Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Manşet / Cinayətkarlıqla mübarizəyə hüquqi baxış – Şəmsəddin Əliyev

Cinayətkarlıqla mübarizəyə hüquqi baxış – Şəmsəddin Əliyev


Yolunu azmış insanı islah etmək mümkün deyil. O, zahiri görünüşünü dəyişə bilər, lakin mənəviyyatı və əxlaqı dəyişməz. 
Ezop – qədim yunan şairi, təmsil janrının banisi (Ezop dili onun adı ilə bağlıdır.)

“Cinayətkarlıqla mübarizə” termini bütün dövlətlərin rəsmi sənədlərində, elmi işlərdə geniş işlədilir. Bu istiqamətdə BMT də  müvafiq konqreslər keçirir, cinayətkarlıqla və hüquqpozmalara qarşı mübarizədə tövsiyyələrini verirlər. Qeyd olunan terminin nəzəri təhlili cinayətkarlığı doğuran səbəb və şəraitin  öyrənilməsinə, onun ictimai təhlükəlilik dərəcəsinin aşağı salınmasına nail olmaqdan ibarətdir.

Müxtəlif dövrlərdə bu sistemə səthi və sadəlöhv yanaşanlar olmuş, maksimalistlər (latın sözüdür-daha çox, zərurətdən artıq siyasi istiqamət, siyasi qrupların proqramı, 1904-cü ildə siyasi terrorla çar hakimiyyətinə qarşı mübarizə aparan qrup) cinayətkarlığı ləğv etmək, kökünü kəsmək xülyasına qapılırdılar. Belə yanaşma “kriminoloji romantika”dan başqa bir şey deyildi. İndi artıq belə bir fikrin – “təlimin” tərəfdarları yoxdur. Cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən siyasətin əsas məqsədi sözün geniş mənasında cinayətkarlığı doğuran səbəb və şəraiti lokallaşdırmaq, onun inkişafını zəiflətmək, habelə cinayətlərin subyektlərinə “dur” deyəcək təsir vasitələrindən istifadə etmək,təkrar və residiv cinayətlərin baş verməsinə imkan verməməkdən ibarətdir. Bura hüquq-mühafizə fəaliyyəti – baş verən cinayətlərin açılması və baş verəcək cinayətlərin qarşısını almaq, təqsirkarları aşkar etmək və ictimai təhlükəli əməlin dərəcəsinə uyğun cəza təhdidi altında missiyanın fasiləsiz davamı daxildir.

Statistikaya diqqət edək: 2018-ci il ərzində ölkənin hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işinin istintaqı aparılmış, onların 80%-nin DİO tərəfindən həyata keçirilmiş,cinayətlər nəticəsində dəymiş ziyanın ödənilməsi vəziyyəti yaxşılaşmışdır.

Ötən il ərzində 144 insan alveri cinayəti müəyyən edilmiş, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə gücləndirilmişdir. 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilmişdir. Polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərən 5 nəfər məhv  edilmişdir.

Narkomaniya üzrə 45 cinayətkar qrup zərərsizləşdirilmiş, 138 tona yaxın narkotik tərkibli yaşıl kütlə məhv edilmişdir.

Polis əməkdaşlarının  qanunsuz hərəkətləri barədə vətəndaşlardan daxil olan şikayətlər azalma ilə müşahidə edilmişdir.

DİO-nun struktur qurumları tərəfindən müxtəlif inzibati xətalara  görə 3.442.148 protokol tərtib edilmiş, yol hərəkəti qaydaları əleyhinə  olan hüquqpozmalar ötən il ərzində artaraq 3.409.698  inzibati xəta qeydə alınmışdır.

Bilavasitə Respublika DİO-da 26.381 cinayət qeydə alınmışdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə baş vermiş cinayətlərin 84,7%-i açılmışdır. Qeydə alınan 26.381 cinayətlərin 92,4% DİN və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılmış onların 89,7%-ni az ağır növlər təşkil etmişdir. Ağır və xüsusilə ağır cinayətlərin növü 24,3%, mülkiyyət əleyhinə olan cinayətlər 7,7%, o cümlədən quldurluqlar 4,8%, dələduzluq faktları 28, qrup halında olan cinayətlər 2,2%, ailə münaqişəsi zəminində baş verən cinayətlər 4,5%, qəsdən adam öldürməyə cəhdlər 3,1% azalmışdır. Cinayətlərin açılması 85,5% təşkil etməklə bütün sahələrdə mübarizənin vəziyyəti yaxşılaşmışdır.

Qeyd etdiyim və xoş ovqat bəxş edən  statistik təhlil dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında hüquq mühafizə orqanlarının birgə iştirakının, koordinasiyanın  ciddi təzahürüdür.

Dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinə dəstək verən ictimai birliklərin, media mühitində çalışan informasiya mənsublarının və siyasi partiyaların da bu sahədə payı var.

Bu mənada dövlət daxili funksiyasının mühüm sahəsi olan cinayətkarlıqla mübarizə vasitələrinin öyrənilməsini və tətbiqini özünün məqsədi kimi qəbul edir və onun realizə olunmasını vacib sayır. İctimai münasibətlərə zidd davranışlara qarşı mübarizə siyasəti özündə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ərsəyə gətirdiyi cinayətkarlıqla  mübarizənin  strategiya və taktikasını məharətlə həyata keçirməsi ilə şərtlənir. Qeyd etdiyim kimi vətəndaşların hüquq və azadlıqlarına, dövlətin iqtisadi əsasına, konstitution quruluşuna, sülh və bəşəriyyət əleyhinə olan, habelə ətraf mühitə qarşı qəsdlərin qarşısının alınmasında siyasi partiyaların, ictimai təşkilatların, KİV-in  də rolu danılmazdır. Lakin iqtisadi, sosial-mədəni və hüquqi sahədə mövcud dəyişikliklər, islahatlar bəzən cinayət qanunvericiliyində də müəyyən dəyişikliklərin edilməsinə zərurət yaradır. Belə hallar təbii ki, mübarizənin taktika və strategiyasını da dəyişir.

Yəni, davranışlarına nəzarət edə bilməyənlərə qarşı mübarizənin forma və metodlarına da yenidən baxmaq lazım gəlir. İl ərzində cinayət qanunvericiliyinə dəyişikliklərin  edilməsi mübarizədə çətinlik yaradır. Mən, belə düşünürəm.

Dövlətin cinayətkarlıqla mübarizə siyasəti təkcə normaların məzmusunu müəyyən etmir, cinayətkarlıqla mübarizənin əsas istiqamətlərini, cinayət hüquq institutlarını, hüquq mühafizə orqanlarının praktik fəaliyyətini və ictimai qaydanın mühafizəsi üzrə formalaşmış fəaliyyətini, hüquqpozmaların xəbərdarlığını, profilaktikasın, metod və formalarını müəyyən edir. Müasir Azərbaycan Respublikasının cinayət siyasəti ölkənin konstitusiyasında, cinayət qanunvericiliyinin imperativləşən vəzifələrində, bu sahədəki qanunvericilik aktlarında, Ali Məhkəmənin Pleniumlarının, DİN, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun kollegiya qərarlarında  ehtiva edilmişdir.

Cinayət hüququ ölkənin konstitusion quruluşunu möhkəmləndirmək və onu cinayətkar qəsdlərdən qorumaqda borcludur. Azərbaycan demokratik və hüquqi dövlət kimi hər bir vətəndaşının şəxsi təhlükəsizliyini təmin etməli və onun ləyaqətini müdafiə etməlidir.

Bu gün, terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, habelə korrupsiya ilə mübarizə bütün dünyada problemli və beynəlxalq ictimaiyyəti narahat edən mühüm məsələdir.

Azərbaycanın işğal olunmuş ərazilərində dövlət nəzarətinin olmaması qeyd etdiyim cinayətlərin növləri üçün münbit şərait yaradır. Qürur hissi ilə demək olar ki, Azərbaycan dövlətinin cinayət hüquq siyasəti cəmiyyətə və hakimiyyətin budaqları üçün əngələ çevriləcək mütəşəkkil cinayətkarlıqdan mühafizə edə bilir, qətiyyətli hüquqi islahatlar, həyata keçirilən prosesual addımlar beynəlxalq aləmdə dövlətimizi ön sıraya çəkib.

Toxunduğum mütəşəkkil cinayətkarlığın təhlükəli növləri ilə mübarizə sərtdir, prinsipal mövqe sərgilənir. “Dünənki xidmətinə görə çox sağ ol, bu gün isə göstərilən etimada, etibar edilən vəzifəyə xəyanətinə, ələ alındığına və pula satıldığına, şəxsi maraqlarını ictimai və dövlət marağından üstün tutduğuna görə cinayət hüquq qanunvericiliyi qarşısında cavab ver!”  prinsiplərinə ictimai rəy yüksəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqları fəslində hər bir vətəndaşın toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları əks olunub. Hüquq və azadlıqlardan  fasiləsiz istifadə üçün geniş imkanlar var. Lakin bu hüquq və azadlıqlardan bəhrələnən zaman digərinin hüquq və azadlıqlarına xələl gəlməməlidir. Bu anlamı dərk etmək çətin deyil. Fərdi davranışlar əxlaq və mədəniyyətə, ədəbə və sağlam  şüura söykənərsə, konstitusiyaya uyğun atılarsa ictimai münasibətlərə də ziyan dəyməz.

Digər hal vətəndaşların konstitusiyada ehtiva edilən vəzifələrinə sədaqət nümayiş etməsindən ibarətdir. Vəzifələrin icrası zamanı səlahiyyət həddi pozulmazsa, cinayət hüquq məsuliyyəti üçün də əsas olmaz. Bu baxımdan ölkə konstitusiyası hüquq və azadlıqları, vətəndaşların vəzifələrini bəyan etməklə,  cəmiyyəti dövlət qarşısında borcu ləyaqətlə yerinə yetirilməsi ruhunda tərbiyə edir. Bu, əcnəbi vətəndaşlarına da şamil edilir.

Cinayət hüquq siyasəti, əslində elə dövlətin cinayətkarlıqla mübarizə siyasəti ilə üst-üstə düşür. Cinayət (hüquq) siyasəti liberal ola bilməz. O, vətəndaşların siyasi, əmək və sair hüquqlarına olan hər cürə qəsdə qarşı barışmaz, qəti və kompromissiz olmalıdır.

Etiraf edək ki, rahatlıq gözəldir, gözlənilən təhlükələr təəssüf doğurur, ictimai münasibətlərə zidd hər cürə davranışlar isə iyrənc şeytani nəfsimizdən irəli gəlir.Özümüzü və hamımızı bu iyrənc hallardan qorumaq arzusu ilə…

Həmçinin oxuyun

İSBAM Türkiyədə Müstəqillik gününü qeyd etdı – Fotolar

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyənin Kocaeli …