Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Edik, Kəramət və Murad Köhnəqala…

Edik, Kəramət və Murad Köhnəqala…

Kəramətlə bağlı prosesin mahiyyətini ən gözəl anlayan və mövzuya daha doğru münasibəti onun atası Qəşəm Nəcəfzadən gördüm. Ata oğluna xitabən bunları deyir:

“Nə deyim… Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim. Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun. Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev! Yolun açıq olsun!”

Bəli, indiki məqamda Kəramət üçün ən ideal yer məhz dörd divar ola bilər. Türmə haqqında təsəvvürləri olmayanlar bəlkə də Kəramətin hətta qısa müddətli həbsdə qalmasını faciə kimi qəbul edir. Ancaq əsla belə deyil.

Qanunvericiliyə görə, türmələr və orada çəkilən cəzalar islah üçün nəzərdə tutulur. Bunu formal yanaşma sayıram. Çünki Azərbaycan həbsxanalarında kifayət qədər residivistin (eyni cinayəti təkrar törədən) olması islah məsələsinin yalnız qanunvericilikdə öz əksini tapan, formalizmdən uzağa getməyən bir müddəa olduğunu təsdiqləyir.

Ancaq türmənin əksər hallarda xilaskar rolunu oynadığının şahidi olmuşam. Məsələn, 2000-ci ilin əvvəlində “Sənət” adlı bir qəzetdə İslam peyğəmbəri ən pis formada təhqir olunmuşdu. Azərbaycan cəmiyyətinin və xüsusilə də dindarların bu məsləyə çox aqresiv münasibəti vardı.

Həmin vaxt ən doğru qərar məqalənin müəllifi Rafiq Tağı və qəzetin baş redaktoru Samir Sədaqətoğlunun qısa müddətli həbsə göndərilməsi oldu. Bununla dindarların ictimai qəzəbi bir az söndü və jurnalistlərin həyatına olan təhlükə sovuşdu. Bilirəm bəziləri sual edəcək ki, bəs Rafiq Tağı sonra niyə öldürüldü? Bu, artıq başqa mövzunun söhbətidir.

Türmənin insanı necə xilas etdiyinə dair özümün şahidi olduğum başqa bir faktı diqqətinizə çatdırıram. Azərbaycanda çox imkanlı bir ailənin uşağını ətrafı iynəyə otuzdururdu.

Yəni narkoman etmişdi. Adı Eldar (Edik) olan bu oğlan ailənin tək övladıydı. Atası və anası çox nüfuzlu yerlərdə çalışırdılar. Hələ əmisi və dayılarını demirəm.

Edikin iki ali təhsili vardı. Biri akademiya olduğu üçün, ailəsi onun tez bir zamanda çiynində rütbə hansısa güc qurumlarında işə başlayacağını səbirsizliklə gözləyirdi. Dediyim ailə həm də çox imkanlıydı.

Edik deyirdi ki, əgər səhər o, maşına minib “polnıy bak” benzinlə şəhərə çıxsa evlərini və “obyektlərini” gəzib qurtara bilməz. Təcrübəsinə əsasən deyirdi ki, narkomaniyadan tibbi yollarla müalicə olunmaq qeyri – mümkündür.

Ailə Edikin müalicəsi üçün bütün mümkün vasitələrdən istifadə etmişdi. Zəncirlə evə bağlamaqdan tutmuş, Meksikada müalicəyə kimi. Xeyiri olmurdu, Edik günü-gündən qəbul etdiyi narkotikin dozasını qaldırırdı. Bir gün ailə eşidir ki, Edik dostları ilə birlikdə iştirak etdiyi məclisdə növbəti narkotiki qəbul edərkən “peredoz” olub.

Yəni doza artıq olduğundan ölüb, sonra təsadüf nəticəsində həyata qayıdıb. Məhz həmin hadisənin şoku onun atasını cavan yaşlarında dünyadan köçürür.

Həmin vaxt həkim ailəyə deyib ki, belə getsə oğlunuzu da tez bir zamanda itirəsiniz. Nəsil yığışır və belə qərara gəlir ki, Edik üçün ən ideal yer türmə ola bilər.

Bunu Ediki cəzalandırmaq yox, onu xilas etmək üçün seçirlər. Üstündə daima narkotik gəzdirdiyini bilən ailə üzvləri günlərin biri polisə zəng edib, gözlərinin ağı-qarası olan oğlanlarını öz əllərilə polisə təhfil verirlər. Edik gedir “sroka”.

Ancaq içəridə onun hər addımı nəzarətdə olur. Ailənin ürəyi dözmədiyi üçün, çalışırlar ki, övladları maksimum az cəza çəksin. Bir neçə aydan sonra Edik birinci “xodkası”nı başa vurub, azadlığa çıxır.

Ailə onun rənginin özünə gəldiyini, ağlının yerinə qayıtdığını görüb, sevinir. Doğrudan da həmin müddət ərzində Edik bir dəfə də olsun narkotik qəbul etməmişdi.

Ailə elə bilir ki, bununla da oğlanlarını sağlam həyata qaytara bildilər. Bir neçə gündən sonra köhnə dostları yenidən Ediki tapır və “soxa-sox” başlayır. Onlar üçün Ediki əldən buraxmaq məhvə getmək anlamını daşıyırdı.

Çünki varlı ailənin övladı narkoman dostlar üçün həm də daimi içi dolu olan “koşelyok” anlamını daşıyırdı. Vəziyyət o həddə çatır ki, tək qalan ana yenidən oğlunu “ sroka” göndərmək qərarına gəlir.

Birinci cəza ilə bağlı müddət ödənilmədiyi üçün, Edikin yenidən narkotik alüdəçiliyi residiv əməl kimi qiymətləndirilir və onu cəza çəkmək üçün göndərirlər ciddi rejimə.

Həmin “zon”dakıların böyük əksəriyyəti residiv olduğundan orada narkotik əldə etmək elə də çətin olmur. Hətta deyilənə görə həmin zamanlarda “zonların” bir çoxunda narkotik açıq bazardakı kimi satılırmış.

Edikin ziyalı anasının heç ağlına da gəlməzdi ki, güvəndikləri və oğlanlarının xilası üçün seçkikləri ən axırıncı yerdə belə narkotik onu tapa bilər. Bu dəfə də məcbur qalıb narkoman oğulu “srokdan” tez çıxarırlar.

Azdalıqda isə artıq onu narkomaniyadan yox, həyata qaytarmaq üçün müəllicə edirlər. Aşırı doza və narkotikin mütəmadi qəbulu Edikin daxili orqanlarına ciddi zədə vurubmuş.

Artıq kifayət qədər təcrübə yığan ana bu dəfə qərara gəlir ki, oğlanlara yenidən narkotik qəbul etsə, onu narkotikin iyi belə gəlməyən “zona” saldıracaq.

Etiraf edək ki, Penitensiar Xidmətdə narkotiklərə qarşı amansız mövqedə olan rəislər hər zaman olub. Ailə belə bir rəisin olduğunun sorağını alır. Edik köhnə vərdişindən əl çəkə bilmədiyi üçün, onu üçnücü dəfə həmin rəisin yanına “istirahətə” göndərirlər.

Bu dəfə nisbətən uzun müddət cəza çəkən Edik, narkotikə yaxın belə düşə bilmir. Artıq bu sahə üzrə mütəxəssisiə çevrilən rəis valideynə məsləhət görür ki, oğlanı “lomkadan” çıxaracaq, ancaq çölə çıxanda mütləq mühiti dəyişməlidir.

Deməli, bu xəstəlikdə müalicənin əsl reseptini həmin rəis hamıdan gözəl bilirmiş. Bu müddət ərzində Edik də bir az ağıllanır. Görürür ki, yaşıdları cəmiyyətdə ciddi mövqe tutublar, bu isə narkoman damğası ilə gəzir.

Yalnız özü kimi narkomanlardan başqa heç kim onu yaxınına buraxmır. Anası Ediki yaxşı bir ailənin qızı ilə evləndirir və şərt belə olur ki, gedib başqa ölkədə yaşasınlar. Gedirlər, Edik isə həmin yerdə özünə narkoman dostlar tapa bilmir deyə, bahalı spirtli içkilərlə vaxtını keçirir.

Həyat yoldaşı da ona darıxmağa imkan vermir. Spirtli içkini də qədərində qəbul etməsinə nəzarət edir. Bir il belə davam edəndən sonra, Edikdə narkotikə nifrət yaranır. Allah şahiddi ki, bütün bunlar olan hadisələrdi. İndi Edik öz ailə biznesini idarə edir. Ara-bir kampaniyalarda qədərində içir, vəssəlam. Olub əsl adam.

Bu uzun hadisəni təsadüfən xatırlatmadım. Deməli, bu qənaətə gəlirik ki, Ediki lomkadan narkotikin olmadığı “zon” çıxardısa, ona həmin vərdişi tərgidən fərqli mühit oldu. Sizi inandırıram ki, əgər o baş götürüb getdiyi ölkədə, yenidən hansısa narkoman dostuna rast gəlsəydi, hər şey yenidən başlayacaydı.

Kəramətin özü də bənzər xəstəlikdən əziyyət çəkib. Bir dəfə onun çox yaxşı görkəmdə olduğunu gördüm. Dedilər ki, yeni bir qızla ailə həyatı qurub, həmin qız buna içməyi tərgidib. Doğrudan da , həmin zaman kəsiyində Kəramət çox ağıllı və yaradıcılığında məhsuldar görünürdü.

Deməli, Kəramət üçün də alkoqolu tərgitməkdə yeni mühit rolunu 3-cü həyat yoldaşı oynayırdı. Sonra nə oldu? Görürük ki, Kəramətin son krtik durumunda yanında Murad Köhnəqala qərar tutub. Muradın şəxsinə hər hansı iradım yoxdur.

Amma bilirəm ki, o da bərk vurandı. Köhnəqala bilməmiş deyil ki, Kəramət onunla bir evdə qalnda , yadına yenə köhnə kayflı günlər düşəcək. Əminəm ki, son günlər ərzində satdığı kitabdan qazandığı pulları elə ikisi bir evdə içiblər. Kəraməti xilas etməyə çalışan o qız da bu mənzərəni görüb, evi tərk edib.

Bəlkə də Kəraməti daha aqresv edən daha bir xanımın onu atması oldu. Bax, belə bir məqamda Muradın ona “prisep” olması lazım deyildi. İndi atasının dediyi kimi, türmə Kəramət üçün ən gözəl vətəndir. Ən azı onun sağlamlığı və təhlükəsizliyi baxımından yalnız bir müddət orda qalması onu xilas edib, normal həyata qaytara bilər. Yox əgər, Kəramət tez bir zamanda azadlığa buraxılarsa, mütləq mənada mühitini dəyişmək barədə düşünməlidir…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …