Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Elman Rüstəmovun baş bankirlikdən “təqaüdə” yox, müşavirliyə getməsinin sirri

Elman Rüstəmovun baş bankirlikdən “təqaüdə” yox, müşavirliyə getməsinin sirri

Azərbaycanda yüksək vəzifədə, özü də eyni vəzifədə uzun müddət qalan şəxslər arasında Elman Rüstəmovun adı ilk yerlərdə gəlir. 27 il Mərkəzi Bank kimi ölkənin bank sektoruna, pul-kredit siyasətinə düzən verən bir quruma rəhbərlik edən sabiq baş bankir hazırda “təsəlliverici” vəzifədədir. Bir neçə ay əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılaraq baş nazirə müşavir təyin olunub. Əlbəttə, heç vaxt Nazirlər Kabinetinə – baş nazirə tabe olmayan bir qurumun rəhbərliyindən baş nazirin müşaviri kimi texniki vəzifəyə göndərilmə ilk baxışdan çox ciddi eniş kimi görünür. Lakin son illərdə vəzifədən alınan məmurların başına gələnlərin müqabilində E.Rüstəmovun vəzifədən sürüşdürülməsi, bir növ, əfvə düşmə hesab olunur. Çünki yüksək vəzifə tutaraq külli miqdarda var-dövlət toplayan sabiq məmurların bir çoxu korrupsiya ittihamı ilə həbsə atılır, yaxud iqtidar komandasından tamamilə uzaqlaşdırılaraq, vəzifədə olduğu müddətdə hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi adamlar da işdən kənarlaşdırılır. Buna görə də sabiq baş bankirin Nazirlər Kabineti aparatında az qala texniki bir vəzifəyə təyin olunması onun üçün böyük üstünlük kimi qiymətləndirilir…

Elman Rüstəmov yenidən Mərkəzi Bankın sədri təyin olunub

Halbuki E.Rüstəmovun Mərkəzi Bank rəhbəri kimi çox böyük səhvləri olub və bu səhvlər dövlətə on milyardlarla manata başa gəlib. Rüstəmovun ən böyük səhvi 2014-2015-ci illərdə səmərəsizliyini bilə-bilə manatın məzənnəsini saxlamaq üçün 3-4 ay ərzində Mərkəzi Bankın 12 milyard dollarlıq ehtiyatını göyə sovurmasıdır. Bu addım onun baş verən iqtisadi prosesləri vaxtında və düzgün qiymətləndirməməsinin göstəricisi idi. E.Rüstəmovun bu addımının səbəbləri uzun müddət müzakirə mövzusu olmaqla, hətta onun devalvasiyalardan öncə külli miqdarda – bəzi mənbələr 700 milyon dollar məbləğində vəsaiti özünə yaxın banklar vasitəsilə xaricə çıxartdığına dair iddiaların yayılmasına gətirib çıxardı. Özünə yaxın banklar demiş, E.Rüstəmov Azərbaycanda məmur biznesi deyərkən göz önünə gələn ilk adlardan biridir. Uzun illərdir o, ölkədə və ondan kənarda qurulan böyük biznes imperiyasının sahibi kimi tanınır. Məsələ burasındadır ki, keçmiş baş bankir həm də biznesdə kifayət qədər “bacarıqlı” olub. Vəzifəsinə görə biznesdə birbaşa iştirakı qanunla qadağan olunsa da, E.Rüstəmov etibar etdiyi adamlar vasitəsilə maliyyə sektorunda və iqtisadiyyatın başqa sahələrində gəlirli şirkətlər formalaşdıra bilib.

Bu baxımdan, “Bank Respublika” ASC-ni xüsusi qeyd etməyə ehtiyac var. 1992-ci ildən yaradılan bu bank hazırda ölkə bankları arasında ilk beşlikdə qərarlaşıb. 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərindən aydın olur ki, Bank Respublika öz mövqelərini daha da yaxşılaşdırıb. Belə ki, 1 iyul 2022-ci il tarixinə bankın aktivləri 1 milyard 378 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bankın məcmu kapitalı 14 faiz artaraq 106,7 milyon manatdır, bu isə minimum məcmu kapital normasından iki dəfə çoxdur.

Cari ilin 6 ayında 2021-ci ilin birinci yarımilliyi ilə müqayisədə bankın xalis faiz mənfəəti 58 faiz artaraq 38,78 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 14,5 milyon manata, xalis mənfəəti isə 12,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 faiz çoxdur. Hesabata əsasən, Bankın kredit portfelinin 70 faizini biznes kreditləri təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlığın kreditləşdirilməsinə yönəldilmiş kredit portfeli 48 faiz artıb.

Bankın depozit portfeli 822,3 miloyn manat təşkil edib, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərdən biridir.

“Bank Respublika”nın səhmdarları E.Rüstəmovun biznesinə rəhbərlik etdiyi, onun ən yaxın adamı olduğu deyilən Natiq Quliyev (51,15 faiz), Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyası (16,60 faiz), Elçin Quliyev (15,06 faiz), Namiq Quliyev (7,41 faiz), Şakir Rəhimov (5,45 faiz), Almaniyanın Sparkassen İnternational Development Trust şirkəti (4,25 faiz) və adları açıqlanmayan hüquqi və fiziki şəxslərdir (0,08 faiz). Onlardan Şakir Rəhimov həm də bankın Müşahidə Şurasının sədri postunu tutur. İdarə Heyətinə isə Taryel İsmayılov rəhbərlik edir.

“Bank Respublika”nı ölkənin maliyyə-bank sektorundakı təlatümlərdən sağ-salamat çıxaran E.Rüstəmov onlarla bankın batmasını müşahidə etməklə kifayətlənib. Uzun illər boyu həmin bankların normal girov təminatını almadan dost-tanışa böyük həcmli kreditlər paylaması Mərkəzi Bankın və onun rəhbərinin gözləri önündə baş verdi. E.Rüstəmov bilavasitə vəzifəsindən irəli gələn nəzarət mexanizmlərini işə salmağa tələsmədi, yaxud qəsdən salmadı. Nəticədə, iki ardıcıl və kəskin devalvasiyadan sonra məlum oldu ki, 15-ə yaxın bankın rəhbər heyətinin yaxınlarına paylanan nəhəng həcmli kreditlərin qaytarılması mümkün deyil. Bu isə həmin bankların iflasına gətirib çıxardı və onların bir neçə milyardlıq borcunu dövlət ödəməli oldu. Hansı ki, bağlanan bankların əmlakı və alacaqları həmin vəsaitin böyük hissəsini qarşılamır.

E.Rüstəmovun uğurlu biznes layihələri yalnız bank sektorunda deyil. Belə ki, biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə “Səba” Şirkətlər Qrupuna və “Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirirlər.  “Səba” Şirkətlər Qrupuna “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” şirkətləri, eləcədə “Gündəlik” ərzaq dükanları şəbəkəsi daxildir. Şirkətlər qrupu ölkənin ən böyük quş əti, kərə yağı istehsalçıları arasındadır. Sabiq baş bankirin şirkətlər qrupunda  37,5 faiz paya malik olduğu deyilir. Aydın məsələdir ki, bu pay birbaşa E.Rüstəmovun adında deyil. Bunun üçün o, doğma xalası oğlu  Hidayət Quliyevin adından istifadə edir.

Bütün bunlardan əlavə, Elman Rüstəmov bir sıra məşhur avtomobil istehsalçılarının Azərbaycandakı distribütorlarının da sahibliyində iştirakçıdır. Bura ilk növbədə Yaponiyanın məşhur “Mitsubishi”, “Subaru”, “Toyota” avtomobilləri aiddir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Onların əsas müştəriləri yerli və xarici şirkətlər, səfirliklərdir.

Sabiq baş bankirin həm də tikinti, ictimai iaşə sahələrində, həmçinin Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda da biznes fəaliyyətləri olduğu deyilir.  Məşhur “Planet” şadlıq sarayının bütnlüklə, onun yaxınlığında ucaldılan çoxmərtəbəli yaşayış binasının isə 50 faizinin E.Rüstəmova məxsus olduğu bildirilir. Bundan əlavə, “Neon” restoranının arxasında tikilməkdə olan böyük şadlıq sarayında da Elman müəllimin yarı paya malik olduğuna dair məlumatlar yayılır.

Baş nazirin indiki müşavirinin Avropanın müxtəlif ölkələrindəki biznesinə qızı Günel Rüstəmova rəhbərlik edir. Onun Çexiya, Monteneqro, Sloveniya kimi ölkələrin turizm sektoruna iri məbləğli investisyalar yatırdığı qeyd edilir. G.Rüstəmovaya məxsus “GYUNEL LIMITED” şirkətinin bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir.

Qeyd edək ki, Elman Rüstəmovun qızının qayınatası – Əhməd Əhmədzadə də keçən ilin aprel ayında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyindən uzaqlaşdırılıb. Rüstəmov-Əhmədzadə qudalarının 20 ildən yuxarı rəhbər olduqları sahələr iqtisadiyyatın açar sahələridir. Və onların rəhbərliyi altında bu sahələrin yüksək inkişaf yolu keçdiyini söyləmək mümkün deyil. Meliorasiya sahəsinə uzun illər boyu ayrılan vəsaitlərin həcmi milyardlarla manatla ölçülür. Ə.Əhmədzadənin meliorasiyaya ayrılan pullardan nə qədər “səmərəli” istifadə etdiyini isə onun oğlu, E.Rüstəmovunsa kürəkəni olan Cuma Əhmədzadənin xaricdəki biznes fəaliyyətindən görmək mümkündür. Belə ki, ona məxsus “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa, şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.

Bu şirkət ər-arvadın Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.

E.Rüstəmovun Nazirlər Kabinetinə az qala ehtiyac olmayan bir vəzifəyə təyinatı ona toxunulmadığını göstərir: cəmiyyət bunu belə qiymətləndirir. Lakin mümkündür ki, bu, həm də onun göz önündə saxlanmasını təmin etmək üçün atılan addımdır, hakimiyyət onu nəzarətdən kənara buraxmır. Bu isə E.Rüstəmovun 27 ildə qurduğu böyük biznes imperiyasının hər an əlindən alınması təhlükəsinin olduğu deməkdir…

“Yeni Müsavat”

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …