Bazar ertəsi , May 27 2024
Ana səhifə / Manşet / Elçin Qurbanov: “Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”

Elçin Qurbanov: “Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Muxtar respublikanın Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov və maliyyə naziri Rəfael Əliyev vəzifədə çalışdıqları dövrdə digər şəxslərlə əlbir olaraq dövlət büdcə vəsaitlərini mənimsəmə yolu ilə talayıblar.

Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Mənsur Əsgərov ifadəsində bildirib ki, pullar yük və sərnisin xətlərindən yığılıb və 2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb: “2020-ci ildə yeni təyinat aldiqdan sonra komitə sədri Səhhət Həbibbəyli məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3 000 manat paket alırdım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağında təhvil alırdı. Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim”.

Mənsur Əsgərov özünü qismən təqsirli bilib.

Təqsirləndirilən digər şəxs Rəfael Əliyev qeyd edib ki, 2011-ci ildən maliyyə şöbəsinin rəisi işləyib: “Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəislərinə verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. Verilən manat və dollarları mən eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədri Asəf Məmmədov və sonradan Səhhət Həbibbəyliyə verirdim. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqram Səhhət Həbibbəylinin təşəbbüsüdür”.

O qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlara vəsaitləri şişirdilmiş qiymətlərlə köçürüb və nağdlaşdırma yolu ilə həmin vəsaitləri mənimsəyiblər: “Maliyyə naziri işləyərkən 2300 manat maaş alırdım, 15 min manat isə paketim idi”.

Göründüyü kimi, sabiq məmurlar Naxçıvanda ən yuxarı səviyyədə korrupsiyanın olduğunu etiraf edir, hətta bu mexanizmdə iştirak edən adamların adlarını belə çəkirlər. O halda isə sual yaranır: ola bilərmi ki,  baş verən bütün bu özbaşınaləqlardan Ali Məclisin sədri kimi Vasif Talıbovun xəbəri olmasın?

Audit üzrə ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məhkəmədə verilən ifadələr korrupsiya hüquqpozmaları və ya qulluq mənafeyi əleyhinə törədilən cinayətlər barədə  faktları   təsdiqləyir: “Göründüyü kimi, bu cinayət əməlləri uzun müddət, ənənəvi  olaraq sistemli və mütəşəkkil formada həyata keçirilib. Bilirəm ki, sizin üçün Gömrük Komitəsinin fəaliyyətinin hüquqi təşkili məsələsi, uzun illər ərzində daxili və kənar maliyyə nəzarətindən kənarda qalması kimi məsələlər daha çox sual doğurur. Əlbəttə, burada bir neçə məsələ qaranlıqdır: uçota alınmış vəsaitlərin mənimsənilməsi və  uçota alınmamış qanunsuz yığılan vəsaitlər. Gömrük orqanı tərəfindən qanuni yığılan rüsumlar və qanunsuz toplanan vəsaitlərin uçotdan gizlədilməsi, büdcədən yayındırılması, fiziki və hüquqi şəxslərə, habelə MR büdcəsinə vurulan ziyanın həcmi barədə dəqiq məlumat əldə etmək çox çətindir. Bu bir neçə vəzifəli şəxsin  fəaliyyəti ilə bağlı iş deyil. Belə bir təsəvvür yaranır ki, MR qurumlarının maliyyə-təsərrüfat fəaliyyəti daxili və kənar nəzarət prosedurlarından kənarda qalıb. Hər il Dövlət büdcəsi təsdiq olunarkən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın həcmi 2022-ci ilə qədər yüksələn xətt üzrə müəyyən edilirdi. NMR-nın siyasi rəhbərliyinın fəaliyyətində yol verilən ciddi nöqsanlara görə istefasından sonra mənzərə dəyişdi. Belə ki, Azərbaycanın Dövlət büdcəsindən NMR-ın büdcəsinə verilən dotasıyaların (trensfertlərin yuxarı hədləri)  2022-ci ildə  457 580 000,0manat, 2023-cü ildə 452 791 000,0 manat, 2024-cü ildə 343 260 000,0 manat   nəzərdə tutulmuşdu.  Rəqəmlərdən də göründüyü kimi, 2022-ci ildən başlayaraq  dotasiyanın kəmiyyət ifadəsində azalan xətt üzrə dəyişikliklər baş verib. Əlbəttə, bu mənzərəni  işğaldan azad olunan ərazilərimizdə quruculuq və abadlıq işləri aparıldığına görə dövlət əsaslı investisiyaların yönəldilməsi ilə izah etmək olar. Lakin inflyasiyanın, əməkhaqlarının və pensiyaların  hər il artımını da nəzərə alsaq belə düşünməyə səbəb yaranmır. İllik inflyasiyanın səviyyəsini, sosial təminat və əməkhaqlarında artımı nəzərə alsaq, hesab edirəm ki, həmin xərclərin bugünə qədər büdcədən kənralaşdırılan vəsaitlər hesabına qarşılanması nəzərdə tutulub. Bu da hər il yüz milyonlarla ölçülən mənimsəmə faktlarının baş verməsindən xəbət verir.  Bİldiyimiz kimi, Ermənistan, İran və Türkiyə tərəfindən əhatələnən ərazimiz olan NMR-ə bütün məsələlərlə əlaqədar ölkə rəhbərliyi tərəfindən çox nəcib və güzəştli  yanaşma olub. Bundan  da MR-nın siyasi rəhbərliyi və onun ətrafında yaranmış klan  sui-stifadə edib. Ona görə də xüsusi olaraq MR-nın ayrı-ayrı nazirlik və qurumlarının maliyyə-təsərrüfat fəaliyyətinə büdcə nəzarəti çərçivəsində kənar tədbirlər yumşaq xarakter daşıyıb. Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanın Baş naziri Ali Məclisə göndərilən təqdimatı niyə geri götürüb?-3 nazir təsdiqlənmədi

Xəbər verdiyimiz kimi, mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası …