd edir? Bu suala başlıca cavabları üç kateqoriya üzrə belə çeşidləmək olar:

1) Parlamentin rasionallaşdırılması. Azərbaycan Böyük Britaniya, Norveç, İsveç kimi Avropa dövlətlərindən respublika, Almaniyadan isə federal yox, unitar quruluşa sahib olması ilə fərqlənir. Bu dövlətlərdə parlament institutunun təşəkkülünə təsir etmiş tarixi faktorları kənara qoysaq belə, bizim siyasi sistemin əsas özəllikləri həmin təcrübələrə istinad etməyə ciddi imkanlar yaratmır. Tarixi inkişaf şəraiti və o şəraiti formalaşdıran amillərin fərqli olması, o cümlədən palataların sayındakı təzadı unutmadan deyə bilərik ki, Azərbaycan üçün Fransanın təcrübəsinə nəzər salmaq nisbətən daha əlverişlidir. Fransada parlament digər Avropa dövlətləri ilə müqayisədə, adətən, “zəif” xakarterizə olunur və bu xarakteristika həm ənənələrimiz, həm praktikamız, həm də Milli Məclisin konstitutsional vəzifələri baxımından Azərbaycan üçün də keçərlidir. 1958-ci ildə qəbul edilən Ana Yasa ilə “Beşinci Respublika”nın qurucuları Fransa parlamentini güclü icra hakimiyyətinin kölgəsində qoymuşdular. Bu, “rasionallaşdırılmış parlamentarizm” modeli adlanırdı. “Rasionallaşdırılmış parlament”in əsas xüsusiyyətləri budur ki, hətta parlament çoxluğunun dəstəyinə arxalanmayan hökumətlərin belə davamlılığına təminat verir, siyasi çalxalanmaların qarşısını alır. 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklərin parlamenti əhatə edən hissələri, xüsusən də Milli Məclisin buraxılması üçün prezidentə verilən səlahiyyətlər müəyyən mənada Fransanın “rasionallaşdırılmış parlament” modelinə keçidini yada salmaqla, üç prinsipial qənaət formalaşdırır:

– Azərbaycan parlamenti bu günə qədər olduğu kimi, növbəti seçkilərdən sonra da icra hakimiyyətini “kölgədə qoyan” bir qurum kimi çıxış etməyəcək, lakin hökumətin fəaliyyətinə nəzarət xeyli dərəcədə güclənəcək. Hökumətin fəaliyyətinə, xüsusən də dövlət vəsaitlərinin xərclənməsinə parlament tərəfindən “siyasi nəzarət”in güclənməsi, öz növbəsində:

– Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan islahatların dərinləşməsinə səbəb olacaq, sosial dayaqlarını möhkəmlədəcək, dinamikasını artıracaq, effektivliyinin qiymətləndirilməsinə yeni zəmin yaradacaq. Bu zəmin:

– Ölkədə siyasi sabitliyin qorunması, hakimiyyətin davamlılığının təmin olunması, o cümlədən gələcəkdə prezident İlham Əliyevin siyasi varisinin müəyyənləşməsi və qələbə qazanması baxımından effektiv rol oynayacaq.

2) Parlamentin istehsalçılığı: Azərbaycanda aparılan islahatların kökündə dayanan ən önəmli amillərdən biri də sosial-iqtisadi, demoqrafik və texnoloji dəyişikliklərin cəmiyyətin gözləntilərinə sirayət etməsi, onu yenidən şəkilləndirməsidir. Dəyişən tələblər istər özəl, istərsə də dövlət sektorunda vətəndaşlara xidmətin yeni standartlarını yaradır və bu istəklər parlament institutundan da yan keçmir. Dünyanın istənilən ölkəsində parlamentlər cəmiyyətin dəyişən gözləntilərindən, adətən, geri qalır və elə ona görə də mütəmadi olaraq siyasi təmsilçilərin ümumi istehsal potensialının artırılması üçün yollar aranır. Bu baxımdan sınaqdan uğurla çıxmış üsullar aşağıdakılardır:

a) Parlament daxilində iş bölgüsünün və ixtisaslaşmanın düzgün aparılması;

b) Parlamentin işləmək imkanlarının genişlənməsi.

c) Parlamentlərə göstərilən xidmətlərin gücləndirilməsi;

Bütün bunları nəzərə alaraq, Azərbaycanda parlament islahatlarının seçkilərdən sonra da davam edəcəyini, bir institut olaraq Milli Məclisin daxilində də köklü dəyişikliklər olacağını güman etmək çətin deyil.

3) Parlamentin sosiallaşdırma gücü. Milli Məclis təkcə qanunverici orqan deyil! Yeni çağırışda Milli Məclisimizin qarşısında duran ən mühüm vəzifələrdən biri, zənnimizcə, bu prinsipdən qaynaqlanır. Oturuşmuş siyasi ənənələrə malik olan istehsalçı toplumlarda parlamentin funksiyaları dəyişməzdir və bu funksiyaların başında qanunvericilik və hökumətin fəaliyyətinə nəzarət kimi hər kəsə yaxşı məlum olan vəzifələr dayanır. Azərbaycan kimi yeni və inkişaf etməkdə olan dövlətlərdə isə parlamentin sırf qanunverici və nəzarətçi orqan statusu ilə çıxış etməsi siyasi sistemin möhkəmlənməsində və dövlət siyasətinin gerçəkləşdirilməsində heç də tam yetərli olmur. Reform və demokratik təsisatların yenidən strukturlaşdırılması mərhələsinə qədəm qoyan ölkə olaraq Azərbaycanda parlament xalqla siyasi sistem arasında əlaqələndirici rol oynamalı, ictimai diqqəti fasiləsiz olaraq siyasi proseslərə cəmləməli və islahatların reallaşmasında vətəndaş iştirakçılığının önünü açmalıdır. Bu sayaq “siyasi sosiallaşdırma” funksiyası daşıya bilmək üçün isə hakim partiya “qan dəyişdirərkən” xaricdə təhsil almış namizədlərlə yanaşı, sadə xalqın içindən çıxmış intellektual və enerjili iddiaçılara da öz siyahısında yer verməlidir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Həmçinin oxuyun

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olublar. “Qafqazinfo” xəbər verir …