Bazar , Noyabr 28 2021
Ana səhifə / Manşet / Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin”

Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin”

Hazırda həbsdə olan, sabiq Baş prokuror Eldar Həsənovun qızı Səbinə Hüseynova özünün sosial şəbəkə hesabında atasının səhətinin kritik vəziyyətdə olmasıyla bağlı Prezidentə, Birinci vitse-prezidentə müraciət edib. Azinforum.az həmin müraciəti təqdim edir:

“Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun növbəti məhkəməsi keçirildi. Məhkəmə həmişəki kimi, axşam saat 18.00-da yekunlaşdı. Hamı getmək üçün ayağa qalxdı və… mən eşitdiyim gurultudan dəhşətə gəldim. Səsə tərəf geri dönəndə atamı yerə yıxılmış gördüm. Atam yenə huşunu itirərək yerə yıxılmışdı. Hərəkətsiz idi. Əvvəl elə bildim… dilimə gətirmək istəmirəm ağlıma gələni…

Var gücümlə qışqırırdım, ağlayırdım, kömək istəyirdim. Səsimə tökülüşüb gəldilər. Atamı xərəyə qoyub apardılar. İndi vəziyyəti necədir, bilmirəm. Özünə gəldimi, həkimlər ilk yardım etdilərmi, bilmirəm.

Var gücümlə, səsim gəldikcə qışqırmaq, haray salmaq istəyirəm. Heç vaxt özümü bu qədər köməksiz, zəif, gücsüz hiss etməmişəm. Bizdən nə istəyirlər, atamdan nə istəyirlər? Dəfələrlə deyilib ki, səhhəti ağırdır, təcili müalicə olunmalıdır, təxirəsalınmaz cərrahi əməliyyatlara zərurət var. Niyə səsimizi eşitmirsiniz? Aylardır, yalvarırıq, xahiş edirik ki, atamı ev dustaqlığına buraxın. Aylardır, yalvarır, xahiş edirik ki, stasionar müalicə alması üçün xəstəxanalardan birinə yerləşdirin. DTX hərbi Hospitalına aparılır, müayinə olunub təcridxanaya qaytarılır. Axı müayinədən əlavə, müalicəyə də ehtiyacı var bu insanın. Öldürməkmi istəyirsiniz? Ölməyinimi gözləyirsiniz?

Baş Prokurorluq məlumat yayır ki, Eldar Həsənovun heç bir xəstəliyi yoxdur. Xəstəliyi yoxdursa, niyə özündən gedir, niyə təzyiqi 220-240-a yüksəlir? Axı bu təzyiqi ölçən sizin həkimlərdir, biz deyilik! Axı müayinə edərək xəstəlikləri müəyyənləşdirən sizin həkimlərdir. Paroksizmal vertiqo xəstəliyi onda məhz həbsdə olduğu müddətdə yaranıb. Nə edək, dərdimizi, problemimizi kimə danışaq? Bu qədər qəddarlıq, laqeydlik, ədalətsizlik olar? 67 yaşlı xəstə bir adamdan nə istəyirsiniz? Biz yorulduq, siz yorulmadınızmı?

Mən çox yoruldum. Müraciət etmədiyim, döymədiyim qapı qalmadı. Hər gün məktub yazdım, teleqram göndərdim. Bir dəfə mənə geri dönmədilər. Dərdin nədir deyə, maraqlanmadılar. Ziyalıların, təsəvvür edin, 300 nəfər ziyalının müraciətinə belə məhəl qoyulmur. Milli qəhrəman, şəhid ailələrinin müraciətinə əhəmiyyət verilmir. Qardaşım Anar deyir ki, mən məktub yazım, Cənab Prezident mütləq reaksiya verər. Çox inanır…

Nə olar, bir dəfə, bircə dəfə atamı dinləyin, onunla danışın, adam günahsız, suçsuz olduğunu bar-bar bağırır. Bəlkə bircə dəfə özüylə söhbət etsəniz, anlayarsınız ki, haqlıdır, günahsızdır, şərə-böhtana düşüb. Mənim atam da bir ziyalıdır, alimdir, diplomatdır. Onunla qatı cinayətkarla rəftar edirmiş kimi niyə davranırsınız? Xalq düşməni deyil mənim atam! Bu xalqı, bu dövləti canından artıq sevən bir azərbaycanlıdır. Dövlət başçısına sayğısını, sevgisini, fədakarlığını, sədaqətini əminəm ki, onu tanıyan hər kəs bilir.

Möhtərəm Cənab Prezident! Əziz Mehriban xanım!

Atamın huşunu itirmələri, özündən gedib yıxılmaları bir gün son ola bilər. Sonuncu ola bilər. Biz atamı itirə bilərik. Onun səhhəti çox ağırdır. Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin, atamın həyatda qalıb-qalmaması Sizlərdən asılıdır. Çox rica edirəm, bizə kömək edin, ədaləti bərpa edin…”

Həmçinin oxuyun

Stavropoldakı diaspor rəhbəri Fəxrəddin Yarıyevin biabırçı “Fəxri Fərman”ı

Rusiyanın Stavropol Vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəni Mərkəzinin prezidenti Fəxrəddin Yarıyev tərəfindən …