Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Manşet / DYP-nin saxta sübut əsasında yazdığı 60 manat cərimə və 3 bal – Məşhur 104-cü otaq yenə öz işindədir…

DYP-nin saxta sübut əsasında yazdığı 60 manat cərimə və 3 bal – Məşhur 104-cü otaq yenə öz işindədir…

Tanınmış jurnalist Məhəmmədəli Qəribli DYP-nin qanunsuz hərəkəti ilə bağlı sosial şəbəkələrdə geniş yazı ilə çıxış edib. Jurnalistin yazısını olduğu kimi təqdim edirik: 

“Hüququn aliliyinin təmin olunması həm də vətəndaşa olan nümunəvi xidmətdən keçir. Çox təəssüflər olsun ki, artıq neçənci dəfədir ki, DYP-nin şəxsimə olan münasibətində bunu hiss etmirəm. Başqaları kimi bu məsələdə qərəz, hansısa sifariş motivləri axtarmaqdan uzağam. Amma rastlaşdığım faktlar bunu deməyə əsas verir ki, DYP-nin elektron protokol tərtib edib, inzibati cəza yazan şobəsinin işində ciddi nöqsanlar mövcuddur.


Bir neçə dəfə belə protokol almışam. Sübutlar məni qane etmədiyi üçün elektron qaydada şikayət etmişəm. Araşdırma aparılana kimi məlum olub ki, artıq cərimənin ödənişi icraya yönəldilib, məbləğin üstünə dəbbə pulu kimi əlavə vəsait gəlir. Cərimənin şişməməsi üçün məcbur olub, hətta razılaşmadığım cəriməni belə ödəmişəm. Bununla mübarizənin başqa alterantiv yolu, məhkəmədir ki, buna da çəkilən xərc və vaxt itkisi adamı həvəsdən salır.


Necə deyərlər: astarı, üzündən baha gəlib çıxır. İstərdim mövzunu uzatmadan bugünlərdə məhz analoji mövzuda rastlaşdığım bir faktdan bəhs edim. Bir neçə gün bundan əvvəl, səhər tezdən “AsanPay” vasitəsilə mənə elektron qaydada (EQ 3921841) inzibati cərimənin yazıldığı ilə bağlı mesaj gəldi. Bildirilirdi ki, güya həmin günün gecəsi mən Həsən Əliyev küçəsində “Kral” şadlıq evinin yanında işıqforun qırmızı işığında keçib, qayda pozuntusu etmişəm.
Buna görə mənə 60 manat pul, 3 bal cərimə yazılıb. İddia olunan qayda pozuntusunun üstündən cəmi bir neçə saat keçdiyindən hərəkət trayektoriyam dəqiq yadımdaydı. Tam əminiydim ki, iddia olunan vaxtda mən nəinki Həsən Əliyev küçəsində, heç onun həndəvərində belə olmamışam. Yenə elektron qaydada şikayət yazdım. Səhəri gün Bakı Şəhər Dövlət Yol Polsi idarəsindən Xəlil adlı bir əməkdaş mənə zəng vurub, şikayətimin nədən ibarət olduğu ilə maraqlandı.
Telefonda məsələnin mahiyyətini ona izah etdim. Təklif etdi ki, idarəyə təşrif buyurum və birilkdə bu məsələni görüntülərə baxaraq müzakirə edək. Getdim, məni adı mediada çox hallanan, məşhur 104-cu otaqda qəbul etdilər. Açdı kompüteri, göstərdi ki, gecə saatlarında mənə məxsus avtomobil həqiqətən qırmızı işıqda keçir. Bu da harınlıqdan edilən qayda pozuntusu ola bilməzdi. Sarı ilə qırmızı işığın arasındakı ani dəyişmə zamanına təsadüf edirdi.


İstənilən halda, faktla razılaşdım. Ancaq birmənalı şəkildə bildirdim ki, bu hadisə elektron protokolda qeyd olunan tarixdə ola bilməz. İnspektor dedi ki, bəlkə maşınımı başqa adam sürüb, xəbərim olmayıb. Birmənalı şəkildə bildirdim ki, maşınımı özümdən başqa kimsə sürmür. Zarafata salıb, mənə nə desə yaxşıdır: “Müəllim, maşın sizin, fakt ortada, nə dəxli var, dünən keçibsiniz və ya başqa vaxt”. Hörmətli polis zabitinə izah etməyə çalışdım ki, dəxli çoxdur.
Sadə məntiqi ona izah etdim ki, indi mən gedib desəm filankəsi mən öldürmüşəm, hüquq- mühafizə və məhkəmə orqanları heç nəyi araşdırmadan , orataya sübut, dəlil qoymadan , mənə qatil kimi iş kəsəcəklər? Axı edilən istənilən cinayət və inzibati xəta şəxsə sübut olunmalıdır. Bununla bağlı əsası olmayan, saxta sübutlar təqdim olunursa, bu, prosesual qanun pozuntusu sayılır. Başqa bir misal çəkim. Məşhur qanqster Hacı Məmmədov məhkəmədəki iafdəsində demişdi ki, güya jurnalist Elmar Hüseynovu o öldürüb. Bunu səmimi etiraf edirdi, sonu nə oldu?


Məhkəmə belə qənaətə gəldi ki, rəhmətlik boşboğazlıq edirmiş. Bütün bunlar bir daha təsdiqləyir ki, istənilən cəzanın tətbiqi ilə bağlı orataya qoyulan subutlar möhtəbər olmalıdır. Mən isə hesab edirəm ki, DYP-nin mənə tətbiq etdiyi qayda pozuntusu ilə bağlı sübutları saxtadır və əsaslı sayılla bilməz. Tamailə başqa vaxt olunan bir qayda pozuntusunu, ürəkləri istəyən vaxta sənədləşdirilməsinə bundan başqa ad vermək olmaz.


Yənə dəbbə pulu gəlməməsi üçün və nə vaxtsa qırmızı işqda keçdiyim təsbit olunduğundan, mən həmin cəriməni ödədim. Həmin çekin fotosunu da paylaşıram. Cərimə məbləğinin 54 manat göstərilməsi sizi çaşdırmasın, tez ödəniləndə məbləğdə bir qədər güzəşt olunur. Orada mənə bildirdilər ki, məlum şöbəyə əslən Şərurdan olan, tanınmış adamlardan biri sayılan – Mamoş Şirəliyevin oğlu rəhbərlik edir. Bunu da sənədimdə Şərur doğumlu olduğumu gördükləri üçün yumşaldılma variantı kimi nəzərimə çatdırdılar.


Dedim, rəisinizin özünü tanımıram, amma həmin nəslin nümayəndələri barədə pis nəsə eşitməmişəm. Ümidvaram ki, şikayətimi obyektiv araşdıb, mənə cavab verəcək. Cavab gəlmədi. Belə çıxır ki, elə 104-cü otaq elə Nüşirəvan Səfərovdan qalma köhnə qaydalarla çalışır. Həmin heyət işdən azad olunanda kameralarla hansı oyunlardan çıxdıqları barədə mediada əsaslı məlumatlar tirajlanıb. Mən, Daxili İşlər Nazirliyi və DYP rəhbərliyindən xahiş edirəm ki, saxta sübut və dəlil əsasında cərimə olunmağıma dair məsələ obyektiv araşdırılsın və fakta düzgün hüquqi qiymət verilsin”.

Azinforum.az

Həmçinin oxuyun

“SOCAR – Azərbaycan iqtisadiyyatının “qara dəliyi” və ya “bavul tüccarı” Anar neft maqnatına necə çevrildi?”

“Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər …