Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Manşet / “Deti Primakova” və ya “Primakovun yetirmələri” deyilən 12 nəfər azərbaycanlı kim olub?

“Deti Primakova” və ya “Primakovun yetirmələri” deyilən 12 nəfər azərbaycanlı kim olub?

Məlum sərgi məsələsiylə bağlı yanlış məlumatlarla dolu təbliğat qurulub. Niyə təbliğat deyirəm, çünki bənzəri ittihamları ən az 10 nəfərin yazdığını təsbit etdim. Bütün bu yazılanlarda çox ciddi iki yanlış diqqətimi çəkdi:


1) Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Heydər Əliyevin bacısı qızıdır (bibisi qızı deyənlər də var);
2) 20 Yanvar faciəsini törədənlərin siyahısından Primakovun adını Heydər Əliyev çıxarıbmış…


Sadəcə təbəssüm edib keçə də bilərdim. Ancaq nə edim, bu da mənim şakərimdi ki, mahiyyətini dəqiq bildiyim, ancaq yanlış qələmə verildiyini gördüyüm ciddi məsələlər barədə susmağı qəti bacarmıram.
İlk əvvəl onu deyim ki, Əliyev soyadı daşıyanların heç də hamısı Heydər Əliyevin bacısının qızı, qardaşının oğlu, bibisinin qızı və ya əmisinin oğlu deyil. Nurlana Əliyeva da həmçinin. O, gəncəli, Heydər Əliyev isə naxçıvanlıdı, heç bir qan bağları da yoxdu. Mənim bildiyim qədərilə Nurlana iqtidarın yüksək eşelonundan yalnız Hadı Rəcəbli ilə qohumdu – qudadırlar.


İndi gələk Primakov məsələsinə…
Məgər Heydər Əliyevə qədər 20 Yanvar hadisələriylə bağlı hər hansı bir qərar qəbul olunmuş, siyasi cinayətkarların siyahısı tutulmuşdu ki, o siyahıdan da Primakovun adı çıxarıldı? Xeyr, belə bir şey olmayıb: həm Mütəllibov hakimiyyəti, həm də AXC iqtidarı (İsa Qəmbərin rəhbərlik etdiyi Milli Şura 1992-ci ildə iki il öncə yaradılmış deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab etməklə kifayətləndi. Bu rəy isə statistikadan irəli gedə bilməmişdi) hadisəylə bağlı hüquqi-siyasi qiymət verə bilmədi, buna cəsarət etmədi.


20 Yanvar hadisəsinə ilk dəfə siyasi qiymət verilməsi Heydər Əliyevin təşəbbüsüylə gerçəkləşib. Digərləri kimi, Yevgeni Primakovun adının günahkarlar, faiciənin baiskarları siyahısında göstərilməsi də məhz onun təklifiylə olub. Hazırkı iqtidara müxalif ola bilərik, ancaq bu danılmaz həqiqətləri etiraf etmək cəsarətini də göstərə bilməliyik.
Hələ Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri ikən 20 Yanvar hadisələrinə ilk dəfə MR parlamentində siyasi qiymət verildi. Bu, Heydər Əliyevin təşəbbüsü ilə oldu. Qəbul olunan qərarın mətni şəxsən mən və daha 4 nəfər millət vəkilinin iştirakıyla hazırlanıb. O qərarda Primakovun adı və qərarın altında da Heydər Əliyevin imzası var.
Sonradan Heydər Əliyev Bakıya – mərkəzi hakimiyyətə gələndə Azərbaycan Milli Şurası tərəfindən də hadisəyə hüquqi-siyasi qiymət verildi və günahkarların adı qərarda açıqlandı. Bax, artıq bu yeni qərarda Primakovun adı günahkarların siyahısından çıxarılmışdı. Bəsit düşüncə sahibləri və xəbis siyasətçilər Heydər Əliyevi məhz bu fakta görə ittiham edirlər. Halbuki bir az dərin düşünə bilsək məsələnin əsil mahiyyətini anlamaq o qədər də çətin deyil.


Bəhs edilən dövrdə Yevgeni Primakov Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini tuturdu və faktiki olaraq real hakimiyyət onun nəzarəti altında idi. Rusiya Federasiyası Azərbaycanda “Sadval” və “Talış” (Ələkram Hümbətovun timsalında) kartlarını açıq şəkildə ortaya qoymuşdu. Surət Hüseynov və OMON kimi güclü silahlı birləşmələr də fəaliyyətlərini davam etdirirdilər və hər iki qruplaşma Rusiya Hərbi-Sənaye Kompleksi generallarının kuklası rolundaydı. Yəni, istənilən bir yanlış addım Azərbaycanı qan gölünə çevirərdi. Heydər Əliyevin siyasi manevr qabiliyyəti onu və iqtidarını xilas etdiyi kimi, bütövlükdə Azərbaycanı da daha böyük fəlakətlərdən qurtardı. Primakovun adının əvvəlki (Naxçıvan Parlamentinin qəbul etdiyi) siyahıdan çıxarılması jesti onun “Sadval”, “Ələkrəm”, “Omon” və “Surət” kartlarının bir daha istifadə olunmayacaq şəkildə zərərsizləşdirilməsinə loyal qalmasını təmin etdi.


Mənim son olaraq hər kəsə ciddi bir sualım var: İsa Qəmbərdən soruşun görək, nə üçün o, Milli Şuraya rəhbərlik etdiyi vaxt 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmədi, Primakov və digərləri günahlandırılmadı? Ümumiyyətlə, “Deti Primakova” və ya “Primakovun yetirmələri” deyilən 12 nəfər azərbaycanlı kim olub, İsa Qəmbərin bu haqda məlumatı varmı?


P.S. İndi Primakova Bakıda sərgi açılmasını heç mən də anlamış deyiləm. Əgər bu, Nurlananın Yevgeniyə şəxsi sevgisindən rişə alırsa, iqtidar dərhal məsələyə müdaxilə etməli və daşları yerinə qoymalıdı.

Fərəməz Novruzoğlu,

Milli Azadlıq Hərəkatının liderlərindən bir

Həmçinin oxuyun

Hikmət Hacıyev: Ermənistan Bərdəni kasset mərmiləri ilə atəşə tutub

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə …