Cümə , Aprel 23 2021
Ana səhifə / Manşet / Eldar Həsənov həbsini hansısa məmurun qisası sayır – Vəkili vasitəsilə açıqlama…

Eldar Həsənov həbsini hansısa məmurun qisası sayır – Vəkili vasitəsilə açıqlama…

Sabiq Baş prokuror və səfir Eldar Həsənovun vəkili Adəm Məmmədov vasitəsilə mətbuat üçün açıqlama verib. Azinforum.az Vəkilin sosial şəbəkə hesabında ictimailəşdirilən həmin məlumatı olduğu kimi təqdim edir:

“Hüquqlarını müdafiə etdiyim sabiq Baş prokuror və səfir Eldar Həsənovla görüşümdən sonra gəldiyim qənaət odur ki, birmənalı olaraq o, vətəninə, dövlətinə və prezidentinə sadiq adamdır.

Eyni zamanda Prezidentimizin siyasətini sədaqətlə icra edən bir ziyalımızdır. Onunla səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə odur ki, bu həbsin səbəbi Eldar müəllimin Baş prokuror kimi fəaliyyət göstərdiyi zamanda Respublikamızın hazırda nüfuzlu bir şəxsi ilə keçmişdə aralarında yaranmış işçi münasibətinin gərginləşməsinin qisasıdır.

Xarici İşlər Nazirliyində əvvəllər vəzifə sahibi olmuş şəxslərin ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılmalarına baxmayaraq, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş sabiq Baş prokuror və səfir Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı xüsusilə ayrı-seçkilik olduğunun fərqindədir.

Buna baxmayaraq, qeyd edir ki, Allah həmişə hər birinin qapısını açıq etsin. Eldar müəllim əminliklə bildirdi ki, yaxından tanıdığı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev səhhətində ciddi problemləri, dözülməsi mümkünsüz ağrıları olan 66 yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa heç vaxt belə qeyri-humanistliyə imkan verməz. Nəzərinizə çatdırmaq istəyirəm ki, Eldar müəllim ixtisaslaşdırılmış xəstəxanların birində təcili cərrahiyyə əməliyyat olmasa, səhhətindəki problemlərə görə həyatını itirə bilər. O, qəti olaraq özünü təqsirli bilmir. Ümumiyyətlə istintaq dövründə bu ədalətsizlik və qanunsuzluqlara etiraz olaraq ifadə verməkdən imtina edib və gələcəkdə də belə bir niyyəti yoxdur. Məni təəccübləndirən odur ki, təqsirsiz olduğu halda nə sovet dövründə, nə də müstəqillik vaxtında heç bir sabiq Baş prokuror və fəaliyyətdə olan fövqəladə və səlahiyyətli səfir həbs olunmamışdır. Mövcud sənədlərlə və Eldar Həsənovun səhhətinin vəziyyəti ilə yaxından tanış olan bir vəkil kimi əminəm ki, ölkə başçısı ədalətin bərqərar olması ilə bağlı göstəriş verəcək”.

Azinforum.az olaraq bildiririk ki, Eldar Həsənov təbiət etibarı ilə ambisioz və intriqaya meyilli adam kimi xarakterizə olunur. Baş prokuror vəzifəsini icra edərkən onun doğrudan da bir çox yüksək vəzifəli şəxslərlə açıq konfrantasiyası olub. Hətta bu qalmaqallar həmin dönəmin media nümunələrində açıq işıqlandırılıb. Eldar Həsənovun açıq ad çəkməməsi bu açıqlama ətrafındakı müəmmanı daha da sirli edir və haqlı sual yaranır: görəsən, sabiq Baş prokuror onun həbsində hansı rəqibinin rolu olduğunu düşünür?

Azinforum.az

Həmçinin oxuyun

Altı il məhkəmələrdə mübahisələndirilən bir iş – Rafiq İdrisov niyə və kimə görə təqib edilir? +VİDEO

Rusiya Fedrasiyası Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndinin sakini İdrisov İdris Kerimoviç  Azərbaycan Prezidenti İlham …